Ölkə Prezidentinin insan amilinə söykənən inkişaf strategiyası və vətəndaşların müraciətlərinə baxılması

 

"Ən ali məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir."

 

 İlham ƏLIYEV

 

 

 Vətəndaş Prezidentə yazırsa, ona inanır

 

 Ölkə Prezidentinin respublikanın regionlarına tez-tez səfərlər etməsi, ölkədə baş verən hər bir mühüm tədbirin bilavasitə iştirakçısı olması, əhalinin qarşılaşdığı problemlərin köklü şəkildə həlli üçün qətiyyətli addımlar atması vətəndaşlarda böyük inam yaradır və onlar öz müraciətlərinin çoxunu məhz Prezidentə və onun administrasiyasına ünvanlayırlar.

2012-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin 66,9 faizini ərizələr, 31,3 faizini  şikayətlər, 1,8 faizini təkliflər təşkil etmişdir.

Vətəndaşlar öz ərizə və şikayətlərinə baxılmasını dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının əsas funksiyalarından biri hesab edir, eyni zamanda, dövlət orqanlarına müraciət etməyi özlərinin dövlətin idarə olunmasında iştirakı kimi qəbul edir və buna vacib məsələ kimi baxırlar. Bu müraciətlərin hər birinin öz yaranma səbəbləri var və ilk növbədə, bu səbəb aradan qaldırılmalıdır. Əgər vətəndaş əlinə qələm alaraq, öz problemi haqqında ölkə Prezidentinə və ya onun administrasiyasına yazırsa, deməli, ya onun müraciət etdiyi ilk instansiyada məsələyə lazımi reaksiya verilməmiş, ya da ona öz məsələsinin həlli üçün hara müraciət etməli olduğu, müraciətinin nə dərəcədə əsaslı olduğu barədə lazımi izahat verilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə" ilə onların mərkəzi icra hakimiyyəti orqanları ilə münasibətləri, yerli icra hakimiyyətlərinin fəaliyyətinin təşkili, icra hakimiyyəti başçılarının rayon həyatının müxtəlif sahələri üzrə vəzifələri və funksiyaları müəyyən edilmişdir. Bunlar şəhər və rayon İHB-lərinə imkan verir ki, vətəndaşların problemlərini daha yaxşı həll etsinlər və vətəndaşlar müraciət etdikləri ilk instansiyada öz suallarına cavab tapsınlar.

Müraciətlərə baxılması prosesinin təhlili göstərir ki, onların dinamikası cəmiyyətdə baş verən siyasi və sosial-iqtisadi proseslərdən çox asılıdır.

2012-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin ümumi sayı 2011-ci ilə nisbətən 23,2 faiz, o cümlədən şikayətlərin sayı 26,7 faiz azalmışdır.

Azalmanın daha çox müşahidə olunduğu şəhər və rayonlardan danışarkən, ilk növbədə, Bakı şəhərinin Sabunçu, Yasamal rayonlarını, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını, habelə Sumqayıt, Şəki, Abşeron, Ağdaş,  Cəlilabad, Göyçay, Quba, Qubadlı, Masallı, Oğuz, Samux, Şabran, Şəmkir, Yardımlı,  Zərdab, digər şəhər və rayonları göstərmək olar.

Bununla yanaşı, elə rayonlar vardır ki, onlardan daxil olan müraciətlərin sayında azalma yox, əksinə, artım müşahidə olunur. Bunlar Balakən, Qax və Zaqatala rayonlarıdır. Bu rayonlardan daxil olan müraciətlərin çoxalmasının əsas səbəbi keçən il baş vermiş güclü zəlzələnin nəticələri ilə əlaqədardır.

Respublika üzrə müraciətlərin sayının adambaşına nisbəti özünü ilk növbədə, əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayında göstərir. Əvvəlki ilə nisbətən hər 1000 nəfərə düşən müraciətlərin sayı respublika üzrə 24,8 faiz azalmışdır. Naxçıvan Muxtar Respublikasının rayonları, Sumqayıt, Şəki, Şirvan, Ağdaş, Ağstafa, Ağsu, Cəlilabad, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, Qazax, Qəbələ, Quba, Qusar, Oğuz, Salyan, Samux, Şəmkir, Tərtər, Tovuz, Ucar, digər şəhər və rayonlarda hər 1000 nəfərə düşən müraciətlər daha az  olmuşdur.

Bakı şəhəri və onun bəzi rayonlarında, Ağdam, Astara, Biləsuvar, Daşkəsən, İmişli, Kəlbəcər, Kürdəmir, Laçın, Lerik, Saatlı, Zəngilan, digər şəhər və rayonlarda bu rəqəm orta respublika göstəricisindən yüksəkdir.

Prezident Administrasiyasına daxil olan müraciətlərin bir hissəsi kollektiv müraciətlərdir və bu müraciətlər Bakı, Gəncə, Lənkəran, Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Cəlilabad, Gədəbəy, Laçın, Lerik, Şamaxı, Tovuz, digər şəhər və rayonlardan daha çox olmuşdur. Kollektiv müraciətlərin bir qismi aparılan tikinti işləri ilə bağlıdır. Bəzi hallarda dövlət əhəmiyyətli tikintilərin aparılması üçün evləri və ya obyektləri sökülən vətəndaşlara lazımınca izahat verilmir, onlar bunun əvəzində veriləcək mənzil və torpaq sahəsi ilə bağlı ətraflı məlumatlandırılmırlar.

Müraciətlərin rayonlar və şəhərlər üzrə təhlili və əhatə dairəsinin öyrənilməsi göstərir ki, 2012-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlər respublikanın kənd və qəsəbələrinin müəyyən bir hissəsini əhatə edir. Elə rayonlar vardır ki, onların daha çox kənd və qəsəbələrindən müraciətlər daxil olur. Məsələn, Saatlı rayonunun əksər kəndlərindən müraciətlər daxil olmuşdur. Bu göstərici Bakı şəhərinin Binəqədi, Sabunçu, həmçinin Ağcabədi,  Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Kürdəmir, Samux və başqa rayonlarda yüksəkdir.

Bir sıra rayonların isə kənd və qəsəbələrinin çox az hissəsindən Prezident Administrasiyasına müraciət daxil olmuşdur. Bunlara misal olaraq Ağdam, Astara, Babək, Culfa, Füzuli, Xaçmaz, Xızı, Quba, Qusar, Oğuz, Ordubad, Siyəzən, Şabran, Şahbuz, Tərtər və s. rayonları göstərmək olar.

Elə kənd və qəsəbələr də vardır ki, onlar müraciətlərin sayına görə öz rayonlarında birinci yeri tuturlar. Məsələn, Binəqədi rayonunun Rəsulzadə, Ağcabədi rayonunun Avşar, Beyləqanın Birinci Şahsevənli, Biləsuvarın Zəhmətabad, Göygölün Üçtəpə, İmişlinin Qulubəyli və Qızılkənd, Kürdəmirin Sığırlı, Lerikin Züvüc və Veri, Masallının Ərkivan, Sabirabadın Qasımbəyli, Tovuzun Qovlar, Yardımlının Çanaq Bulaq kəndlərindən həmin rayonlar üzrə ən çox müraciətlər daxil olmuşdur. Sığırlı kəndindən daxil olan müraciətlər Kürdəmirdən daxil olan müraciətlərin 21,9 faizini təşkil edir. Qeyd etməliyik ki, bu kənd və qəsəbələrin hər birində qaldırılan məsələlər müxtəlifdir.

Müraciətlərin mövzuları barədə danışarkən qeyd etmək lazımdır ki, 2012-ci ildə də müraciətlərin mövzuları respublika həyatının, demək olar ki, bütün istiqamətlərini əhatə etmişdir.

Müraciətlərin  təhlili göstərir ki, 2012-ci ildə bir neçə mövzu istisna olmaqla bütün mövzular üzrə daxil olan müraciətlərin sayı, o cümlədən şikayətlərin sayı azalmışdır.

Mövzular üzrə müraciətlərin ümumi sayında azalma daha çox şəhər və rayon İHB-lərinin fəaliyyəti (61,2 faiz), özəlləşdirmə (50,6 faiz), əmək pensiyalarının verilməsi, pensiyaların yenidən hesablanması (49,9 faiz), rabitə və informasiya texnologiyaları məsələləri (46,9 faiz), vergi orqanlarının fəaliyyəti (43,2 faiz), sahibkarlara torpaq sahələrinin ayrılması (37,2 faiz), prokurorluq orqanlarının fəaliyyəti (35 faiz), bələdiyyələrin fəaliyyəti (33,6 faiz) və sair məsələlərlə bağlı olmuşdur.

