Azərbaycan Prezidenti İlham Əliyevin və
birinci xanım Mehriban
Əliyevanın «Baku» jurnalına müsahibəsi
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Baku" jurnalına müsahibə vermişlər. AzərTAc müsahibəni təqdim edir:
"Baku": "Baku" jurnalının 5 yaşı tamam olur. Yubiley əhval-ruhiyyəsi xatirələri oyadır. Bizim ilk müsahibəmiz də məhz Sizinlə olub. Bu gün, 5 il keçdikdən sonra jurnalımız haqqında fikirləriniz bizə maraqlıdır. Nəşrimizi bəyənirsinizmi?
Prezident: Çox təqdirəlayiqdir ki, yaranışından qısa müddət ərzində "Baku" jurnalı böyük oxucu auditoriyası qazanıb. Jurnalın uğurlarında əlbəttə ki, mövzuların aktuallığı, özünəməxsus tərzi, müasir dizaynı və materialların təqdimatı mühüm rol oynayır. Azərbaycanın mədəniyyətinin və incəsənətinin zəngin və qədim tarixi, xalqımızın çoxəsrlik ənənələri haqqında məqalələr və başqa mövzularda materiallar jurnalı daha da maraqlı və oxunaqlı edir. Jurnalın təkcə Rusiyada deyil, başqa ölkələrdə də oxunması müsbət haldır.
Birinci xanım: "Baku" jurnalı qısa müddət ərzində nəşr olunmasına baxmayaraq, oxucuların böyük rəğbətini qazanıb. Bu gün ölkəmiz haqqında obyektiv və müsbət informasiyanı xaricdə təqdim edən belə mənbənin olması sevindirici haldır. "Baku" jurnalı Azərbaycan və onun paytaxtı, bizim məşhur həmyerlilərimiz, Azərbaycan diasporunun görkəmli nümayəndələri, ölkəmizin mədəni həyatının mühüm hadisələri və milli mətbəximiz haqqında parlaq və aydın şəkildə məlumat verir. Mən jurnalınıza gələcəkdə daha böyük məşhurluq, daha geniş oxucu auditoriyası arzulayıram.
"Baku": Ötən 5 il ərzində ölkə həyatının bütün sahələrində əsaslı dəyişikliklər göz qabağındadır. Bu gün ölkəniz yüksək inkişaf dinamikası ilə seçilir. Azərbaycan sözsüz ki, regionda lider dövlətdir. Bu uğurun sirri nədədir?
Prezident: Zənnimcə, uğurların sirri, ilk növbədə, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun davam etdirilməsindədir. Zaman göstərdi ki, bu, Azərbaycanı xaos və dağılmaqdan qurtaran yeganə düzgün siyasi kurs oldu. Gəlin, Azərbaycanın müstəqilliyinin ilk illərini xatırlayaq. Ölkədə hərbi-siyasi və mənəvi böhran hökm sürürdü, iqtisadiyyat tamamilə tənəzzülə uğramışdı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf dövrünə qədəm qoydu. Siyasi-demokratik institutların bərpası, bazar iqtisadiyyatı və müasir inkişaf başladı. Bütün bunlar, Azərbaycanın dünyada dinamik inkişaf edən ölkələrdən biri olmasına gətirib çıxardı. Bu gün Azərbaycanda keçirilən siyasi islahatlar azad cəmiyyətin yaranması ilə nəticələndi. Ölkəmizdə vətəndaşların bütün azadlıqları təmin edilib: söz, vicdan, mətbuat və başqa azadlıqlar. Sabit siyasi sistem, səmərəli sosial siyasət, zəngin təbii sərvətlər, müasir infrastruktur, əlverişli coğrafi mövqe, təhsil almış gənclik - bütün bunlar ölkəmizin uğur qazanmasında böyük rolu olan amillərdir.
