Bill Şuster: Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir

 

ABŞ Nümayəndələr Palatasının Pensilvaniyadan olan üzvü Bill Şuster Konqresin iclasında Xocalı soyqırımı ilə bağlı çıxış etmişdir.

AzərTAc xəbər verir ki, bu il müasir Azərbaycan tarixinin ən böyük faciəsi olan Xocalı soyqırımından 21 il ötdüyünü bildirən B.Şuster Nümayəndələr Palatasının üzvlərinə faciə ilə bağlı ətraflı məlumat vermişdir. Konqresmen demişdir: "Bu ay biz həmin fəlakətli və ürəkağrıdıcı günün 21-ci ildönümünü qeyd edəcəyik. Təəssüf ki, bu gün Xocalı soyqırımına Azərbaycanın hüdudlarından kənarda demək olar ki, heç bir diqqət yetirilmir. Bununla belə, rəsmilər kimi, bizim ən güclü cəhətlərimizdən biri az tanınan və tanıdılması zərurət doğuran həqiqətləri işıqlandırmaq imkanımızın mövcud olmasıdır. Azərbaycanın dostu kimi, həmkarlarıma xatırlatmaq istərdim ki, biz Xocalıda baş vermiş faciəni heç vaxt unutmamalıyıq. O zaman Xocalı faciəsi "Boston Globe", "Washington Post", "New York Times", "Financial Times", eləcə də Avropanın və Rusiyanın bir sıra xəbər agentlikləri də daxil olmaqla, beynəlxalq mətbuat orqanlarında geniş işıqlandırılmışdır".

B.Şuster vurğulamışdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən və Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Xocalı şəhəri etnik azərbaycanlıların kütləvi surətdə ən çox qətlə yetirildikləri bir yerdir. Əhalisinin sayı təxminən yeddi min nəfər olan Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ən iri yaşayış məkanlarından biri idi. "Human Rights Watch" təşkilatının və digər beynəlxalq müşahidəçilərin verdikləri məlumata görə, Xocalı soyqırımı Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının köməkliyi ilə həyata keçirilmişdir. "Human Rights Watch" təşkilatı Xocalı faciəsini Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş ən böyük soyqırımı adlandırmışdır.

Konqresmenin sözlərinə görə, 1993-cü ildə öz hesabatında bir müşahidəçi qrupu bildirmişdir ki, Xocalı soyqırımından sonra Ermənistan silahlı qüvvələri ərazidə nəzarəti ələ keçirdiklərinə görə qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının sayı barədə dəqiq məlumatlar yoxdur və ümumən 200 azərbaycanlının qətlə yetirilməsi geniş miqyasda qəbul edilsə də, əslində, 500-1000-dək insan həlak olmuşdur.

Azərbaycanın ABŞ-ın güclü strateji tərəfdaşı və dostu olduğunu vurğulayan B.Şuster demişdir: "Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir və azərbaycanlılar bu faciənin ildönümünü qeyd edərkən həmkarlarımı mənimlə birlikdə onlarla yanaşı dayanmağa çağırıram".

 

 

Azərbaycan.-2013.- 8 fevral.- S.7.