Dövlət qulluğu barədə müraciətlərin sayında isə 4 dəfədən çox artım müşahidə olunur ki, bu da dövlət qulluğunda çalışmaq istəyənlərin ərizələrindən ibarətdir.

2012-ci ildə maliyyə, bank  və sığorta məsələləri üzrə müraciətlərin sayında artım olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanı əsasında 2012-ci ilin iyunundan vətəndaşların keçmiş SSRİ Əmanət Bankına qoyduqları əmanətlərin ödənilməsinə başlanılması ictimaiyyət tərəfindən olduqca müsbət qarşılanmışdır.

Dövlət başçısı İlham Əliyev 2012-ci ilin yekunlarından danışarkən dövlətin atdığı bu mühüm addımın mahiyyətini çox dəqiq ifadə edərək demişdir: "Bu, çox böyük siyasi addım idi. Azərbaycan dövlətinin sosial siyasətinin nə qədər düzgün olduğunu göstərir. Bir də onu göstərir ki, bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır".

Əmanətlərin qaytarılması ilə əlaqədar daxil olmuş müraciətlərdə əmanətlərlə bağlı sənədlərin, məcburi köçkün düşmüş vətəndaşların itirilmiş əmanət kitabçalarının bərpasında, alınmasında, həmçinin əmanətçilərin varislərinin müəyyən edilməsində, bəzi arxiv materiallarının əldə olunmasında yaranmış problemlərdən bəhs edilmişdir. Nəzərə almaq lazımdır ki, keçmiş sovet respublikalarının çoxunda əmanətlərin qaytarılması prosesi hələ başa çatdırılmamışdır və bu əmanətlərin ən yüksək qaytarılma əmsalı Azərbaycanda olmuşdur.

Ümumiyyətlə, 2012-ci il ərzində daxil olan müraciətlərin mövzular üzrə müqayisəsi göstərir ki, bütövlükdə 2011-ci ilə nisbətən əksər mövzular üzrə müraciətlərin ümumi sayının azalmasına baxmayaraq 2012-ci ildə də daxil olan müraciətlərin tərkibində hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti, sosial müdafiə, mənzil, torpaq, enerji və yanacaq, su təchizatı, tikinti, səhiyyə, elm və təhsil məsələləri barədə müraciətlərin sayı daha çoxdur.

 

Şikayətlərə baxılmasında əsas tələb şəffaflıqdır

 

 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan şikayətlərin sayı, mövzuları, hansı şəhər və rayondan daha çox olması, onların yaranma səbəbləri və baxılmasının nəticələri daha böyük əhəmiyyət kəsb edir, hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanının, digər qurumların fəaliyyətini qiymətləndirməyə əsas verir. Eyni zamanda, yerlərdə mövcud olan nöqsanların daha dərindən öyrənilməsinə və müvafiq tədbirlər görülməsinə imkan verir.

2012-ci ildə Prezident Administrasiyasına daxil olan şikayətlərin sayı  2011-ci ilə nisbətən 26,7 faiz azalmışdır. Bu, son illərdə neqativ hallara qarşı mübarizə sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinin nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır, özünün qeyd etdiyi kimi, hər bir məmurun fəaliyyətinə bunların əsasında qiymət verir və lazımi  ölçü götürür. Ölkə Prezidentinin istər xarici, istərsə də daxili siyasəti həmişə açıqlığı, şəffaflığı ilə seçilmişdir. Bu baxımdan Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü il 15 yanvar tarixli geniş iclasında dediyi sözlər səciyyəvidir: "...mən hesab edirəm ki, bütün sahələrdə - siyasətdə də, iqtisadi əməkdaşlıqda da insanlar və dövlətlər səmimi olmalıdırlar, öz mövqeyini bildirməlidirlər. Əgər hər hansı bir narahatedici məqam varsa, biz onu malalamamalıyıq, əksinə, üzə çıxarmalı və ölçülər götürməliyik".

Dövlət başçısı son illərdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş uğurları qeyd etməklə yanaşı, bu siyasətin məqsədyönlü şəkildə davam etdiriləcəyini bir daha qeyd etmiş, bu mübarizənin daha ciddi aparılmasını tapşırmışdır.

İl ərzində daxil olan şikayətlərin mövzulara görə təhlili göstərir ki, əvvəlki illərə nisbətən əksər mövzular üzrə azalma vardır. Bununla yanaşı, hüquq-mühafizə orqanlarının və məhkəmələrin fəaliyyəti, sosial müdafiə məsələləri, elektrik enerjisi, qaz, su təchizatı məsələləri üzrə şikayətlərin faizi çox olmuşdur.

Hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti barədə şikayətlərin sayında ötən ilə nisbətən 24 faiz azalma müşahidə olunsa da, 2012-ci ildə onların sayı digər mövzulara nisbətən çoxdur və daxil olmuş bütün şikayətlərin 38,2 faizini təşkil etmişdir.

Polis orqanlarının fəaliyyəti ilə bağlı Bakı şəhəri və rayonlarından, Gəncə,  Mingəçevir, Naftalan, Yevlax, Astara, Cəlilabad, Gədəbəy, Göyçay, Göygöl, İmişli, Tərtər, digər şəhər və rayonlardan daha çox müraciət daxil olmuşdur. Bu müraciətlərdə vətəndaşlar daha çox dələduzluq hallarının vaxtında araşdırılmamasından, sahə müvəkkillərinin hərəkətlərindən, oğurluq hadisələrinin vaxtında aşkar edilməməsindən, avtomobillərin texniki baxışında bəzi nöqsanlara yol verilməsindən narazılıq bildirirlər.

Prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı daxil olmuş şikayətlər Bakının bəzi rayonlarından, həmçinin Şəki, Balakən, Biləsuvar, Qazax, Qobustan, Saatlı, başqa şəhər və rayonlardan daha çox olmuşdur.

Məhkəmə qərarlarının icrası ilə əlaqədar müraciətlər əsasən fiziki və hüquqi şəxslərin əmlak məsələləri və alimentlərin ödənilməsi ilə bağlı qəbul edilmiş qərarların icra olunmaması barədədir. Məhkəmə qərarlarının icrası ilə bağlı şikayətlərin sayı əvvəlki ilə nisbətən 23 faizdən çox azalmışdır.

Sosial müdafiə məsələləri mövzusunda şikayətlər 2012-ci ildə 30 faiz azalsa da, şikayətlərin ümumi sayının 13,5 faizini təşkil edir. Sosial müdafiə məsələləri üzrə şikayətlərdə ünvanlı sosial yardımların verilməsində, əlillik dərəcələrinin və müavinətlərin müəyyən edilməsində yol verilən nöqsanlardan bəhs edilir. Bu mövzuda şikayətlərin sayı Bakı şəhəri və onun bəzi rayonlarından, Yevlax, Ağdaş, Beyləqan, Biləsuvar, Göygöl, Quba, Masallı, Saatlı, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daha çox olmuşdur.

Şəhər, rayon icra hakimiyyətlərinin fəaliyyətindən şikayətlərin sayı əvvəlki ilə nisbətən iki dəfə azalaraq şikayətlərin ümumi sayının 5,7 faizini təşkil etmişdir. Bu mövzuda daxil olan şikayətlərin çoxu İHB aparatlarının, yerli nümayəndələrinin, rayonun idarə, müəssisə və təşkilatlarının fəaliyyəti və müraciətlərə baxılması barədədir. Belə şikayətlər Bakı şəhəri və onun rayonlarından, Şəki, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Bərdə, İsmayıllı, Kürdəmir, Laçın, Lerik, Saatlı, Tərtər, Zərdab, başqa şəhər və rayonlardan daha çox daxil olmuşdur.

Bələdiyyələrin fəaliyyəti mövzusunda şikayətlərin sayı əvvəlki ilə nisbətən xeyli azalsa da, respublikanın bir sıra şəhər və rayonundan bu mövzuda şikayətlər daxil olmuşdur. Belə şikayətlər Bakı şəhərinin Binəqədi, Qaradağ, Sabunçu rayonlarından, Lənkəran, Bərdə, Cəlilabad, Göyçay, Siyəzən, Şəmkir, Tovuz, Ucar, digər şəhər və rayonlardan daha çox olmuşdur.

