Ömür kitabının səhifələri

 

O, hələ orta məktəbdə oxuduğu illərdə öz çalışqanlığı və zəhmətsevərliyi ilə yoldaşlarından fərqlənir, tarix elmlərinə xüsusi maraq göstərirdi. Ali məktəbə daxil olmaq, biliklərə dərindən yiyələnmək, elmipedaqoji fəaliyyətlə məşğul olmaq arzusunda idi. Bu cür gözəl arzularla yaşayan, öz fədakar əməyi və möhkəm iradəsilə məqsədinə nail olan Əlipaşa Hacıvəli oğlu Əliyev indi Azərbaycan Texniki Universitetinin professoru, fəlsəfə elmləri doktoru, zəngin təcrübəli pedaqoqdur.

Əlipaşa Əliyev 1933-cü ildə anadan olmuşdur. Qazaxdakı 1 nömrəli şəhər orta məktəbini əla qiymətlərlə bitirərək, Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş və 1955- ci ildə oranı müvəffəqiyyətlə başa vurmuşdur. Universiteti qurtarandan sonra Daşkəsən rayonuna göndərilərək 1960-cı ilə qədər orada çalışmışdır. Müxtəlif illərdə Daşkəsən rayon xalq maarif şöbəsi yanında pedaqoji kabinənin müdiri, rayon qəzetinin məsul katibisonra isə redaktoru olmuşdur. Lakin Əlipaşa müəllim elmlə məşğul olmağı unutmur, öz arzusuna çatmaq üçün ciddi səy göstərir və nəhayət, 1960-cı ildə Bakıya gələrək, Azərbaycan Dövlət Universitetinin estetika- etika kafedrasına qiyabi aspirant qəbul olunur, eyni zamanda Azərbaycan Dövlət Nəşriyyatının İctimai-siyasi elmlər şöbəsində redaktor işləyir. Redaktorluq etdiyi 3 il ərzində daha da püxtələşir, incəsənət və din, onların qarşılıqlı münasibəti mövzusunda namizədlik dissertasiyası üzərində ciddi aparır. 1963-cü ildən bilavasitə pedaqoji fəaliyyətlə məşğul olur. Həmin ildən indiyə qədər elmi fəaliyyətlə yanaşı, Azərbaycan Texniki Universitetinin fəlsəfə kafedrasında baş müəllim, dosent, indi isə professor vəzifəsində işləyir.

Əlipaşa müəllim bu illərdə zəngin elmipedaqoji təcrübə toplayaraq hər iki sahədə gözəl nəticələrə nail olmuşdur. 1967-ci ildən "İncəsənət və din" mövzusunda namizədlik, 1985-ci ildə isə "Mənəvi mədəniyyət və din" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edir. Orta əsr islam mədəniyyətinin, onun əsas xüsusiyyətlərini tədqiq edib araşdırmaq, o dövr mədəniyyətinin əsas sahələri ilə onun əlaqəsini açıb göstərmək Əlipaşa müəllimin elmi fəaliyyətinin əsas istiqamətini təşkil edir. Bu baxımdan islam dininin memarlıq, rəssamlıq ornament sənəti, poeziyası ilə əlaqəsi, bu əlaqənin elmi təhlili və ümumiləşdirilməsi xüsusilə maraqlıdır. Eyni zamanda, alimin orta əsrin möhtəşəm müsəlman Şərqinə, o cümlədən Azərbaycan mütəfəkkirlərinin yaradıcılığına istinad etməsi, onların əsərlərində dərin elmi-fəlsəfi fikirlə yanaşı, həm də dini etik ideyaların mövcudluğunubu ideyaların elmi təhlili orta əsr müsəlman mədəniyyətinin daha dərindən öyrənilməsinə xidmət edir.

Əlipaşa müəllimin elmi fəaliyyəti təkcə bununla kifayətlənmir, o dini şüurun din və mədəniyyətin, onun əxlaq, incəsənət, elmi idrak məsələləri ilə qarşılıqlı münasibətinin araşdırılması və bununla bağlı digər məsələlərlə də müntəzəm məşğul olur. Onun "İncəsənət və din", "Mənəvi mədəniyyət və din", "Bədii mədəniyyət və islam" kimi maraqlı monoqrafiyalarında bədii obrazlı və dini obrazlı təfəkkür, elmidini uzaqgörənlik, müasir islamonun xarakterik cəhətləri və digər məsələlər ətraflı tədqiq olunur. Bu məsələləri tədqiq edərkən Əlipaşa müəllim islam dininə xüsusi diqqət verərək, göstərir ki, bəşər tarixi və mədəniyyətin yüksəlişinə xüsusi mərhələ təşkil edən islam dininin milli-mənəvi dəyərlər sistemində dərindən öyrənilib mənimsənilməsi çox mühüm əhəmiyyətə malikdir. Çünki islam təkcə inam, etiqaddünyagörüşü deyildir. O, hər şeydən əvvəl insan həyatı və fəaliyyətinin, onun mənəviyyatının bütün sahələri ilə bilavasitə bağlı olan çox mürəkkəb, ziddiyyətli, maddi və mənəvi hadisələr kompleksini əhatə edən sosial-psixoloji, bədii emosional hadisə kimi çıxış edir.

