İsa Qəmbər və Əli Kərimli antiazərbaycan mövqeli Əkrəm Əylisliyə tam dəstək verirlər, amma susmaqla

 

Dövlət müstəqilliyinin bərpasından ötən 21 ildə Azərbaycan bir çox keçmiş sovet respublikalarından fərqli olaraq, böyük uğurlara imza atmışdır. İqtisadi, siyasi, mədəni sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxaq aləmdə nüfuzunu artırmışdır. Tarixi həqiqətdir ki, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda - taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqradasiyası təhlükəsinin qarşısını almışdır.

Hakimiyyətə qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçən ümummilli lider azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin inkişafı ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirmişdir.

Hələ Sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən ulu öndər Azərbaycanın görkəmli şair və yazıçılarının, elm, incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində milli-mənəvi dəyərlərimiz qorunmuş, adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüzillərin sınağından günümüzə gəlib çatmış irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri addımlar atılmışdır. Böyük strateq Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün fəlsəfəsi yalnız xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanışı məramına hesablanmışdı. Bu məqsədə yetişmək üçün Heydər Əliyev azərbaycançılıq məfkurəsinin rejimin ideoloji repressiya maşını ilə boğulmasına nəinki imkan verməmiş, eyni zamanda milli məfkurə və düşüncə sahibi olan ziyalıları qorumuş, nəticədə respublikada dissident yazarlar olmamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, klassik yazıçı və şairlərinin xatirəsini əbədiləşdirən, onların əsərlərinin təkrar nəşrini təmin edən Heydər Əliyev milli ədəbi düşüncənin inkişafına da əsaslı təkan vermişdir.

Həmin dövrdə milli düşüncəli vətənpərvər ziyalılarımızın imperiyanın xüsusi xidmət orqanlarının təqiblərindən qurtulması, milli dövlətçilik hissinin güclənməsinə xidmət edən sanballı əsərlər yazıb-yaratması da ümummilli lider Heydər Əliyevin xalqına necə bağlı şəxsiyyət olduğunu təsdiqləyir. Vaxtı ilə azərbaycançılıq məfkurəsini əsərlərində təbliğ etdiklərinə görə şovinizmdə, millətçilikdə günahlandırılan, təqiblərə məruz qalan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Anar, Ziya Bünyadov kimi şəxsiyyətləri ən çətin məqamlarda qoruyan Heydər Əliyev milli kökə bağlı şəxsiyyət olduğunu bir daha sübuta yetirmişdir.

Prezident İlham Əliyev də ilk gündən xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. Ölkə başçısı mədəni, elmi, habelə yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində mühüm amildir.

Təəssüflər olsun ki, bu gün adını ziyalı qoyan Eldar Namazovun, Rüstəm İbrahimbəyovun təsisçi olduğu "reneqantlar" dəstəsi seçkiqabağı siyasi şou göstərirlər. "İnkarçılar"ın toplaşdığı bir qurumun təmsilçiləri öz şəxsi problemlərini qabartmaqla bunu xalqın problemi kimi qələmə verməyə cəhd göstərirlər. Bu "ziyalı" qrupunun antiazərbaycan şəbəkənin təsiri altına düşərək ziyalı adına yaraşmayan hərəkətləri yalnız ikrah doğurur. "Ziyalılar" qrupuna daxil olan və son günlər gündəmin əsas müzakirə mövzusuna çevrilən "Daş yuxular" əsəri müəllifi Əkrəm Əylisinin də antiazərbaycan şəbəkənin "əmr" qulu olduğunu üzə çıxartdı. Zaman-zaman bu "ziyalı"nın iç üzü cəmiyyətə açılsa da, onun xisləti  birbaşa erməni dəyirmanına su tökdüyü "Daş yuxular"dan sonra aşkara çıxdı. Ə.Əylisli öz əsərində xalqın milli heysiyyətinə toxunaraq ona mənəvi zərbə vurmaqla erməni daşnaklarının əsas ideoloqlarından heç də fərqlənmədiyini göstərmiş oldu.

