Kimin dəyirmanına su tökür Əkrəm Əylisli?

 

Xalqın mənəvi inkişafının yüksəldiyi bir zamanda, milli birlik yarananda bu yüksəkliyə mane olmaq istəyənlər, yəni "sapı özümüzdən olan baltalar" meydana çıxır. Dəyər verdiyimiz, dövlətin ən ali mükafatlarını alan yazıçı Əkrəm Əylislinin "Drujba narodov" jurnalında dərc olunan "Daş yuxular" əsəri bu günlərdə Azərbaycanda ciddi qınaqlarla üzləşmişdi.

Əvvəl bu əsər haqqında eşidəndə inanmaq istəmədim. İnternetdə romandan verilmiş parçaları oxuyanda isə hiddətləndim, əlim üzümdə qaldı. Bu insanın xarakterinə bələd olanlar isə heç təəccüblənmədilər! Çünki bilirlər ki, Əkrəm Əylisli ermənilərə xüsusi rəğbət bəsləyir. Xalq yazıçısının belə bir roman yazdığını qəbul etmək istəmədim. Əkrəm Əylisli, sizin bu əsəriniz nə obyektivliyə, nə gerçəkliyə, nə də idealist zövqə uyğun gəlir! Hələ sovetlər dönəmində elə "Drujba narodov" jurnalında dərc etdirdiyi əsərlər dəfələrlə ictimaiyyət tərəfindən böyük fikir ayrılıqlarına, narazılıqlara səbəb olub. Ədəbi mühit bu faktları çox gözəl xatırlayır. Sonra yazıçı bağışlanıb. Ona xalq yazıçısı adı verilib, Azərbaycanın ən yüksək mükafatlarını alıb. Amma yenə də öz xislətindən çəkinməyərək növbəti bir səhvə yol verib. Xalq yazıçısı adını daşıyan ziyalı erməni xalqını böyütməkdən ötrü öz xalqını bu qədər aşağılamalı deyildi! Belə əsərlərlə bəşərilik qazanmaq qeyri-mümkündür! Heç vaxt dövlətinin, millətinin qədrini bilməyən, böyüklüyünü uca tutmayan, özgələrinə üstünlük verən yazıçı ümumbəşəri ola bilməz. Əkrəm Əylislinin "Daş yuxular"da yazdıqları  ermənilərin saxtalaşdırdıqları tarixi faktlara əsaslanıb. Əsərdən misal gətirilən parçalardan hiss olunur ki, burada açıq-aşkar qərəz var, ciddi təhriflərə yol verilib, Azərbaycanın maraqlarına zidd məqamlar öz əksini tapıb. Bu əməlinin adını da qoyub yazıçı azadlığı! O azadlıq ki haqqı, ədaləti tapdayır!

İnternetdə Əkrəm Əylislinin "Azadlıq" radiosunun "Pen klub" proqramına verdiyi müsahibəsini oxudum. Əsərini nəyin bahasına olursa-olsun, müdafiəyə qalxmış yazıçı aparıcının suallarına çox səthi, inandırıcı olmayan cavablar verib. O, özünü sadəlöhv göstərərək "mən ermənilərə mesaj verdim ki, siz elə bilməyin biz elədiyimiz pislikləri unutmuşuq" - söyləyir. "Pislik etmişik, sizetmisiniz. Həmin pislikləri qoy sizin yazıçılar yazsın, qoy Xocalıda olanları desinlər". Bu, gülüncözü-özünü ifşaedici bir cavab idi. Doğru yanaşma deyil. Erməni elədiklərini nə vaxt düz yazıb ki?.. Sonra "Tarixi əsər yazmamışam" - deyən müəllif bir kənddə erməninin öldürüldüyü ili də xatırlayır, amma o zaman ətraf qəzalarda olan qətliamları, azərbaycanlıların öldürülməsini, bunu doğuran səbəbləri yada salmır.

Əkrəm Əylisli müsahibəsində deyir ki, "Daş yuxular" zalımlığa qarşı dinini dəyişməyə hazır olan, o qəddarlığa üsyan edən bir ürəyin, azərbaycanlı artistin fəryadıdır. Belə bir fikri erməni yazıçısı öz əsəri haqqında deyərdimi? Heç vaxt, amma Əkrəm Əylisli deyir. Bu isə yazıçının xislətini bir daha azərbaycanlı oxucusuna açıq göstərir!