İqtisadi sahədə son illərdə böyük uğurlara nail olmuşuq. Son 8-9 ildə iqtisadiyyatımız 3 dəfə artıb. Yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib. İşsizlik problemi demək olar ki, köklü şəkildə həll edilib. Bu gün işsizlik cəmi 5,2 faizdir. Biz əsas infrastruktur layihələrini gerçəkləşdirməyə nail olmuşuq. Bütün sosial proqramlar həyata keçirilib. Bu gün neft sektorunun iqtisadiyyatımızın sabitləşdirilməsinə yönələn əsas amil olmasına baxmayaraq, son illərdə qeyri-neft sahəsi də uğurla inkişaf edir. Bu il bu sahədə artım təqribən 10 faiz təşkil edib. Biz qısa zamanda ciddi iqtisadi islahatlar aparmağa, iqtisadiyyatı şaxələndirməyə nail olmuşuq. Ölkəmizin təşəbbüsü ilə qlobal enerji və nəqliyyat layihələri həyata keçirilir. Bu gün Azərbaycanın beynəlxalq aləmdə sabit reytinqi var. Bütün aparıcı reytinq agentlikləri ölkəmizin inkişafını yüksək qiymətləndirir. Müasir texnologiyaların, informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı ölkəmizin qarşısında duran ən mühüm prioritetlərdən biridir.
Azərbaycanın strateji inkişafını təmin edən əsas amillərdən biri kimi regionların sosial-iqtisadi inkişaf proqramını xüsusi qeyd etmək istərdim. Bütün regionlarda infrastruktur layihələrinin gerçəkləşdirilməsi və yeni iş yerlərinin açılması prosesi gedir. Regionların sosial-iqtisadi inkişafı proqramının icrasından ötən müddət ərzində 1 milyon 100 min iş yeri açılıb ki, onlardan da 800 mini daimidir.
Azərbaycan
tarixən müxtəlif sivilizasiyaların qovuşduğu
region olub. Bu gün ölkəmizdə bütün mədəniyyət
və dinlərin birgə mövcud olduğu əsl tolerant cəmiyyət
yaranıb. Bakı Beynəlxalq Humanitar Forumun keçirilməsi
ənənə halını alıb. Azərbaycan millətlərarası
və sivilizasiyalararası dialoqun keçirilməsində
böyük təcrübəyə malikdir. Əminəm ki, bu
tolerantlıq bütün dünya üçün nümunə
ola bilər və bu ənənə gələcəkdə də
ölkəmizdə davam edəcək.
Azərbaycan
artıq böyük idman ölkəsidir.
İdmançılarımız Olimpiya oyunlarında və
nüfuzlu beynəlxalq idman yarışlarında böyük
uğurlar qazanırlar. Azərbaycan idmanın müxtəlif
növləri üzrə Avropa və beynəlxalq səviyyəli
yarışlara ev sahibliyi edir. Bütün ölkədə
Olimpiya idman kompleksləri tikilir. Bu məqamda Avropa Komitəsinin
Baş Assambleyasının Birinci Avropa Oyunlarının 2015-ci
ildə Bakıda keçirilməsi barədə qərarını
xüsusi qeyd etmək istəyirəm. Bu, mühüm tarixi qərardır.
Azərbaycanın
beynəlxalq aləmdə nüfuzu durmadan artır. Azərbaycan
xarici siyasət sahəsində böyük uğurlara nail
olub. Ölkəmizin rolu beynəlxalq miqyasda da möhkəmlənir.
Bu gün Azərbaycanın maraqları nəzərə
alınmadan regionda heç bir layihə həyata keçirilə
bilməz. Biz beynəlxalq təşkilatlar çərçivəsində
dünyanın əksər ölkələri ilə uğurlu
əməkdaşlıq edirik. 2011-ci ildə Azərbaycanın
155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına üzv seçilməsi ölkəmizin beynəlxalq
nüfuzunun artmasına dəlalət edir.