Torpaq məsələləri mövzusunda şikayətlərin sayı əvvəlki ilə nisbətən 24,5 faiz azalmışdır və bu mövzuda şikayətlər ümumi şikayətlərin 5,3 faizini təşkil edir. Bu şikayətlərdə kənd təsərrüfatı üçün torpaq ayrılmasından və pay torpaq sahələrinin kadastr planlarının natura ilə üst-üstə düşməməsindən, icarə müqavilələrinin əsassız pozulmasından və sair məsələlərdən narazılıq bildirilir. Bu mövzuda daha çox şikayət Bakı şəhərindən, Astara, Beyləqan, Biləsuvar, Cəlilabad, Gədəbəy, Göygöl, Qax, Salyan, Tovuz, başqa şəhər və rayonlardan daxil olmuşdur.

Mənzil məsələləri mövzusunda şikayətlərin sayı 14,8 faiz azalsa da, şikayətlərin ümumi sayının 5 faizi bu barədədir. Belə şikayətlər Bakı şəhəri və onun rayonlarından daha çox olmuşdur. Qeyd etmək lazımdır ki, son illərdə dövlət tərəfindən bu məsələyə çox diqqət yetirilir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli fərmanına uyğun olaraq 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi buna misal ola bilər.

Müraciətlərin bir qismi mənzillərin qazlaşdırılması, su, kanalizasiya və istilik sistemlərinin təmiri, istismar müddəti başa çatmış sistemlərin təzələnməsi barədədir. Respublika üzrə mənzillərin qazlaşdırılması, su və kanalizasiya məsələlərinə dair daxil olmuş müraciətlərin çoxu Bakı şəhərinin payına düşür.

Artıq Bakı şəhərinin fasiləsiz su təchizatı üçün lazımi işlər görülmüş, son bir ildə 300 min nəfər sakin fasiləsiz içməli su ilə təmin olunmuş, bu il isə daha 400 min nəfərin fasiləsiz su təchizatı təmin olunacaqdır. Buna görə də Bakı şəhərindən bilavasitə su təchizatı məsələləri barədə müraciətlərin sayı xeyli azalmışdır.

Aparılan araşdırmalar göstərir ki, istifadəyə verilmiş yaşayış binalarının bir çoxunda sakinlərin məskunlaşmasına baxmayaraq Bakı Şəhər İcra Hakimiyyəti ilə müvafiq qurumlar arasında əlaqələndirmə işləri zəif qurulduğuna görə binaların Bakı Şəhər İcra Hakimiyyətində təşkil olunan Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbulu ləngidilir. Bu isə son nəticədə həmin binalarda mənzil almış vətəndaşların qaz, istilik, su, kanalizasiya təchizatında böyük çətinliklər yaradır, evlərin qızdırılması mümkün olmur, böyük miqdarda elektrik enerjisi israfına yol verilir, bu, vətəndaşların maddi vəziyyətinə mənfi təsir göstərir, onlar yaşayış yeri üzrə qeydiyyata düşə və mənzillərini sənədləşdirə bilmirlər.

Müraciətlərdən aydın olduğu kimi, burada süni maneələr, qüsurlar da az deyildir. Vətəndaşlar respublika ərazisinin 90 faizə qədərinin qazlaşdırıldığı halda, Bakı şəhərinin özündə yeni tikilmiş bəzi çoxmərtəbəli binalara təbii qaz verilməməsindən haqlı narazılıq edirlər. Alınmış məlumatlara görə, hələ 2012-ci ilin iyun ayında qəbul aktı olmadan istismar edilən 226 çoxmərtəbəli binadan 101-nin qazlaşdırılmasına Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müsbət rəy verilməsinə baxmayaraq binaların yalnız 45-i istismara qəbul edilmişdir. Qalan 56 binanın qəbulu isə  Bakı ŞİH tərəfindən ləngidilmişdir.

Bakı şəhərinin sakinləri üçün son dərəcə vacib olan bu məsələlərə yəqin ki, kompleks şəkildə baxılacaq və öz müsbət həllini tapacaqdır. 

Bakı sakinlərinin çox şikayət etdikləri məsələlərdən biri də mənzil-tikinti kooperativlərinin yarıtmaz fəaliyyəti ilə bağlıdır. Ötən illərdə mənfi fəaliyyəti ilə tanınan tikinti təşkilatları ilə yanaşı, 2012-ci ildə vətəndaşlar "Bərəkət İnşaatçı", "Arabaçı", "AVE İnşaat", "İdeal-İ-İnşaat", "Memar-3", "RUH", "Belıy lebed", "Cənnət", "Rahat Məkan", "Hayan-E", "Əzizbəy KM", "Zirvə-Monolit", "Vedi-E", "E.İ.B. Texnologiyaları", "Şazi" kimi MTK-lardan da narazılıq bildirmişlər. Əfsuslar olsun ki, bir çox tikinti şirkətləri haqqında görülən sərt cəza tədbirlərinə baxmayaraq, bu cür neqativ hallar hələ tam aradan qaldırılmayıb. Görünür, vətəndaşlara rahatlıq bəxş etmək, insanların ən vacib problemi olan mənzil məsələsini həll etmək əvəzinə, vətəndaşların həm pulu, həm də əsəbləri ilə oynayan bəzi mənzil-tikinti kooperativlərinin rəhbərləri son nəticədə bunun ümumi  işimizə xələl gətirdiyini nəzərə almırlar. Halbuki hər bir Azərbaycan vətəndaşı öz vicdanının səsinə qulaq asaraq hərəkət etməli, ölkə Prezidentinin Azərbaycan naminə gördüyü nəcib işlərdə ona dəstək olmalıdır.

Son illərdə Bakını dünyanın ən gözəl şəhərləri sırasına çıxarmaq üçün ölkə Prezidentinin təşəbbüsü ilə misilsiz işlər görülür. Dövlət başçısının qeyd etdiyi kimi, I Avropa Oyunlarına hazırlaşan Bakı şəhərinin infrastrukturunun inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək, Bakı bundan sonra daha da gözəlləşəcəkdir.

 

Dərin təhlil və ciddi nəzarət vəhdət təşkil etdikdə 

 

 Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin həllində təkcə fərdi problemlərin həlli barədə düşünmək və müvafiq göstəriş vermək kifayət deyildir. Burada əsas diqqət müraciətlərin yaranma səbəblərinin dərindən öyrənilməsinə, təhlil edilməsinə, həmçinin bu sahədə nəzarət işinin düzgün təşkilinə yönəldilməlidir. Bunlar bir-biri ilə vəhdət təşkil etdikdə müraciətlərə baxılması işi daha səmərəli olur, mövcud problemlərin köklü surətdə həlli, müraciətlərin yaranma səbəblərinin aradan qaldırılması üçün tədbirlər görülməsinə imkan verir.

Şöbədə aparılan təhlillərin xeyli hissəsi bilavasitə vətəndaşların həyat şəraitinin və güzəranının yaxşılaşdırılmasına, onların sosial problemlərinin həllinə həsr olunmuşdur. Prezident Administrasiyası ilə yanaşı, əlaqədar qurumlarda da bu məsələlər üzrə müraciətlər hərtərəfli təhlil olunur, problemlərin həlli barədə vətəndaşların təklif və mülahizələrinə baxılaraq lazımi tədbirlər görülür.

Bunlardan bəzilərinin üzərində dayanmaq istərdik. Məsələn, may-avqust aylarında respublikada suvarma işləri intensiv hal aldığından vətəndaşlar bu sahədə üzləşdikləri problemlərlə bağlı müraciətlər edirdilər. Belə müraciətlərin çoxu Ağcabədi, Ağdam, Bərdə, Goranboy və Şəmkir rayonlarının payına düşürdü. Bu məsələlər araşdırılmış, sakinlərin müraciətləri ilə əlaqədar 2012-ci ildə respublikanın 19 rayonunda 40 subartezian quyusu qazılmış, 11 rayonda 49 mövcud subartezian quyusu bərpa edilmişdir. Alınmış məlumata görə, 2013-cü ildə 45 yeni subartezian quyusunun  qazılması, 100 ədəd quyunun isə bərpası və təmiri nəzərdə tutulmuşdur.

