Azərbaycan xalçaları Serbiyanın birinci xanımını heyran etmişdir

 

Fevralın 8-də Serbiya Respublikası Prezidentinin xanımı Dragitsa Nikoliç "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasında olmuşdur.

Hörmətli qonağa gül dəstəsi təqdim edilmiş və məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, onların bütün Şərqdə məşhur olduğunu bildirmişlər. Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.

Qonağın diqqətinə çatdırılmışdır ki, 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azərilmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, YaponiyaRusiyada keçirilmiş satış-sərgilərdə xüsusi mükafatlara layiq görülmüşdür. Müəssisədə iplər ancaq təbii rənglərlə boyanır, eskizlər milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Bildirilmişdir ki, bölgələrdə də emalatxanaları olan müəssisənin məqsədi Azərbaycan xalça sənətinin ənənələrini inkişaf etdirməkdir. Hazırda "Azərilmə"də çalışan işçilərin arasında rəssamlar, sənətşünaslar, xalçaçılar, boyaqçılar və digər mütəxəssislər vardır. Burada toxunan xalçalar beynəlxalq aləmdə də layiqli qiymətini almışdır. "Azərilmə" Avropanın Biznes Assambleyasının "United Europe" və "XXI əsrin liderləri" beynəlxalq imic proqramının "Avropa keyfiyyəti" nüfuzlu mükafatına layiq görülmüşdür. Burada həmçinin xalçaçılıq sənətinin təbliği üçün rüblük jurnal da nəşr olunur.

Xanım Dragitsa Nikoliç  toxunan xalçalardan birinə ilmə vurmuşdur.

Serbiya Respublikası Prezidentinin xanımı "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Sehrli ilmələr" qalereyasının nəzdində yeni istifadəyə verilən Xalçaçılıq Tədris Mərkəzi ilə də tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, Azərbaycanda ilk dəfə yaradılan bu mərkəzdə hər gün 22 nəfər pulsuz təhsil alacaq, xalça sənətinin sirlərinə yiyələnəcəkdir. Təşkil olunan ustad dərsləri tanınmış müəllimlər tərəfindən keçirilir. Burada Azərbaycan xalçaçılığının doqquz növünə aid xalçalar toxunur. Mərkəzdə XVII-XVIII əsrlərə aid xalça növləri ilə bağlı fraqmentlər də nümayiş olunur.

Xanım Dragitsa Nikoliç qədim xalçaların nümayiş olunduğu sərgiyə də baxmışdır. Burada yaşı yüz ildən çox olan xalılar da nümayiş etdirilir. Söhbət çay süfrəsi arxasında davam etdirilmişdir.

Serbiya Respublikası Prezidentinin xanımına xalçaçılıq sənətindən bəhs edən nəşrlər və xatirə hədiyyələri təqdim edilmişdir.

Qonaq xatirə kitabına ürək sözlərini yazmışdır.

Xatirə şəkli çəkdirilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 9 fevral.- S.5.