Təəssüf
ki, bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi hələ də
öz həllini tapmayıb. Ermənistanın təcavüzkar
siyasəti Azərbaycan torpaqlarının 20 faizinin
işğalına gətirib çıxarıb. Ermənistanın
apardığı etnik təmizləmə siyasəti nəticəsində
bir milyondan artıq soydaşımız qaçqın və məcburi
köçkün düşüb. BMT-nin Təhlükəsizlik
Şurasında qəbul edilən 4 qətnamə işğal
olunmuş torpaqlarımızdan erməni
işğalçı qüvvələrinin qeyd-şərtsiz
çıxarılmasını tələb edir. Qeyd olunan qətnamələrdən
başqa ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq
Təşkilatının və digər beynəlxalq
qurumların Azərbaycanın ərazi
bütövlüyünün bərpasını tələb
edən qərar və qətnamələri vardır. Bizim
mövqeyimiz ondan ibarətdir ki, münaqişə ancaq Azərbaycanın
ərazi bütövlüyü prinsipi çərçivəsində
həll edilməlidir.
"Baku":
Mehriban xanım, cənab Prezident tərəfindən
sadalananların sirrini nədə görürsünüz?
Birinci
xanım: Şübhəsiz ki, Azərbaycanın dinamik
inkişafında məqsədyönlü siyasi və iqtisadi
islahatların, neft strategiyasının, neft-qaz gəlirlərindən
səmərəli istifadənin və güclü sosial siyasətin
rolu böyükdür. Bütün bunların mərkəzində
insan amili dayanır. Hər şey insan
üçündür. Onun azadlığını, təhlükəsizliyini,
yaşayışını təmin etmək dövlətin əsas
vəzifəsidir. Biz 21 ildir ki, müstəqil dövlətik.
Müstəqillik xalqımız üçün çoxdan
gözlənilən, qiymətli dəyər idi. Məqsədimiz
və arzumuz inkişaf etmiş, güclü, azad ölkədə
yaşamaqdır. Sözsüz ki, bu, çox güclü
motivasiyadır. Eyni zamanda, beynəlxalq aləmdə müasir
Azərbaycanın real və obyektiv imici formalaşıb. Biz
öz tarixi köklərimizə, ənənələrimizə
bağlıyıq. Bununla belə, dünyaya
açığıq. Bizim üçün
dözümlülük, tolerantlıq, multikulturalizim təkcə
son zamanlar dəbdə olan sözlər deyil. Bu, Azərbaycan
xalqının çoxəsrlik həyat tərzi və fəlsəfəsidir.
Bu gün ölkəmiz siyasi, mədəni və iqtisadi sahələrdə
çox sayda beynəlxalq konfrans, forum və görüşlərin
keçirildiyi ölkədir. Bu, qədim ənənələrin
müasir meylidir. Ölkəmizə gələn hər bir
qonaq möhtəşəm inkişafla yanaşı, azərbaycanlıların
məxsusi qonaqpərvərliyini və genişürəkliliyini
qeyd edir. Buna ən yaxşı misal, ötən il ölkəmizdə
keçirilən "Eurovision- 2012" mahnı müsabiqəsidir.
Biz bu cür möhtəşəm mədəni tədbirin təşkilinə
və keçirilməsinə görə ən yüksək
qiymət aldıq. Bütün dünyadan minlərlə qonaq
ölkəmizlə tanış oldu, Bakının gözəlliyinə
əmin oldu və xalqımızın sülhsevərliyinə,
qonaqpərvərliyinə heyran qaldı. Bizim nəslin bəxti
gətirib ki, Azərbaycanda həqiqətən böyük dəyişikliklər
və zəfərlər dövründə
yaşayırıq, bütün quruculuq proseslərinin
iştirakçısı ola bilərik. Sadəcə, Vətəni
sevmək və onu qiymətləndirmək lazımdır.
