Müluzlular Azərbaycanı kəşf edir

 

Azərbaycanı tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsinə əsasən Fransanın Alzas regionunun Müluz şəhərində keçirilən Azərbaycan günləri böyük əks-səda doğurmuşdur. Keçirilən tədbirlər "Alzasın son xəbərləri", "Alzas" və digər yerli mətbu orqanlarda geniş işıqlandırılmışdır.

Alzas bölgəsində gündəlik nəşr olunan "Alzasın son xəbərləri" qəzetində dərc olunan "Müluzlular Azərbaycanı kəşf edir" sərlövhəli məqalədə qədim tarixə, zəngin mədəniyyətə, geniş turizm imkanlarına malik olan Azərbaycan ilə ilk tanışlığa Müluz şəhərindən başlanması diqqətə çatdırılmışdır. Şəhərdə Azərbaycan mədəni dəyərlərindən ibarət sərginin açılmasından, incəsənət ustalarımızın konserti sayəsində müluzluların ölkəmizi kəşf etmələrindən, respublikamız barədə ətraflı məlumat əldə etmələrindən söhbət açılmışdır.

Qəzetin "Azərbaycan mənim məhəbbətim" sərlövhəli məqaləsində Müluzda təşkil olunan sərgidə Azərbaycanın müxtəlif adda şərablarından, musiqi alətlərindən, xalçalarından, misgərlik və dulusçuluq sənəti nümunələrindən ibarət guşənin şəhər sakinləri arasında böyük maraq doğurduğu xüsusi vurğulanmışdır.

Məqalədə beynəlxalq sərginin təşkil edildiyi "Park-ekspo" sərgi salonunun prezidenti Filipp Metronun Azərbaycan şərabları ilə bağlı səsləndirdiyi fikirlərinə yer verilmişdir. O, şərabçılıq sahəsində Azərbaycanın da Alzas kimi uzun yol keçdiyini, ölkəmizdə istehsal olunan şərabların keyfiyyətinə görə diqqəti cəlb etdiyini bildirmişdir.

 Məqalədə, eyni zamanda, Alzas regionunun və ətraf qəsəbələrin prezidenti senator Jan-Mari Bokelin Müluzun Sin teatrının binasında təşkil olunan konsertin fransızlarda böyük maraq doğurduğuna, Azərbaycanın təbii sərvətlərlə zəngin bir ölkə olduğuna dair söylədiyi fikirlərdən də bəhs olunmuşdur. Senator Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğulamış, daha çox fransız müəssisələrinin ölkəmizlə əməkdaşlıq qurmaqda maraqlı olacağına ümid etdiyini bildirmişdir.

"Alzas" qəzetində dərc olunmuş məqalədə Müluzda təşkil edilmiş sərgidə Azərbaycan şərablarının böyük maraq doğurduğu, ölkəmizdə də şərab festivalının keçirildiyi diqqətə çatdırılmışdır.

"Alzasın son xəbərləri" qəzetinin başqa bir nömrəsində dərc olunmuş "Müluzlular Azərbaycanı kəşf edir" adlı məqalədə Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyəti ilə müluzluların ilk dəfə tanış olmalarından bəhs edilmişdir. Müluz şəhərinin sakinlərinin Şərq ilə Qərbin qovuşuğunda yerləşən, Cənubi Qafqazın əsas söz sahibi olan və on milyona yaxın əhalinin yaşadığı Azərbaycan kimi  sürətlə inkişaf edən, gözəl təbiətə malik bir ölkə ilə tanışlıqda bəxtlərinin gətirdiyi qeyd edilmişdir.

Məqalədə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsinin Fransada keçirilməsi ilə iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının bayram edildiyi diqqətə çatdırılmışdır.

 Azərbaycan günlərinin Müluzda keçirilməsinin heç də təsadüfü olmadığı bildirilən yazıda Alzas və ətraf qəsəbələrin prezidenti senator Jan-Mari Bokelin və onun beş senator həmkarının Azərbaycan-Fransa diplomatik əlaqələrini daha da inkişaf etdirmək üçün keçən il Bakıya səfər etdiyi xatırlanmışdır. Məqalədə, həmçinin senatorun "Azərbaycan sürətli inkişaf yolundadır. İnkişaf isə özlüyündə demokratiyadan xəbər verir. Azərbaycanda yalnız folklor deyil, bütün mədəni sahələrdə yüksək inkişaf tempi mövcuddur" fikirləri xüsusi vurğulanmışdır.

Müluzda açılan beynəlxalq sərgidə Azərbaycan guşəsi ilə tanış olan Fransa turizm şirkətinin rəsmisi Jan-Pyer Valterin ölkəmiz barədə söylədikləri fikirlər də məqalədə yer almışdır. J.P.Valter  demişdir: "Avropa ilə Asiya arasında qapı rolunu oynayan Azərbaycan mədəniyyətini mütləq kəşf etmək lazımdır. Çünki qədim tarixə malik bu ölkə zəngin mədəniyyətə və geniş turizm imkanlarına malikdir. Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irisinin şedevr əsərlər siyahısına daxil olunmuşdur.

Məqalədə Azərbaycan və fransız xalqlarının bir-birilərini yaxından tanımalarında belə tədbirlərin müntəzəm olaraq keçirilməsinin xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2013.- 7 fevral.- S.7.