Ölkə Prezidentinin qeyd etdiyi kimi, Taxtakörpü su anbarı - Samur-Abşeron kanalı və Şəmkirçay su dəryaçası istifadəyə verilməklə respublikada suvarma işləri daha da yaxşılaşacaq və on minlərlə hektar torpaq dövriyyəyə buraxılacaq, minlərlə fermer bundan bəhrələnəcəkdir.

İşçi və işəgötürən arasında əmək müqaviləsinin bağlanmaması və ya bağlanmış əmək müqavilələrində əməkhaqqı məbləğinin işçilərə verilən real məbləğdən aşağı göstərilməsi, bunların nəticəsində işəgötürənlərin vergidən və sosial ödənişlərdən yayınması hallarına qarşı hazırda ciddi tədbirlər görülür.

Əmək mübahisələrinə aid Prezident Administrasiyasına daxil olan müraciətlər bütövlükdə sosial müdafiə məsələləri üzrə müraciətlərin 17,2 faizini təşkil edir.

Vətəndaşlar bildirirlər ki, əmək müqaviləsinin bağlanılmasını tələb etdikdə, işdən qovulma halları ilə üzləşirlər və bu barədə əlaqədar qurumlara müraciətləri bəzən nəticəsiz qalır. Əmək müqavilələrinin bağlanmamasından həm vətəndaşlar, həm də dövlət büdcəsi zərər görür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında demişdir: "Baxmayaraq ki, Azərbaycanda işsizlik aşağı səviyyədədir, - keçən ilin yekunlarına görə 5,4 faizdir, - ancaq hələ də işsizlik var və bəzi hallarda bu işsizlik reallığı əks etdirmir. Çünki heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə, tikintidə işləyənlər, maaş alanlar vardır. Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni, belə hallar var və müvafiq göstərişlər verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə təmin edilsin və beləliklə, ölkə büdcəsinə daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam şəkildə."

Ölkə başçısının tapşırığından sonra bu sahədə nəzarət daha da gücləndirilmiş və həyata keçirilən müvafiq tədbirlər nəticəsində 55094 vergi ödəyicisi üzrə 180 mindən artıq işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilmişdir.

Müasir dövrdə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı aktual məsələlərdən biridir. Bu mövzuda daxil olan müraciətlərdən görünür ki, fermerləri daha çox narahat edən məsələlərdən biri istehsal olunmuş məhsulun saxlanması və satışıdır. Soyuducu anbar komplekslərinin tikilməsi ilə bu problem tədricən aradan qaldırılmaqdadır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən son illər ərzində ümumi tutumu 128,4 min tondan çox olan 40 soyuducu anbar kompleksinin quraşdırılması üçün güzəştli kreditlər ayrılmışdır. Həmin soyuducu anbar komplekslərinin 30-u artıq istifadəyə verilmişdir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər ümumilikdə ölkə əhalisi tərəfindən rəğbətlə qarşılansa da, Prezident Administrasiyasına daxil olan müraciətlərdə soyuducu anbarların işlədilməsində yol verilən nöqsanlardan narazılıq bildirilirdi. Bununla əlaqədar aidiyyəti qurumların mütəxəssisləri bölgələrdə olmuş, soyuducu anbarların texnoloji avadanlıqlarının vəziyyəti yerində araşdırılmış, qaldırılan məsələlər mövcud qanunvericiliyə uyğun olaraq həll edilmiş və müvafiq təlimatlar verilmiş, bu sahədə fəaliyyət göstərən sahibkarların iştirakı ilə regional konfranslar keçirilmişdir.

Bəzi müraciətlərdə sahibkarlıq subyektləri tərəfindən istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra neqativ hallara yol verildiyi, xaricdən ucuz qiymətə keyfiyyətsiz ərzaq və digər istehlak məhsullarının gətirilərək satışa çıxarıldığı, sanitariya normaları və qaydalarının pozulduğu bildirilir.

Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev ərzaq təhlükəsizliyi və ərzağın keyfiyyəti məsələlərini ön plana çəkmiş, həm yerli, həm xarici keyfiyyətsiz məhsulların bazarlarımıza yol açdığını, bunun insanların sağlamlığına mənfi təsir göstərdiyini qeyd edərək demişdir: "Son müddət ərzində bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır. Bu proses daim aparılmalıdır. Yerli sahibkarlar da bilməlidirlər ki, keyfiyyətsiz məhsul buraxsalar, onlar nəinki bazardan kənarlaşdırılacaqlar, cəzalandırılacaqlar. İdxala nəzarət daha da güclü olmalıdır".

Bakı şəhərində kənd təsərrüfatı məhsullarının süni qiymət artımının qarşısını almaq üçün bir neçə ildir təşkil edilən yarmarkalar özünü əsasən doğrultmuşdur. Hər həftənin şənbə və bazar günləri bu yarmarkalara çoxsaylı insan axını müşahidə olunur və insanlar öz müraciətlərində  onların təşkilini yüksək qiymətləndirirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında qeyd etdiyi kimi, ölkəmizdə kəndlilər, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar və "...ikinci belə ölkə tapılmaz ki, fermerlərə belə bir şərait yaradır, güzəşt edir və bu qədər vəsait ayırır". Dövlət başçısı Azərbaycanın böyük ixracatçı ölkəyə çevrilməsinin mümkünlüyünü qeyd etməklə yanaşı, bu məsələyə xüsusi diqqət yetirilməsini və lazımi tədbirlər görülməsini tələb edir.

Ölkə Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, bazar münasibətlərinin əsasında qurulan yeni iqtisadiyyatımızın aparıcı qüvvəsini özəl sektor təşkil edir. Hazırda ölkə iqtisadiyyatının 83 faizi özəl sektorun payına düşür. Təkcə 2012-ci ildə 5400 hüquqi şəxs və şirkət qeydiyyata alınmışdır ki, bunun da yarıdan çoxu xüsusi mülkiyyətə əsaslanır. Hazırda respublikada 63 min kiçik müəssisə fəaliyyət göstərir. Ancaq  sahibkarlığın inkişafına bəzi yerli icra hakimiyyəti, bələdiyyə, hüquq-mühafizə və digər nəzarət orqanları tərəfindən törədilən maneələr barədə istər fiziki, istərsə də hüquqi şəxslərdən daxil olan müraciətlərlə yanaşı, sahibkarların özbaşına hərəkətləri, vətəndaşların mənzil, istirahət, istehlakçı və digər hüquqlarını nəzərə almamaları, su, qaz və istilik xətlərini sıradan çıxarmaları, binaların giriş və çıxışlarına gedən yolları bağlamaları, öz obyektlərində müxtəlif asayiş pozuntularına yol vermələri barədə ərizə və şikayətlər də daxil olur.

Bir çox hallarda vətəndaşlar üçün süni problemlər yaratmış vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülmüşdür. Bir məsələni qeyd etmək lazımdır ki, il ərzində nəzarət qaydasında baxılmış müraciətlərin faizi əvvəlki ilə nisbətən artmışdır. Nəzarətlə baxılmış müraciətlərin  təhlili göstərir ki, onların 35,5 faizi müsbət həll olunmuş, 21,5 faizi icraya yönəldilmiş, 16 faizinə müvafiq izahat verilmiş, 11 faizi əsassız sayılmış, 8 faizi hazırda icra olunmaqdadır, 8 faizində qaldırılan məsələlər qanunvericiliyin tələblərinə zidd olduğundan onların həlli imkan və səlahiyyət xaricində olmuşdur.

Bilavasitə Prezident Administrasiyasında nəzarət qaydasında baxılmış müraciətlər əsasında 2012-ci ildə 40 nəfər vəzifəli şəxs işdən azad edilmiş, 56 nəfər vəzifəli şəxs barəsində müvafiq intizam tənbehi tədbiri  görülmüşdür. Daha konkret desək, Daxili İşlər, Səhiyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Nəqliyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri sistemində belə tədbirlər daha çox tətbiq edilmişdir.

Ümumiyyətlə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların yazılı və şifahi müraciətlərinə baxılması məsələləri həmişə nəzarətdə saxlanılır, öyrənilir, müntəzəm olaraq kollegiya və şuralarda,  aparat müşavirələrində və iclaslarında müzakirə olunur.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına daxil olan müraciətlər və onlara baxılması vəziyyəti şöbə tərəfindən öyrənilmiş, müəyyən edilmişdir ki, mərkəzi icra hakimiyyəti orqanlarına daxil olan müraciətlərin 72,4 faizi ərizə, 27,3 faizi şikayət, 0,3 faizi təklifdir. Yerli icra hakimiyyəti orqanlarında ərizələr 81,5 faiz, şikayətlər 18,1 faiz, təkliflər 0,4 faiz təşkil etmişdir.