"Baku":
Bakı öz əfsanəvi gözəlliyi ilə
bütün qonaqları heyran edən mədəniyyət və
sivilizasiya mərkəzinə çevrilib. Burada inanılmaz
tikinti bumu yaşanır. Siz Bakının müasir
simasını necə xarakterizə edərdiniz?
Prezident:
Bu gün hər bir azərbaycanlı fəxr edə bilər
ki, Bakı dünyanın ən gözəl şəhərlərindən
birinə çevrilib. Biz bunu görürük,
qonaqlarımız da etiraf edir. Təsadüfi deyil ki, 2009-cu ildə
Bakı İSESCO tərəfindən İslam mədəniyyəti
paytaxtı elan edilmişdi. Bu, bizim paytaxtımıza verilən
böyük qiymət idi. Bu gün Bakıda
genişmiqyaslı abadlıq və quruculuq işləri
görülür, iri infrastruktur layihələri həyata
keçirilir. Sevindirici haldır ki, günbəgün
müasirləşən Bakı öz tarixi simasını da
qoruyub saxlayıb. Özündə Avropa və Şərq
arxitekturasını birləşdirən paytaxtımıza gələn
qonaqların sayı durmadan artır. Bu gün Bakı
nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana
çevrilib. Biz gələcəkdə də Bakının
inkişafı üçün tədbirlərimizi davam etdirəcəyik.
Birinci
xanım: Mənim üçün Bakı həmişə əvəzedilməz
auraya malik ən gözəl şəhər olub. İçərişəhər,
Dənizkənarı bulvar, Fəvvarələr meydanı,
Neftçilər prospekti, Bakı Venesiyası, Funikulyor - hər
bir bakılı üçün bu yerlər artıq kult hesab
edilir. Öz sevimli şəhərinin ona layiq olan gözəlliyə
qovuşmasını görmək xoşbəxtlikdir. O, necə
də təmiz və baxımlıdır. Onun qədim tarixi siması
və eyni zamanda, tamamilə yeni, müasir siması
formalaşır. Yenidənqurma işlərinin mərkəzdən
kənarlara çıxması göz qabağındadır.
Yarıdağılmış tikililərin yerində
Avropasayağı, rahat və gözəl parklar
salınır. Qeyri-adi arxitektura, xüsusi mədəni estetikaya
malik zonalar yaranır. Məsələn, yaxın gələcəkdə
"Baky Art City" layihəsi başa çatacaq. Xəzər
dənizinin sahilində, Dənizkənarı bulvarın
davamında özünəməxsus qalereyalar, salonlar, muzeylər
və sərgi meydançaları olan incəsənət mərkəzi
yaradılacaq. XX əsrin sənaye arxitekturasının
bazasında paytaxtımız üçün tamamilə yeni,
yaradıcı ruhu olan mini-şəhərcik yaradılacaq.
"Baku":
Həyatınızda son 5 ildə nə dəyişib?
Birinci
xanım: Son 5 ilin ən xoşbəxt, yaddaqalan hadisəsi kimi
nəvələrimizin dünyaya gəlməsini hesab edirəm.
Uşağın doğulması həmişə böyük
xoşbəxtlik və Tanrının nemətidir. Bu,
insanın həyatın dəyişən və həyata
tamamilə fərqli baxmağa vadar edən möcüzədir.
"Baku":
Oxucularımıza yeni ildə arzularınız...
Prezident:
Mən "Baku" jurnalının oxucularını və kollektivini
qarşıdan gələn Yeni il və 31 dekabr - Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə təbrik
edir, kollektivə yeni yaradıcılıq uğurları və
cansağlığı arzulayıram.
Birinci
xanım: Qoy, hər kəsin həyatında işıqlı
və gözəl günlər daha çox olsun! Qoy,
ümidləriniz doğrulsun, arzularınız çin olsun!
Hamıya cansağlığı, xoşbəxtlik və sevgi
arzulayıram!
Azərbaycan.-2013.- 8 fevral.- S.2.