Bir neçə il əvvəl universitetdə sizinlə tələbələrin görüşü yadıma düşdü. Bu gün fakültənin tələbələri qəzəb və həyəcan içindədir. Kaş siz onların gözlərinə baxaydınız, onların ürək sözlərini eşidəydiniz. Bəlkə də onları eşitsəydiniz, heç sizə təsir etməzdi, çünki bu xalqın mərhəmətini yaxşı bilirsiniz. Vaxtilə kitablarınızın yandırıldığı günləri yadınıza salın. Düşünəcəksiniz, illər keçər, hər şey unudular. Amma "bu həna o hənadan deyil".

Sizin "Daş yuxular"dan oxuduğum parçalar millətimizin haqsız tökülən qanlarına, Xocalı soyqırımına, Qarabağ döyüşlərində həlak olanların ruhlarına xəyanətdən başqa bir şey deyil! Məgər soydaşlarımızın ata-baba yurdlarından deportasiya olduğu zaman yuxuda olubsunuz? O hadisələri qələmə ala bilməzdinizmi, Əkrəm Əylisli?

Bu əsəri Azərbaycan dilində çap etdirmək haqqında suala belə cavab verirsiniz ki, əsəri Azərbaycan dilində çap etdirməyim özümün-özümə yenidən dərin bir quyu qazmağımdır.

Siz millətə, xalqa quyu qazırsınız! Ermənilər və onların havadarlarından mükafatınızı gözləyirsiniz! Orxan Pamuk olmaq istəyirsiniz, yəqin.

Qələminizi xocalılı qadın və qızlarının başlarına gətirilən oyunların təsvirinə yönəltsəniz, daha haqlı olmazdımı?

Bu yazıdan sonra faciələr yaşayan insanların gözlərinə bir yazıçı kimi necə baxacaqsınız?

Ermənilər dünyada haqlı olduqlarını sübut etdirməyə çalışırlar. "Erməni soyqırımı" - deyə bağırırlar. Yəqin ki, sənin onları necə sevdiyindən xəbərləri var, Əkrəm Əylisli! Heç narahat olmayın. Sizin şərəfinizə çox güman ki, Ermənistanda heykəl də qoyula bilər.

Bütün ölkələrdə millət öz yazıçıları ilə tanınır. L.Tolstoy XIX əsrdə yaşasa da, XXI əsrdə də rus xalqının bədii simasıdır. Fəqət, siz şeytan toruna düşərək Azərbaycan xalqının siması ola bilmədiniz. Halbuki özünüzü L.Tolstoyla müqayisə edirsiniz. Qalxdığınız zirvədən aşağı yuvarlandınız! Kimin sifarişini yerinə yetirdiyinizi bilmirəm, bilmək də istəmirəm. Ancaq bu əməliniz sizi xalq lənətindən qoruya bilməyəcək!

Özünüzə bəraət qazandıra bilməzsiniz. Konstitusiya hüquqlarından danışırsınız. Lakin yazılmamış mənəvi qanunları nəzərə almırsınız.

Əkrəm Əylisli, Azərbaycan xalqı, Azərbaycan dövləti sizi xalq yazıçısı səviyyəsinə yüksəltdi, sizə orden verdi. Bəs sizetdiniz?

Sonda deyə bilərəm ki, yazıçının istedadı sönəndə, zövqləri oxşaya bilməyəndə milli dəyərlərə, milli heysiyyata toxunmaqla özünü realizə etmək istəyir. Əkrəm Əylisli, bugünə qədər qazandığınız məhəbbəti və bu günlərdəki xalq nifrətini tərəziyə qoyub düşünün!!! Əlbəttə, artıq çox gecdi...

 

 

Məhərrəm VƏLİYEV,

Bakı Dövlət Universitetinin

filologiya fakültəsinin dekanı,

 filologiya üzrə fəlsəfə doktoru,

dosent

 

Azərbaycan.-2013.- 7 fevral.- S.9.