Bir sıra şəhər və rayonların sakinləri yuxarı dövlət orqanlarından fərqli olaraq bilavasitə yerli  icra hakimiyyətlərinə daha az müraciət etmişlər. Buna misal olaraq Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarını, Ağdam, Beyləqan, Kürdəmir, Laçın və digər rayonları göstərmək olar.

Bu hal bəzi mərkəzi icra hakimiyyəti orqanlarında və başqa qurumlarda da müşahidə olunmuş, onlara aid məsələlər barəsində özlərindən çox Prezident Administrasiyasına müraciət daxil olmuşdur.

Mərkəzi icra hakimiyyəti orqanlarında müraciətlərin cəmi 16 faizinə, şəhər və rayon icra hakimiyyəti orqanlarında isə 21,2 faizinə nəzarət qaydasında baxılmışdır. Mərkəzi icra hakimiyyəti orqanlarında baxılmış müraciətlərin 48 faizi müsbət, 3 faizi qismən həll olunmuş, 8,4 faizi əsassız sayılmış, 16,7 faizində qaldırılan məsələlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilmiş, 5,4 faizi icradadır, qalanları baxılmaq üçün əlaqədar qurumlara göndərilmişdir. Yerli icra hakimiyyəti orqanlarında isə baxılan müraciətlərin 38,3 faizi müsbət, 5,6 faizi qismən həll olunmuş, 34,2 faizi barədə müvafiq izahat verilmiş, 6,8 faizi əsassız sayılmış, 4,5 faizi icradadır, 10,6 faizi əlaqədar qurumlara göndərilmişdir.

Son illər respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətlərinə baxılması daha dərindən təhlil olunur, əldə olunmuş nəticələr, bu sahədə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində görülmüş tədbirlər haqqında ictimaiyyətə müntəzəm məlumat verilir.

Vətəndaşların müraciətlərinə baxılması məsələləri 2012-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarında keçirilmiş kollegiya iclaslarında və müşavirələrdə 517 dəfə müzakirəyə çıxarılmış, yol verilən nöqsanlara görə 807 nəfərə intizam tənbehi tətbiq olunmuş, o cümlədən 42 nəfər işdən azad edilmişdir. Həmçinin 209 nəfərə töhmət və şiddətli töhmət verilmiş, 8 nəfərə xəbərdarlıq elan olunmuşdur.

2012-ci ildə şəhər və rayon icra hakimiyyətləri başçıları yanında şura və iclaslarda vətəndaş müraciətlərinə baxılması vəziyyəti 732 dəfə müzakirə edilmiş, müraciətlərə baxılmasında yol verilmiş nöqsanlara görə 231 nəfər barəsində intizam tənbehi tədbiri tətbiq edilmişdir.

Təəssüf ki, bəzi rəhbər vəzifəli şəxslər vətəndaşların müraciətlərinə baxılması nəticələri barədə məlumat verərkən çox da diqqətli olmur, bəzən məsələnin mahiyyəti üzrə cavab vermir, hər vasitə ilə özlərinə haqq qazandırmağa çalışırlar. Təbiidir ki, bununla vətəndaşın problemi həll olunmur və o, yenidən öz problemi ilə bağlı yuxarı instansiyalara müraciət etməli olur. Başdansovdu və biganə münasibətin müəyyən edildiyi cavablar cavabsız qalmır. Məsələyə qaneedici  cavab alınmadıqda, yaxud eyni faktla bağlı təkrar müraciət daxil olduqda, məsələ yenə nəzarətə götürülür, onun həllinin sona çatdırılması təmin olunur.

Şöbədə aparılan hər bir təhlil, öyrənilən hər bir problem, nəzarət qaydasında baxılan hər bir müraciət barəsində ətraflı məlumat vermək mümkün olmasa da, onu qeyd etməliyik ki, aparılan bütün işlər, o cümlədən təhlil və nəzarətin vəhdəti səmərəli nəticələr vermiş, Prezident Administrasiyasına daxil olan müraciətlərə daha diqqətlə yanaşılmış, respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, digər qurumlarda da bu işin təkmilləşdirilməsindən ötrü zəruri tədbirlər görülmüş, dövlət qulluqçularının vətəndaş müraciətlərinə münasibətdə məsuliyyəti daha da artmışdır.

 

 Təkrar və çoxsaylı müraciətlər nədən yaranır: məmur biganəliyindən, yoxsa yazmaq vərdişindən

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasına daxil olan müraciətlərin istər ümumi sayının, istərsə də növlər və mövzular üzrə sayının təhlili göstərir ki, bunların bir hissəsini təkrar və çoxsaylı müraciətlər təşkil edir. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericiliyə uyğun olaraq vətəndaş yazdığı müraciətə bir ay ərzində cavab almırsa, yaxud alınmış cavab onu qane etmirsə, bu halda yazılmış müraciət təkrar müraciət sayılır. Təkrar və çoxsaylı müraciətlərin yaranması əsasən vətəndaşlara vaxtında cavab verilməməsindən, yaxud tələbinin nə dərəcədə haqlı olub-olmadığı barədə lazımi izahat verilməməsindən, bəzi hallarda isə ayrı-ayrı vətəndaşların öz hüquqlarından sui-istifadə etməsindən, tələbinin haqsız olmasına baxmayaraq nəyin bahasına olursa-olsun onun yerinə yetirilməsini istəməsindən irəli gəlir.

Təkrar və çoxsaylı müraciətlərin daha çox daxil olduğu rayonlardan Bakı şəhərini və onun bəzi rayonlarını, Yevlax, Ağcabədi, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, Kəlbəcər, Kürdəmir, Lerik, Masallı, Neftçala, Saatlı, Şamaxı, Tərtər, digər şəhər və rayonları göstərmək olar.

Bu müraciətlərin çox olmasının səbəbləri bəzi hallarda müraciətlərin əsassız hesab edilməsindən, həmçinin vətəndaşların bütün tələblərini yerinə yetirmək imkanının olmamasından irəli gəlirsə, bəzən də ayrı-ayrı şəxslərin yuxarı orqanlara müraciət yazmağı vərdişə çevirməsinin nəticəsidir. Demək olar ki, respublikanın əksər rayonlarında belə peşəkar "yazarlar" vardır və müraciətlərin bir qismi onların "yaradıcılıq" məhsuludur.

Təəssüf ki, bir çox hallarda belə müəlliflərlə yerlərdə fərdi iş aparılmır, qaldırdıqları məsələlərin həllinin mümkün olub-olmadığı bu vətəndaşlara lazımınca izah edilmir. Bununla əlaqədar ötən illərdə mətbuatda dərc olunan icmallarda ayrı-ayrı şəxslərin konkret adları göstərilmiş və demək olar ki, onların bir çoxu artıq lüzumsuz yerə yazmaq vərdişindən əl çəkmişdir. 2012-ci ildə Prezident Administrasiyasına çox müraciət edən şəxslərin sayı 2011-ci ilə nisbətən 3 dəfə azalmışdır.

Ümumiyyətlə, müəyyən edilmişdir ki, ən çox yazan müəlliflər Binəqədidən Əhməd Məmməd, Xətaidən Səadət Həsənova, Nizamidən (Bakı) Ələsgər Əliyev, Sabunçudan Olqa Smolyaninova, Yasamaldan Səriyyə Yaqubova, Şəkidən Nəbi Hüseynbəyli, Ağcabədidən Zahid Musayev, İmişlidən Rumiyyə Gülməmmədova, Qubadlıdan Bəkir Bayramov, Lerikdən İlham və Mürüvvət İbadovlar, Siyəzəndən Sabir Zeynalov və başqalarıdır. Bunların arasında elə şəxslər vardır ki, bu "ənənələrini" bir neçə ildir davam etdirirlər.

