Serbiya Prezidenti Tomislav Nikoliçin Azərbaycana rəsmi səfəri

 

Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsi açılmışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Tomislav Nikoliç açılışda iştirak etmişlər

 

Fevralın 8-də Bakının mərkəzində serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın abidəsinin açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Serbiya Prezidenti Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç açılış mərasimində iştirak etmişlər.

Prezidentlər İlham Əliyev və Tomislav Nikoliç abidənin üzərindəki örtüyü götürdülər, önünə gül dəstələri qoydular.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Serbiyanın birinci xanımı Dragitsa Nikoliç də abidə önünə gül dəstələri qoydular.

Məlumat verildi ki, paytaxtın mərkəzində, Azadlıq prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılmış abidənin müəllifləri xalq rəssamı, heykəltəraş Ömər Eldarov və əməkdar memar Sənan Salamzadədir. Bürüncdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir. Abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırılmışdır. Abidənin yerləşdiyi park abadlaşdırılmış, sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Prezident Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç abidə önündə xatirə şəkli çəkdirdilər.

Sonra Azərbaycan və Serbiya prezidentləri açılış mərasimində çıxış etdilər.

 

 

Azərbaycan.-2013.- 9 fevral.- S.4.