Əlipaşa Əliyev 10 kitabın, 2 metodik vəsaitin və 150-yə qədər elmi məqalənin müəllifidir. O gənclik həvəsi ilə yenə öz tədqiqatlarını davam etdirir. Hazırda respublikamızda indiki dövrdə dini fəaliyyət, xüsusilə islam dini, onun müasir vəziyyəti və mövqeyi, milliislami dəyərlər üzərində ciddi aparır.

Əlipaşa müəllim fəlsəfi elmlər üzrə kadrlar hazırlanmasında fəal iştirak edir. Milli Elmər Akademiyasının bir çox institutlarında, əsasən Fəlsəfə, Şərqşünaslıq və Əlyazmalar institutları, həmçinin Bakı Dövlət Universitetinin elmi seminardissertasiya şuralarının işində fəal iştirak edir, elmi kadrların hazırlanmasında, aspirant və dissertantların elmi tədqiqat işlərinin müzakirəsi və müdafiəsində özünə xas olan obyektiv fikri, rəy və tövsiyələri ilə fərqlənir.

Professor Ə.Əliyev 50 ildən çoxdur ki, Azərbaycan Texniki Universitetində çalışır, gənclərimizin təhsili, tərbiyəsi ilə məşğul olur. Obyektiv bir müəllim kimi universitetin professor müəllim və tələbə kollektivinin böyük hörmətini qazanmışdır. Oxuduğu mühazirələr daim öz məzmunu ilə fərqlənir. Fəlsəfə fənninin tədrisinə dair bir neçə metodik vəsait hazırlayıb çap etmişdir. Fəlsəfənin problem məsələlərini daha dərindən mənimsənilməsi və elmi fikrin son nailiyyətlərinin onunla əlaqələndirilməsi üçün ənənəvi tədris formalarından fərqli olaraq mühazirə və seminarlara yaradıcı yanaşır, tələbələri elmi işə həvəsləndirir, fəlsəfəfi elmlərə dair müasir mövzular seçib onlara verir, tələbələrin  hazırladıqları məqalə və referatlar seminar dərslərində ətraflı müzakirə edilir, məsləhətlər verilirbu əsasda onların biliyi qiymətləndirilir.

Əlipaşa müəllim belə hesab edir ki, ali təhsil müəssələrinin proqram və tədris planlarında həyatımızın müasir tələbləri ilə səsləşən islamın dini-etik məsələləri ilə bağlı müəyyən mövzular seçilərək daxil edilməli və hər bir ali məktəbin konkret yönümü, məqsəd və vəzifələri nəzərə alınmalıdır. Əlipaşa müəllim öz mühazirələrində məhz bu məsələlərə xüsusi diqqət yetirir, köhnə tədris formalarından uzaqlaşmağın artıq vaxtı çatdığını bildirir. Ancaq bir məsələni də unutmaq olmaz ki, bu məsələlərdə ehtiyatlı olmalı, islamın tədqiqinə və öyrənilməsinə birtərəfli deyil, obyektiv, olduğu kimi yanaşmaq lazımdır. Çünki bu, olduqca həssas məsələdir, hər hansı bir yanlışlıq müəyyən xoşagəlməz nəticələrə aparıb çıxara bilər.

Zəhmətsevər səmimi bir insan olan Əlipaşa Əliyev hazırda ən müdrik və məhsuldar çağlarını yaşayır, yorulmaq bilmədən elmi-pedaqoji fəaliyyətini davam etdirir. Biz Əlipaşa müəllimi anadan olmasının 80 illiyi, elmi pedaqoji fəaliyyətinin 50 illiyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq. Zəngin həyat təcrübəsi olan Əlipaşa müəllimin layiqli və şərəfli ömür yolu gənclərimiz üçün tükənməz və gözəl bir nümunədir.

 

 

Əziz MƏMMƏDOV,

fəlsəfə elmləri doktoru,

professor

 

Azərbaycan.-2013.- 7 fevral.- S.11.