Son vaxtlar əsassız müraciətlərin, xüsusilə, şikayətlərin artmasında bəzi hüquq müdafiəçilərinin və özünə "ictimai-siyasi, hüquqi jurnal", yaxud qəzet təsis etməklə bir möhür almış, təsis edilən gündən bircə nömrəsi də oxucu üzü görməmiş "jurnalist-redaktor"ların rolu az deyildir. Özlərini sadə vətəndaşların müdafiəçisi kimi təqdim edən belə "jurnalistlər" şəxsi mənafeləri naminə şikayət məktubları təşkil edərək Prezident Administrasiyasına və digər mərkəzi icra hakimiyyəti orqanlarına göndərməkdən yorulmurlar. Belələrindən biri, özünü "Arama" adlı ictimai-siyasi və hüquq jurnalının təsisçisi və baş redaktoru kimi təqdim edən Mahir Məmməd oğlu təkcə 2012-ci ildə "Lerik xalqı" adından 26 ədəd "Bildirişli Şikayət Məktubu" göndərmişdir. Bu şəxs eyni zamanda, laçınlı məcburi köçkün Azay Kərimova vəkillik edərək onun adından 22 müraciət, hərbi xidmət və digər məsələlərlə bağlı isə 29 müraciət göndərmişdir. Ən maraqlısı da odur ki, belə "zəngin" savada və biliyə malik baş redaktor bütün məktubları ancaq əlyazma şəklində göndərir, yəqin jurnalını da əlyazma şəklində çap etdirib yayacaqdır.

Vətəndaşların müraciət etmək hüququna hörmətlə yanaşmaqla bərabər, bu insanlarla fərdi söhbətlər aparılmalı, qaldırdıqları məsələlərin əsassız olması, yaxud həllinin qeyri-mümkünlüyü barədə müvafiq qurumlar tərəfindən onlara lazımi izahat verilməlidir.

 

Vətəndaşların qəbulu vətəndaşla birbaşa ünsiyyət deməkdir

 

 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olan yazılı müraciətlərin müəyyən hissəsi Prezident Administrasiyasının struktur bölmələrinin rəhbərlərinin qəbulunda olmaq, yaxud vətəndaşların mərkəzi və yerli icra hakimiyyətləri orqanlarının rəhbərləri tərəfindən qəbul edilməsinə kömək göstərilməsi barədədir.

Qəbulla əlaqədar müraciətlər Bakı şəhəri və onun bəzi rayonlarından, həmçinin Cəlilabad, Füzuli, Goranboy, Lerik, Sabirabad, Zaqatala, Zəngilan, Zərdab, başqa şəhər və rayonlardan daxil olmuşdur.

Qəbul üçün müraciət edən insanların nə istədiyi araşdırılarkən məlum olur ki, onlardan bir çoxu cənab Prezidentlə şəxsən görüşərək respublikada apardığı böyük quruculuq işlərinə görə minnətdarlıqlarını, Qarabağ münaqişəsinin həlli, xarici siyasət və digər məsələlərlə bağlı öz təklif və mülahizələrini bildirmək istəyirlər. Bunların arasında keçmiş hərbçilər, əmək və müharibə veteranları, sabiq dövlət qulluqçuları və başqaları vardır.

2012-ci il ərzində mərkəzi icra hakimiyyəti orqanlarında və onların tabeli qurumlarında 330 mindən, şəhər və rayon icra hakimiyyəti orqanlarında 200 mindən çox vətəndaş qəbul olunsa da, vətəndaşlar yenə də Prezident Administrasiyasına müraciət etməyə üstünlük verir və ən yüksək instansiyada problemlərinin həll olunacağına inanırlar.

Prezident Administrasiyasının Vətəndaşların qəbulu otağı hər bir vətəndaşın üzünə həmişə açıqdır və hər ayın sonunda mətbuatda dərc olunmuş qəbul cədvəlinə əsasən vətəndaşlar Prezident Administrasiyasının rəhbər vəzifəli şəxsləri və digər məsul işçiləri tərəfindən müntəzəm qəbul olunur, onları narahat edən məsələlər öyrənilir və lazımi tədbirlər görülür.

İl ərzində Prezident Administrasiyasında 10 minə yaxın vətəndaş qəbul olunmuş, onların arzu və istəkləri diqqətlə öyrənilərək müvafiq dövlət hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır.

2012-ci ildə Vətəndaşların qəbulu otağına Bakı şəhəri və onun bəzi rayonlarından, Beyləqan, Füzuli, İmişli, Kürdəmir, Laçın, Neftçala, Saatlı, Sabirabad, Salyan və sair şəhər və rayonlardan daha çox vətəndaş müraciət etmişdir.

Bu müraciətlər əsasən Kür çayının daşması nəticəsində evlərinə ziyan dəymiş şəxslər, habelə Bakı şəhərində aparılan yenidənqurma işləri ilə əlaqədar mənzilləri və ya ticarət obyektləri sökülmüş şəhər sakinləri, bəzi mənzil-tikinti kooperativləri tərəfindən dələduzluq yolu ilə aldadılmış vətəndaşlar, ayrı-ayrı yataqxanalarda məskunlaşmış ailələr, Dövlət Neft Şirkətinin ərazilərinə düşən sahələrdə özbaşına tikilmiş evləri sökülən sakinlər, ayrı-ayrı təhsil müəssisələrinin müəllimləri, tələbələri,  onların valideynləri, yeni salınmış məcburi köçkün qəsəbələrində mənzil almaq istəyən məcburi köçkünlər və başqaları tərəfindən olmuşdur.

Qrup halında edilən müraciətlərin öyrənilməsinin nəticələri göstərir ki, bunların bir çoxu şəhər və  rayon icra hakimiyyəti başçılarının yerlərdə keçirdikləri görüşlər və səyyar qəbullar zamanı müəyyənləşdirilib aradan qaldırıla bilən problemlərdir.

Vətəndaşların qəbulunun təkmilləşdirilməsi Prezident Administrasiyasında həmişə diqqət mərkəzində saxlanılır, bu məsələyə böyük əhəmiyyət verilir və müvafiq tədbirlər görülür. 2013-cü ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytında "Qəbula yazılmaq" elektron xidməti yaradılmışdır. Bu elektron xidmətin köməyi ilə vətəndaş müəyyən edilmiş tələblərə uyğun olaraq saytda göstərilən forma əsasında, orada yerləşdirilən qəbul cədvəllərindən istifadə etməklə qəbula yazıla bilər. Bu xidmət respublikanın uzaq şəhər və rayonlarında, kənd və qəsəbələrində yaşayan insanların  Bakıya gəlmək üçün böyük məsafə qət etmədən Prezident Administrasiyasının struktur bölmələri rəhbərlərinin qəbuluna yazılmasına imkan verir.

Əvvəlki illərdə Prezidentin rəsmi internet saytında yerləşdirilən "Dövlət orqanlarına müraciət etmək" bölməsi vasitəsilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və digər qurumların rəsmi internet saytlarında olan "Qəbul günləri" və "Müraciət etmək" xanalarının vaxtaşırı monitorinqi keçirilir.

Monitorinqlər göstərir ki, saytlar əsasən işlək vəziyyətdə olur. Lakin bir sıra təşkilatlarda vətəndaşlar üçün çox əlverişli olan bu elektron xidmət vasitəsinə lazımi diqqət göstərilmir. Bəzi təşkilatların saytlarında "Müraciət etmək" xanasının yaradılmasına baxmayaraq müraciət etmək üçün xüsusi forma hazırlanmayıb və bunun əvəzində ancaq elektron ünvan göstərilib. Elə qurumlar var ki, saytlarında ümumiyyətlə qəbul cədvəli yerləşdirilmir, əvvəlki illərə aid qəbul cədvəlləri qalır, yaxud birinci şəxsin qəbul günləri göstərilmir. Məsələn, Dövlət Sığorta Kommersiya Şirkəti, "Aqrarkredit" QSC, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik, Bakı Metropoliteni, İmişli və Qobustan RİH-ləri buna misal ola bilər. Gəncə şəhərinin Kəpəz və Nizami rayonları icra hakimiyyətlərinin saytları isə hələ də yaradılmamışdır.

Şöbə tərəfindən həmçinin Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında 2013-cü ilə dair vətəndaşların qəbulu cədvəlləri öyrənilmişdir.

Cədvəllərə əsasən demək olar ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əksəriyyətində həftənin bütün iş günləri vətəndaşlar qəbul edilir, imtiyazlı şəxslərin növbədənkənar qəbul edilməsi nəzərdə tutulur. Əvvəlki illərdə olduğu kimi, yerlərdə hər həftə səyyar qəbulların keçirilməsi planlaşdırılır.

Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar, Vergilər, Nəqliyyat nazirlikləri, "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Lənkəran, Şəki, Ağcabədi, Ağdaş, Ağsu, Beyləqan, Göygöl, Xəzər, Xocavənd, Qəbələ, Saatlı, Samux, Səbail, Şəmkir, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətləri tərəfindən qəbul cədvəlləri müvafiq qaydalara uyğun olaraq daha yaxşı tərtib edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, AzərTAc-ın, Şirvan Apelyasiya Məhkəməsinin qəbul cədvəllərində rəhbər şəxslərin həftədə 2 qəbul gününün olması müsbət haldır. 

Bununla yanaşı, bəzi qurumların qəbul cədvəllərində hələ də qüsurlar nəzərə çarpır. Bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarında vətəndaşların qəbul günləri və qəbul saatları məhdudlaşdırılır, əlaqə telefonları göstərilmir, qəbul üçün iş gününün sonunda cəmi 2-3 saat vaxt ayrılır, vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu ay ərzində cəmi bir gün həyata keçirilir.

Göstərilən bu və digər nöqsanlara tam və ya qismən Gənclər və İdman, Sənaye və Energetika nazirliklərində, Standartlaşdırma, Metrologiya və Patent, Dini Qurumlarla İş, Qiymətli Kağızlar üzrə dövlət komitələrində, Dövlət Sığorta-Kommersiya Şirkətində, Bakı Metropolitenində, Mülki Aviasiya Administrasiyasında, "KapitalBank", "Azneftkimyamaş", "Bakıelektrikşəbəkə", "Azəristiliktəchizat" ASC-lərdə, "Azərbaycan Hava Yolları" QSC-də, Auditorlar Palatasında, "Azərittifaq"da, Gəncə  şəhərinin Kəpəz rayon, Yevlax, Cəbrayıl, Xızı, Kəlbəcər, Qazax, Neftçala, Şabran, Şamaxı, Tovuz, başqa şəhər və rayon icra hakimiyyətlərində təsadüf edilir.

Adları çəkilən qurumlar vətəndaşların qəbulu ilə əlaqədar məsələlərə diqqəti artırmalı, vətəndaşlarla daha sıx ünsiyyətin vacibliyini nəzərə almalıdırlar.

 

Elektron sənəd dövriyyəsi müasir idarəçilik sistemində əsas vasitədir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında elektron xidmətlərin göstərilməsinin dövlət idarəçiliyində mühüm amil olduğunu qeyd edir və bu məsələni bilavasitə nəzarətdə saxlayır. Dövlət başçısı 2012-ci il aprelin 16-da Nazirlər Kabinetinin iclasında hər bir dövlət qurumunda elektron xidmətin yaradılmasını, ölkə Prezidentinin bu barədə fərman və sərəncamlarının şərtsiz və yubanmadan icra edilməsini tələb etmiş və bildirmişdir: "Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür".

Cənab Prezidentin bu tapşırığından sonra bir sıra dövlət qurumlarında qısa müddət ərzində elektron xidmətlərin göstərilməsinin təşkili üçün lazımi tədbirlər görülmüş və 40 dövlət orqanının xidmətləri "Elektron hökumət" portalına daxil edilmişdir. Həmin portalda dövlət qurumları real vaxt rejimində birləşdirilmişdir. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 417 xidmətdən 158-i artıq portalda cəmləşdirilmiş və internetə birbaşa çıxışı olan əhalinin istifadəsinə verilmişdir.

"Elektron hökumət" portalının yaradılması Azərbaycan cəmiyyətində böyük maraqla qarşılanmış, təkcə 2012-ci ilin dekabr ayında vətəndaşlar və sahibkarlar ümumilikdə portalda təqdim olunan xidmətlərdən 8 min dəfə istifadə etmişlər. Layihənin əsas məqsədi korrupsiyaya qarşı mübarizədə şəffaflığın gücləndirilməsi, dövlət orqanlarının vətəndaşlar qarşısındakı məsuliyyətinin yüksəldilməsidir. Ümumiyyətlə, ölkəmizdə İKT-nin inkişaf etdirilməsi sahəsində dövlət başçısının apardığı siyasət ölkə iqtisadiyyatını gücləndirməklə yanaşı, həm də vətəndaşların sosial problemlərinin həllinə istiqamətlənmişdir. Ölkə Prezidenti 2013-cü il fevralın 5-də imzaladığı fərmanla "Elektron hökumət" portalı haqqında Əsasnamə"ni təsdiq etmiş və elektron xidmətlərin genişlənməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi barədə tapşırıq  vermişdir.

Hazırda bütün vacib sahələrdə İKT-nin tətbiqi genişlənir, elektron sənədləşmə və elektron xidmətlər əsas iş vasitəsinə çevrilir. Elektron hökumətin yaradılması, eləcə də dövlət idarəetməsində sənədlərlə işin müasir tələblər səviyyəsində qurulması dövlət orqanlarında elektron imzanın və elektron sənəd dövriyyəsinin tətbiqini zəruri edir. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 11 avqust tarixli sərəncamı ilə təsdiq olunmuş "Elektron Azərbaycan" Dövlət Proqramında bu işin mərhələlərlə həyata keçirilməsi üçün tədbirlər müəyyən edilmişdir. Həmin tədbirlərin yerinə yetirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli fərmanı ilə "İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə" təsdiq edilmişdir.

İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin yaradılması respublikamızın dövlət idarəçiliyində tamamilə yeni mərhələdir. Prezident Administrasiyası bu sistemin təşkilatçısı kimi müvafiq tədbirlər görür. Sistem əsasında dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın yaxşılaşdırılması, operativliyin, hər bir vəzifəli şəxsin verilmiş tapşırıqlar üçün məsuliyyətinin artırılması prinsipi durur. Sistemin işinin düzgün təşkili hər bir  strukturun fəaliyyətinə nəzarətin təmin edilməsinə, həm də ölkə vətəndaşlarının problemlərinin operativ həllinə müsbət təsir göstərəcəkdir. Bu sistem hər bir tapşırığın icra müddətləri ilə yanaşı, keyfiyyətinə də nəzarət olunmasına imkan verir. Yeni sistem bürokratik əngəllərin, həmçinin bəzi vəzifəli şəxslərin qeyri-obyektiv münasibətlərinin minimuma endirilməsinə gətirib çıxaracaqdır.

Dövlət başçısının fərmanına əsasən sistem 2013-cü il iyulun 1-dən fəaliyyətə  başlayacaqdır. Bu gün artıq əminliklə demək olar ki, bu istiqamətdə böyük işlər görülmüş, sistemin iştirakçıları ən müasir avadanlıq və proqram təminatı ilə təchiz olunmuşdur. Bu sahədə qabaqcıl ölkələrin, dünyada tanınmış şirkətlərin təcrübəsindən istifadə edilməkdədir. Sistemin təhlükəsizliyi tam təmin edilmişdir və onun təşkili zamanı kiberhücumlara və icazəsiz müdaxilələrə qarşı dünya standartlarına cavab verən ən müasir təhlükəsizlik tədbirləri görülmüşdür.

Bu sistemin səmərəli işləməsinin əsas şərtlərindən biri insan resurslarıdır. Bu istiqamətdə də müvafiq işlər görülür. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral tarixli sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetinin yaradılması bu sahədə daha səriştəli kadrların yetişdirilməsinə xidmət edir.

Elektron hökumətə gedən yol elektron sənəd dövriyyəsindən keçir. Əminliklə demək olar ki, bu sistemin fəaliyyəti dövlət orqanlarının işinə, həmçinin ölkə əhalisinə göstərilən xidmətlərin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək və gələcəkdə respublikada bütün fəaliyyət sahələrini əhatə edəcəkdir.

 

Sənədlərin qorunması sənədlərlə işin tərkib hissəsidir

 

 Azərbaycan xalqının tarixinin ilk mənbələr əsasında öyrənilib yazılmasında dövlət qurumlarında yaranan və formalaşan sənədlərin böyük əhəmiyyəti nəzərə alınaraq bu istiqamətdə bir çox işlər görülür. 

Şöbə tərəfindən Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarında sənədlərin dövlət arxivinə təhvil verilməsinin öyrənilməsi göstərir ki, əksər şəhər və rayon icra hakimiyyətlərində "Milli Arxiv Fondu haqqında" qanunun tələblərinə əməl olunur.

