İkinci Dünya müharibəsinin azərbaycanlı veteranları ABŞ-ın dövlət katibi Con Kerriyə təbrik məktubu ünvanlamışlar

 

İkinci Dünya müharibəsinin azərbaycanlı veteranları ABŞ-ın dövlət katibi Con Kerriyə təbrik məktubu ünvanlamışlar.

Respublika Veteranlar Şurasının sədri Ə.Baxışovun imzaladığı məktubda deyilir: "Azərbaycanın bütün veteranları adından Sizi yeni vəzifəyə - Amerika Birləşmiş Ştatlarının dövlət katibi vəzifəsinin icrasına başlamağınız münasibətilə səmimi qəlbdən təbrik edirik.

Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün hər cür təsir göstərəcəyiniz barədə verdiyiniz bəyanata böyük ümidlə baxır və ona inanırıq. İnanırıq ki, İkinci Dünya müharibəsinin azərbaycanlı veteranlarının 2011-ci il sentyabrın 29-da keçirilmiş ümumrespublika toplantısında qəbul etdikləri, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, o cümlədən ABŞ Prezidenti Barak Obamaya göndərdikləri müraciət xeyirxah niyyətinizin reallığa çevrilməsində Sizə yardımçı olacaqdır".

Biz veteranların 2011-ci il 29 sentyabr tarixli müraciətində deyilir: "Hörmətli cənablar! 2011-ci il oktyabrın 1-də Hitler faşizmini ittiham edən Nyurnberq prosesinin 65-ci ili tamam olur. 1945-ci ildə Potsdam müqaviləsinin qərarı ilə həyata keçirilən Nyurnberq prosesi faşizmin birdəfəlik məhv edilməsi və ona bir daha yol verilməməsi məqsədini güdürdü. 1945-ci ilin noyabr ayının 20-dən - 1946-cı ilin oktyabr ayının 1-dək bir ilə yaxın vaxtı əhatə edən bu prosesdə nasizmin rəhbərlərinin əksəriyyəti layiqli cəzalarını aldılar.

Nyurnberq prosesindən 65 il keçir. Taleyin hökmü ilə o zaman faşizmi ittiham edən sizin dövlətlər bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini öhdələrinə götürüblər. Dünən faşizmə qarşı çiyin-çiyinə vuruşan iki qonşu dövlət - Ermənistan və Azərbaycan əslində 20 ildən artıqdır ki, münaqişə deyil, müharibə vəziyyətində yaşayır. Azərbaycan torpaqlarının 20 faizi, Dağlıq Qarabağ və onun ətrafındakı başqa ərazilər erməni işğalına məruz qalmış, 1 milyondan artıq azərbaycanlı öz tarixi və doğma yurdlarından qaçqın və köçkün düşmüş, minlərlə insan, onların içərisində ahıllar, qadınlar və uşaqlar həyatlarını itirmiş, şikəst edilmiş, əlil olmuşlar.

İşğal olunmuş torpaqların qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi 4 qətnaməyə və başqa aparıcı beynəlxalq təşkilatların qərarlarına, bununla bərabər, bütün dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanımalarına, beynəlxalq konvensiyalara və bu gün sizin rəhbərlik etdiyiniz ATƏT-in Minsk qrupunun həmsədrlərinin konkret təkliflərinə, Azərbaycan hökumətinin bu istiqamətdə apardığı ardıcıl fəaliyyətə baxmayaraq, keçən əsrin 80-ci illərində Ermənistan tərəfindən başlanmış təcavüz bu gün də davam edir. İşğal edilmiş şəhərlər və kəndlər, təhsil və mədəniyyət müəssisələri, tarixi və mənəvi dəyərlər dağıdılıb məhv edilir, əsl faşist cinayətləri törədilir. Atəşkəs barədə iki dövlət arasında bağlanmış müqavilə Ermənistan tərəfindən hər gün pozulur, müharibə qurbanlarının sayı artır.

