Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri

 

Dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər                        

 

Fevralın 8-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliç mətbuata bəyanatlarla çıxış etmişlər.

 

 Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

 

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Mən Sizi, cənab Prezident, bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Bu, Azərbaycana Sizin birinci səfərinizdir. Mən çox şadam ki, səfər uğurlu keçir. Əminəm ki, səfərin nəticələri çox müsbət olacaq və əlaqələrimizin gələcək inkişafını təmin edəcəkdir.

Biz Sizinlə bu gün keçirdiyimiz fikir mübadiləsi əsnasında ikitərəfli əlaqələrimizin bütün aspektlərini geniş şəkildə müzakirə etdik. Bir daha görürük ki, Serbiya ilə Azərbaycan arasında olan əlaqələr dostluq və strateji tərəfdaşlıq üzərində qurulmuşdur. Biz bundan sonra da siyasi əlaqələrimizi gücləndirəcəyik və bütün sahələrdə tərəfdaşlığın möhkəmlənməsi işinə öz töhfəmizi verəcəyik.

Beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığımız da çox müsbətdir. Bütün beynəlxalq təşkilatlarda biz bir-birimizə ənənəvi olaraq qarşılıqlı dəstək veririkbu dəstək çox əhəmiyyətlidir. Xüsusilə ölkələrin ərazi bütövlüyü məsələlərində biz daim bir-birimizin yanındayıq. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, bütün münaqişələr beynəlxalq hüquq normalarına uyğun şəkildə həll edilməlidir. Beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında həll edilməlidir. Heç bir ölkənin beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri o ölkənin razılığı olmadan dəyişdirilə bilməz. Əminəm ki, gələcək illərdə də, - bu barədə biz Sizinlə bu gün bir daha öz fikirlərimizi bildirdik, - biz qarşılıqlı surətdə bir-birimizi bütün üzv olduğumuz beynəlxalq təşkilatlarda dəstəkləyəcəyik.

Beynəlxalq məsələlərə gəldikdə, deyə bilərəm ki, ölkəmiz üçün ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsi əfsuslar ki, öz həllini tapmır. Azərbaycan torpaqları uzun illərdir ki, Ermənistan tərəfindən işğal altındadır. Bu işğal və xalqımıza qarşı törədilən etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün şəraitində yaşayır. Baxmayaraq ki, torpaqlarımızın 20 faizi işğal altındadır, erməni işğalçı qüvvələri öz işğalçı siyasətini davam etdirir. Bütün mötəbər beynəlxalq təşkilatlar bu məsələyə dair öz qərarlarını vermişlər, qətnamələr qəbul edilmişdir. Onların içərisində əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi xüsusi yer tutur. Bu qətnamələrdə erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq ifadələr mövcuddur.

Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO və digər beynəlxalq təşkilatlar buna oxşar qərar və qətnamələr qəbul etmişlər. Yəni ki, məsələnin həlli üçün hüquqi baza kifayət qədər genişdir. Bu məsələ tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə və tarixi ədalət əsasında həllini tapmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Əminəm ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək və beləliklə, bu ədalətsizliyə son qoyulacaqdır. Əlbəttə,  Azərbaycanın bu məsələdə haqq işini dəstəkləyən bütün ölkələrə, o cümlədən Serbiyaya biz öz minnətdarlığımızı bildirmək istəyirik.

Onu da qeyd etmək istəyirəm ki, indicə imzaladığımız Birgə Bəyannamədə bu məsələ ilə bağlı və eyni zamanda, Kosovo məsələsində Azərbaycanın Serbiyanı dəstəkləməsi haqqında kifayət qədər dəqiq ifadələr artıq vardır.

Biz, eyni zamanda, iqtisadi sahədə əməkdaşlığı da geniş müzakirə etdik. Bu sahədə də artıq gözəl təcrübə vardır. Birinci layihə icra edilir. Əminəm ki, ondan sonra başqa layihələr də icra ediləcəkdir. Serbiya iqtisadiyyatı Azərbaycan investorları üçün çox cəlbedici iqtisadiyyatdır. Əminəm ki, səfər zamanı əldə ediləcək razılaşmalar əsasında gələcəkdə həm Azərbaycan investisiyalarının daha da böyük həcmdə Serbiya iqtisadiyyatına qoyuluşu, eyni zamanda, digər birgə layihələr haqqında biz səylərimizi davam etdirəcəyik. Çox istərdim ki, yaxın aylarda yeni konkret layihələr üzərində aparılsın ki, bu layihələr də uğurla nəticələnsin.

Eyni zamanda, biz Sizinlə Azərbaycanın təşəbbüsü ilə başlanmış və uğurla icra edilən layihələr haqqında fikir mübadiləsi apardıq, Serbiyanın bu layihələrdə iştirakı haqqında danışdıq. Onların içində Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisiTrans-Anadolu qaz kəmərinin çəkilişi layihələri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Serbiya arasında nəqliyyat, energetika sahələrində əməkdaşlıq üçün çox gözəl imkanlar vardır. Eyni zamanda, digər sahələrdə - rabitə və kommunikasiya, turizminfrastruktur sahələrində də əməkdaşlıq üçün gözəl imkanlar vardır.

Əlbəttə, ikitərəfli əlaqələrimiz üçün humanitar sahədə əməkdaşlıq da mühüm rol oynayır. Bu sahədə də, hesab edirəm ki, son illər ərzində böyük uğurlar əldə edilibdir. Xalqlarımızın görkəmli şəxsiyyətlərinin xatirəsinə ucaldılmış abidələr bunun bariz nümunəsidir. Bu gün Bakıda görkəmli serb alimi Nikola Teslanın şərəfinə abidənin açılışı gözlənilir. Mənim Serbiyaya səfərim zamanı ulu öndər Heydər Əliyevin və böyük bəstəkar Üzeyir Hacıbəylinin abidələri Serbiyada açılmışdır. Yəni, bu məsələlər də, şübhəsiz, iki ölkəni bir-biri ilə daha da sıx birləşdirir.

Əminəm ki, aramızda olan dostluq, partnyorluq, tərəfdaşlıq əlaqələri Sizin səfərinizdən sonra yeni pilləyə qalxacaq və beləliklə, biz bundan sonra da dost və tərəfdaş kimi uğurla əməkdaşlıq edəcəyik.

Bir daha, hörmətli cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bir daha Sizə "Xoş gəlmisiniz!" deyirəm.

 

 

Azərbaycan.-2013.- 9 fevral.- S.3.