BosniyaHerseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasında rəsmi səfərdə olan  Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiç fevralın 7-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, əvvəlcə qonağa Azərbaycan Prezidenti İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlar əsasında bu ərazidə həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.

Məlumat verilmişdir ki, meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Bayrağın eni 35 metr, uzunluğu 70 metrdir.

Qeyd edilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.

Səkkizguşəli ulduz formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə tanışlıq zamanı bildirilmişdir ki, muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.

Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikat da nümayiş olunur. Muzeydə multimedia qurğusu da vardır.

Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədrinə xatirə hədiyyələri təqdim olunmuşdur.

Qonaq Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılmışdır.

 

 

Azərbaycan.-2013.- 8 fevral.- S.2.