Hörmətli cənablar!

Bu ondan irəli gəlir ki, münaqişənin həlli ilə məşğul olan, məsələni sülh yolu ilə həll etməyə çalışan ATƏT-in Minsk qrupunun həmsədrləri işğalçı ölkə ilə işğal edilən ölkəyə eyni münasibət göstərir və bu, əslində təcavüzkar Ermənistanın istəyinə uyğun gəlir. Münaqişənin uzanmasından istifadə edən Ermənistan rəhbərliyi öz işğalçılıq siyasətini davam etdirir, hər cür vasitələrlə tarixi saxtalaşdırmağa, milli ayrı-seçkiliyi dərinləşdirməyə, gənclərini qonşu xalqlara qarşı düşmənçilik ruhunda tərbiyə edərək, məlum xəstə fikirlərini gələcək nəslə ötürməyə çalışır. Bunu Ermənistan prezidenti Serj Sarkisyanın son zamanlar Gorusda jurnalistlərlə, Tsaxkadzorda (əsl adı azərbaycanca Qaraçiçəkdir) gənclərlə görüşlərindəki və Düşənbədə MDB ölkələri başçıları Şurasındakı çıxışları və ATƏT-in Minsk qrupunun həmsədrlərinin həyata keçirdiyi Sahə Qiymətləndirmə missiyalarının dəfələrlə etdikləri xəbərdarlıqlara məhəl qoymayan Ermənistanın işğal olunmuş əraziləri dünyanın başqa ölkələrində yaşayan ermənilərlə məskunlaşdırması sübut edir.

Biz, İkinci Dünya müharibəsinin veteranları aparılan danışıqları izləyir, Ermənistanın qeyri-konstruktiv mövqeyini, bunun nəticəsində də iki xalqın azərbaycanlıların və ermənilərin bu münaqişədən çəkdikləri əziyyəti görürük. Bununla bərabər, müharibənin nə olduğunu hamıdan yaxşı dərk edərək, biz də məsələnin sülh yolu ilə həll edilməsini istəyirik. Heç kim inkar edə bilməz ki, azərbaycanlılar həmişə özlərinin sülhsevərliyi, beynəlmiləlçiliyi və tolerantlığı ilə fərqlənmişlər. Ölkəmizdə yaşayan insanlar milli və dini mənsubiyyətlərindən asılı olmayaraq eyni hüquqlara malikdirlər. Ermənilər 1828-ci ildə İrandan Dağlıq Qarabağa köçürüldükdən sonra azərbaycanlılar həmişə onlarla dostluq şəraitində yaşamış, onlara dayaq olmuşlar. Münaqişə ləğv edilərsə, heç şübhə etməyə bilərsiniz ki, məkrli niyyətlərinə çatmaq üçün müxtəlif hiylələrə əl atan, öz xalqını daim qorxu altında saxlayan, yeri gələndə onun sağlam fikirli nümayəndələrini, hətta adi insanlarını belə qətlə yetirən erməni nasistləri nə etsələr də azərbaycanlılarla ermənilər yenə də əvvəlki ənənələrini bərpa edəcəklər.

Hörmətli cənablar!

Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsi BMT Təhlükəsizlik Şurasının, başqa beynəlxalq təşkilatların qərarlarının yerinə yetirilməsi, Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad edilməsi üçün sizin siyasi iradə göstərməyiniz, qətiyyətli tədbirlər görməyiniz tələb olunur, başqa yol yoxdur! Münaqişənin uzanması bölgədə yaşayan xalqların maraqlarına deyil, işğalçı və separatçı dairələrin mənafelərinə xidmət edir.

İkinci Dünya müharibəsindən 66 il keçir. Biz, həyatın qanunu ilə sürətlə sayı azalan müharibə veteranları, son və müqəddəs borcumuzu yerinə yetirərək Sizə müraciət edir, əsası olmayan ədalətsiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasını istəyirik".

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 8 fevral.- S.3.