Azərbaycan ictimaiyyəti bu "əsər"ə öz kəskin etirazını bildirsə də, daim  milli heysiyyətdən dəm vuran müxalifət təmsilçiləri bu məsələdə nala-mıxa vurmağa başladılar. "İctimai Palata" adlı qondarma qurumun bu günlərdə verdiyi bəyanat da təəssüf doğurur. Əli Kərimli və İsa Qəmbər "Daş yuxular" əsərinin müəllifi Ə.Əylislinin yaradıcılıq azadlığını qeyd-şərtsiz tanıdıqlarını bildiriblər. Bu isə ifrat radikalların dolayısı ilə Ə.Əylislini müdafiə etdikləri anlamına gəlir. Əlbəttə ki, bu məqam adıçəkilən şəxslərin bir şəbəkədən idarə olunduğunu deməyə əsas verir. İsa Qəmbərin vaxtilə söylədiyi "Maraqlarım naminə şeytanla da əməkdaşlığa gedərəm" fikri bu gün öz təsdiqini tapır. Ermənilərə "dayı" deməklə qürur duyan və yazılarında erməni dostlarının niskilini çəkdiyini açıq deyən Ə.Əylislinin hərəkətlərinə haqq qazandıran bu partiya rəhbərləri maraqları naminə hər cür rəzilliyə getməyə hazır olduqlarını bir daha sübuta yetirdilər.  

"Ziyalılar qrupu"nun təsisçisi Rüstəm İbrahimbəyov, eləcə də  məqsəd və məramı bəlli olmayan "El" hərəkatının əsas istiqamətverici siması olan Eldar Namazovun da məsələdə "sürüşkən" mövqe sərgiləmələri onların da birbaşa antiazərbaycan şəbəkənin diktəsi altında fəaliyyət göstərdiklərini təsdiqlədi. Özlərini "ziyalı" adlandıran bir qurumun nümayəndələrinin Ə.Əylislinin "erməni yuxuları"na konkret münasibət bildirməmələri əsl ziyalı təfəkkürü və dünyagörüşü ilə qətiyyən üst-üstə düşmür.

Sual olunur: bəs əsl ziyalı mövqeyi harada qaldı? Ad almaq və təltif olunmaq ziyalı olmağa dəlalət etmir. "Ziyalı" qrupunda təmsil olunan şəxslərin ümummilli maraqlar pərdəsi altında gizlənərək şəxsi ambisiyaları uğrunda mübarizə apardıqları bəlli olur. "Reneqantlar" dəstəsinin məhz ümummilli maraqları şəxsi maraqlara satan manqurtlaşmış bir qrup olduğu bununla da təsdiqini tapdı.  

Bütün sahələrdə əldə edilmiş uğurları gözü götürməyən xarici antiazərbaycançı dairələr belə "ziyalılardan" istifadə etməyə çalışırlar. Ə.Əylisli də növbəti "qurban" oldu.  Ziyalının yeganə fəaliyyət amalı xalqın mənafeyini düşünən, onun sabahını prioritet hesab edən, dövlətin, dövlətçiliyin qorunmasına xidmət göstərən əsl vətəndaşlıq mövqeyi olmalıdır. Əsl ziyalı mövqe dəyişikliyindən, avantürizmdən uzaq olmalıdır. Bu adı daşıyan insan  elmə, maarifə, tərəqqiyə, kamilliyə xidmət etməklə ziyalı missiyasını ləyaqətlə daşımalıdır. Antiazərbaycançı şəbəkənin böyük oyunlarının xırda oyunçusuna çevrilən Ə.Əylisli də xəyanətkar "ziyalı"lar arasında öz yerini tutdu. Tarix sübut edir ki, dövlətinə, xalqına qarşı xəyanət yolunu tutan insanların cəzası çox ağır olur.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 8 fevral.- S.6.