«Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları» layihəsinin təqdimatı olmuşdur

 

Fevralın 7-də Azərbaycan Mətbuat Şurasında (MŞ) "Türkdilli xalqların həyatı və inteqrasiya məsələləri Azərbaycanın kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları" layihəsinin təqdimatı olmuşdur.

AzərTAc xəbər verir ki, tədbiri giriş sözü ilə açan MŞ-nin sədri Əflatun Amaşov bildirmişdir ki, Şuranın Zərdabi Mətbuat Mərkəzi (ZMM) ilə birgə həyata keçirdiyi layihə bütövlükdə 2013-cü ili əhatə edəcəkdir. Cari ilin əvvəlindən başlanmış layihənin icrası üçün ZMM-nin tərkibində türkdilli ölkələrin və toplumların mediası ilə üzrə departament də yaradılmışdır.

Layihənin Azərbaycanın kütləvi informasiya vasitələrinin türk dünyası ilə bağlı prosesləri daha yaxından işıqlandırmasına dəstək baxımından vacibliyini önə çəkən Ə.Amaşov, Mətbuat Şurasının türkdilli xalqların yaşadıqları bölgələrdəki media orqanlarını bir araya gətirmək istiqamətindəki fəaliyyətindən də söz açmışdır. Bildirmişdir ki, Şura 2011-ci ilin sonunda Türkdilli Ölkələrin və Toplumlarının II Media Forumunu keçirmişdir. Növbəti forumun Qırğızıstanda təşkilinin qərara alındığını deyən MŞ sədri Zərdabi Mətbuat Mərkəzinin reallaşdırdığı layihənin türk dünyasındakı media vasitələrinin konsolidasiyasına Azərbaycan mediasından əməli dəstəyin təminatı baxımından vacibliyinə toxunmuşdur.

Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə çıxış edərək layihənin məqsədinin Azərbaycan mediasının və ümumilikdə jurnalistlərin türk dünyası ilə bağlı materiallara diqqətini artırmaqdan, mətbuat orqanlarının mövcud sahədəki peşəkarlıq səviyyəsinə dair konkret meyilləri müəyyənləşdirməkdən, həmçinin jurnalistlərin sahəyə marağını stimullaşdırmaqdan ibarət olduğunu demişdir.

Sonra R.Hüseynzadə layihə çərçivəsində keçirilən monitorinqin yanvar ayı üçün nəticələrini açıqlamışdır. Bildirilmişdir ki, monitorinqə cəlb olunmuş media vasitələrinin sayı 30 olmuşdur. Onlardan 23-ü qəzet, 7-si internet üzərindən yayımlanan informasiya agentliyi, xəbər portalıdır. Monitorinqdə janr, mövzu seçiminə, mövzuya yanaşma xüsusiyyətlərinə, peşə prinsiplərinə riayət edilməsinə diqqət yetirilmişdir. Müəyyənləşdirilmişdir ki, qəzetlərdə, informasiya agentliklərində və xəbər portallarında türk dünyası ilə bağlı ay ərzində getmiş materialların ümumi sayı 338-dir. Bunlardan 172-si qəzetlərin, 166-sı isə internet üzərindən yayımlanmış media vasitələrinin payına düşür. Qəzetlərin barəsində ən çox material dərc etdiyi türkdilli ölkə Türkiyədir. Sonrakı yerləri Qazaxıstan və Qırğızıstan tutur. 

Türkdilli ölkə və toplumların dünyaya inteqrasiyası baxımından medianı son dərəcə güclü vasitə kimi dəyərləndirən Şimali Kipr təmsilçisi Sadettin Topukçu medianın türk dünyasının üzləşdiyi ədalətsizliklərin dünyaya çatdırılmasını təmin edən mühüm silah olduğunuondan istifadənin məqsədyönlü xarakter daşımasının strateji əhəmiyyət daşıdığını vurğulamışdır.

Tədbirdə "Zaman Azərbaycan" qəzetinin baş redaktoru Süleyman Ünal, "Dialoq Avrasiya" Platformasının Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatçı, MŞ idarə heyətinin üzvü, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və digərləri layihənin əhəmiyyətindən bəhs edərək həyata keçirilən təşəbbüsün davamlı xarakter daşımasının vacibliyini vurğulamışlar.

Sonda layihənin rəhbəri, respublika Ağsaqqallar Şurasının beynəlxalq əlaqələr şöbəsinin müdir müavini, "Türk dünyası ağsaqqalları" qəzetinin baş redaktoru Ramin Əhmədov qarşıda duran vəzifələr barədə məlumat vermişdir. Bildirmişdir ki, layihənin əsas məqsədlərindən biri də medianın türk dünyası ilə bağlı yaradıcılıq fəaliyyətini stimullaşdırmaqdan ibarətdir. Buna görə də ZMM jurnalistlər arasında "Heydər Əliyev və türk dünyası" mövzusunda yazı müsabiqəsi elan etmişdir. Sonra müsabiqə barədə ətraflı məlumat verilmişdir.

 

 

Azərbaycan.-2013.- 8 fevral.- S.7.