Bu məsələyə Bakı şəhərinin Nizami, Sabunçu və Suraxanı rayon, Gəncə, Lənkəran, Naftalan, Şəki, Şirvan, Ağcabədi, Ağdaş, Astara, Balakən, Biləsuvar, Cəlilabad, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, İmişli, Kəlbəcər, Qax, Qəbələ, Qusar, Laçın, Lerik, Masallı, Neftçala, Oğuz, Saatlı, Şamaxı, Şəmkir, Yardımlı,  Zaqatala, digər şəhər və rayon icra hakimiyyətlərində daha yaxşı fikir verilmişdir.

Son illərdə rayon ərazilərində fəaliyyət göstərən ikili tabeli dövlət idarə və təşkilatların sənədlərinin dövlət arxivlərinə təhvil verilməsinə də nəzarət artırılmış, onlara praktiki və metodiki yardım göstərilməsi yaxşılaşdırılmışdır.

Milli Arxiv İdarəsinin məlumatına görə yerli icra hakimiyyəti orqanlarının əksəriyyəti 2006-2007-ci illərə aid sənədləri dövlət arxivinə təhvil vermişlər, bəziləri 2008-ci ilin sənədlərinin də arxivə təhvil verilməsi üçün hazırlıq işlərinə başlamışlar.    

Lakin Bakı şəhərinin Binəqədi, Xəzər rayon, Mingəçevir, Göyçay, İsmayıllı, Salyan, Siyəzən, Ucar, Zərdab və sair şəhər və rayon icra hakimiyyətləri bir qədər ləngiməyə yol verərək yalnız 2006-cı ilin sənədlərini təhvil vermişlər.  

Son zamanlar respublikada struktur dəyişikliyi və ya  özəlləşdirmə prosesində ləğv olunmuş təşkilatların arxiv sənədlərinin dövlət arxivinə verilməsi yaxşılaşsa da, bu sahədə hələ bəzi qüsurlar vardır. Vətəndaşlar arxivlərdən, həmçinin bəzi dövlət orqanlarının arxivlərindən sənəd əldə etməkdə çətinliklərlə rastlaşır və məcburiyyət qarşısında Prezident Administrasiyasına müraciət etməli olurlar. 2012-ci il ərzində Prezident Administrasiyasına bununla əlaqədar 120-dək vətəndaş müraciət etmişdir.

Təhlillər göstərir ki, onlar əsasən aqrar islahat komissiyaları tərəfindən ayrılan pay torpaqları, Qarabağ müharibəsində iştirak etmələri ilə bağlı sənədlərin verilməsini, sovet dövründəki iş stajlarının və əməkhaqlarının məbləğinin təsdiq edilməsini xahiş edirlər. Göstərdiyimiz problemlərlə bağlı ən çox Bakı, Lənkəran, Sumqayıt, Ağdam, Daşkəsən, Göyçay, Quba, Sabirabad, Zaqatala, başqa şəhər və rayonların sakinləri müraciət etmişlər.

Məsələn, Bakı şəhəri Xətai rayon sakini Mira Ağayeva mərhum atası İ.Ağayevin 40 il əvvəl "Azneft" İstehsalat Birliyindən aldığı mənzili özəlləşdirmək məqsədilə orderin surətini almaq üçün müxtəlif qurumlara etdiyi müraciətlərinin nəticəsiz qalmasından şikayətlənir. Onun müraciəti Dövlət Neft Şirkətinə göndərilsə də, orada həmin məlumatın olmadığı bildirilmişdir. Belə hallar bir daha sübut edir ki, struktur dəyişikliyi və ya özəlləşdirmə prosesində ləğv olunmuş təşkilatların arxiv sənədlərinin dövlət arxivinə verilməməsi vətəndaşlar üçün bir çox problemlərin yaranmasına səbəb olur.

İndiki informasiya-kommunikasiya texnologiyaları bu sahədə geniş imkanlar yaradır. Onların imkanlarından istifadə etməklə elektron arxivlərin yaradılması artıq dövrün, zamanın tələbidir.    

 

Yeni qələbələrə aparan davamlı inkişaf yolu

 

2013-cü ildə ölkədə böyük quruculuq işləri aparılmaqla yanaşı, çox mühüm siyasi hadisə olan prezident seçkiləri də keçiriləcəkdir. Prezident seçkiləri cəmiyyətin daha da fəallaşması, insanların öz gələcəyini müəyyənləşdirmək üçün seçim etməsi baxımından olduqca əhəmiyyətlidir. Heç bir şübhə yoxdur ki, bu il vətəndaşların fəallığı daha da artacaq, onlar Vətənimizin gələcəyinə işıq salan Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna inam və sədaqətlərini bir daha nümayiş etdirəcəklər. Xalqımız Heydər Əliyev ideyalarını ardıcıl həyata keçirməklə müstəqilliyimizi əbədiləşdirən, vətəndaşlarımızın arzu və istəklərini uğurla yerinə yetirən, respublikamızın ərazi bütövlüyünün bərpası üçün düşünülmüş addımlar atan və bu işdə artıq kifayət qədər uğur qazanan Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər.

Çünki Azərbaycan xalqı həmişə ağı qaradan seçməyi bacarıb və 1993-cü ildən öz taleyini ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına etibar edib. 2003-cü ildən ölkənin bu ən böyük siyasi qüvvəsinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sədrlik edir. Xalqımız məhz bu partiyanın rəhbərliyi ilə dövlətçiliyini dağılmaqdan xilas edərək müstəqilliyi daha da möhkəmləndirmiş, yoxsulluq məngənəsindən xilas olmuş və uğurlu inkişaf yolu ilə inamla irəliləyir.

Azərbaycan xalqının bütün təbəqələrini təmsil edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2013-cü il fevralın 4-də keçirilmiş IV qurultayında bu il keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edilmiş və buna razılıq verməsi barədə müraciət qəbul olunmuşdur.

2013-cü ilin tarixi hadisələrindən biri də odur ki, bu il  xalqımız yeni və müstəqil Azərbaycanın memarı və qurucusu dahi Heydər Əliyevin 90 illik yubileyini böyük sevgi və məhəbbətlə qeyd edəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla əlaqədar imzaladığı 2013-cü il 21 yanvar tarixli sərəncamında ümummilli liderimizin xidmətlərinə layiqincə qiymət verilmiş və müvafiq tədbirlər planı təsdiq edilmişdir. Azərbaycan vətəndaşları əmindirlər ki, bu yubiley əsl ümumxalq bayramına çevriləcək, Heydər Əliyev xətti bundan sonra daha əzmlə  davam etdiriləcəkdir.

2013-cü il Azərbaycanın kosmik ölkələr sırasına daxil olduğu il kimi də tarixə düşəcəkdir və bu il daha böyük quruculuq və abadlıq işlərinin şahidi olacağıq. Şübhə yoxdur ki, vətəndaşların həyat şəraiti daha da yaxşılaşacaq, pensiya və müavinətlər, əməkhaqları artacaq, insanlara qayğı və diqqət daha da yüksələcəkdir.

Bu ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində dünya siyasətçiləri və biznesmenləri elitasının iştirakı ilə keçirilmiş Dünya İqtisadi Forumunun müxtəlif sessiyalarında çıxışlar etmiş, ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə forum iştirakçılarına ətraflı məlumat vermiş, burada iştirak edən bir çox dövlət başçıları, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və diplomatlarla çoxsaylı görüşlər keçirmişdir. Forumun icraçı sədri Klaus Şvabla keçirilən görüşdə Davos Dünya İqtisadi Forumunun 2013-cü ilin aprel ayında Bakıda keçirilməsi razılaşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu ilin yanvarında keçirilən iclasında hər bir dövlət orqanının, dövlət məmurunun vəzifəsini müəyyənləşdirərək demişdir: "İl başlayır, bütün dövlət, hökumət qurumları öz vəzifə borclarını bilirlər. Əminəm ki, hər bir dövlət məmuru bu il ərzində öz Vətəninə, xalqına sədaqətlə xidmət edəcək və 2013-cü ili də biz uğurla başa vuracağıq".

Ölkə Prezidentinin bu sözləri hər bir vəzifəli şəxs və hər bir vətəndaş üçün örnək olmalı, bütün sahələrdə, o cümlədən vətəndaşların müraciətlərinə baxılması sahəsində qarşıya qoyulmuş tələblərin yerinə yetirilməsi təmin edilməlidir.

 

 

Süleyman İSMAYILOV,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının Sənədlərlə və vətəndaşların

müraciətləri ilə iş şöbəsinin müdiri

 

Azərbaycan.-2013.- 8 fevral.- S.3-5.