İnkişafın Azərbaycan zirvəsi

 

Elmi-texniki tərəqqinin ən son nailiyyətlərinə əsaslanmaqla müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdirilməsi Azərbaycan dövlətinin qarşısında duran prioritet vəzifələrdən birinə çevrilmişdir. Cəmiyyətin sosial sifarişi kimi son illər dövlət səviyyəsində internet və digər informasiya kommunikasiyaların inkişafına xüsusi diqqət yetirilməsi də buna əyani sübutdur.

Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu sahənin ardıcıl və sistemli surətdə inkişafına xüsusi diqqət yetirmiş, ötən müddətdə rabitə və informasiya texnologiyalarının fəaliyyəti üçün zəruri hüquqi-normativ baza formalaşdırılmış, maddi-texniki təminat müasir tələblərə uyğunlaşdırılmışdır. Ümummilli liderin 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci illər) Milli Strategiya" 10 il müddətində müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet vəzifələri müəyyənləşdirmişdir. İnformasiya texnologiyaları sahəsində qanunvericilik bazasının inkişafı üçün bir neçə qanun - poçt haqqında, informasiya təhlükəsizliyi, elektron imza və sənəd, telekommunikasiya haqqında qanunlar Milli Məclis tərəfindən qəbul olunmuşdur. Telekommunikasiya Siyasəti Planı, İKT-nin inkişafı üçün dövlət proqramı, yeni lisenziya sistemi və digər normativ-hüquqi sənədlər hazırlanaraq qüvvəyə minmişdir.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev respublikamızın rabitə və informasiya texnologiyaları kompleksində yeni mərhələnin əsasını qoymuşdur. Dövlət başçısının xüsusi diqqət yetirdiyi sahələrdən biri də məhz Azərbaycanda rabitə və informasiya texnologiyalarının sürətli yüksəlişinin təmin edilməsi, respublikamızın bu sahədə əlverişli tranzit ölkəyə və regional mərkəzə çevrilməsidir. Neftdən sonra iqtisadi inkişaf prosesində estafetin rabitə və informasiya texnologiyalarına keçməsi, bu sahənin prioritetə çevrilməsi niyyətini açıq bəyan etmiş dövlət başçısı cənab İlham Əliyev bu məqsədlə qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Bu gün informasiya texnologiyalarının inkişafı telekommunikasiya şəbəkələrini, yəni, məftilli və simsiz telefon sektorunu, televiziya-radio sistemlərini, süni peyk, kabel magistrallarını, kompyuter şəbəkələrini vahid bir sistemdə cəmləşdirir və əlaqəli istismarını tələb edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin informasiya texnologiyalarının geniş tətbiqi sahəsində ən böyük addımlarından biri kimi 2004-cü il avqustun 21-də imzaladığı dövlət proqramını xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiyakommunikasiya texnologiyaları ilə təminatı haqqında" fərmanı 2005-2007-ci illər ərzində təhsilin keyfiyyətinin yüksəldilməsində, gənclərin inkişafında və ümumiyyətlə, Azərbaycanın tərəqqisində müasir texnologiyaların rolunu bir daha təsdiqləmişdir. Bu proqram ölkədə yeni informasiya texnologiyalarından istifadə olunmaqla, təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməklə dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya sistemi yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşımışdır.

Dövlət başçısının 22 oktyabr 2005-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı"nın (Elektron Azərbaycan) imzalanması isə bu sahədə kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutan, rabitə və informasiya texnologiyalarının hökumətin fəaliyyətində geniş tətbiqinə imkan yaradan, habelə bölgələrdə geniş yayılmasını təmin edən təkmil fəaliyyət konsepsiyası olmuşdur. Prezident İlham Əliyev 2008-ci ildə "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması", 2009-cu ildə ölkədə kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramını təsdiq etməklə bu sahənin prioritetliyini bir daha göstərmişdir. 2013-cü ildə ölkədə "informasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi də bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.

Prezident İlham Əliyev 2010-cı ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" sərəncam imzaladı. Adıçəkilən quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması ilə bağlı xüsusi tapşırıq verildi.  Qafqazda ilk peyk operatoru olan "Azərkosmos" fəaliyyət göstərdiyi qısa müddətdə ölkəmizdə teleradio yayım və telekommunikasiya xidmətlərinin göstərilməsi, hökumət və korporativ müştərilərin tələblərinə cavab verən yüksək etibarlı rabitə platformalarının təmin edilməsi istiqamətində apardı. Bütün diqqət ölkəmizin ilk süni peyki olan "Azerspace-1"in hazırlanmasına və orbitə buraxılmasına yönəldi. Nəhayət, hamının böyük sevinclə gözlədiyi tarixi gün yetişdi. Dünən Azərbaycan Respublikasının ilk peyki - "Azerspace-1" Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən üçrəngli Azərbaycan bayrağı olan "Ariane-5" daşıyıcı raketi ilə orbitə buraxıldı.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da bu möhtəşəm hadisəni - "Azerspace-1" peykinin orbitə buraxılması prosesini izlədilər. Bu hadisə Azərbaycanın növbəti böyük uğuru kimi səciyyələndirilə bilər. Prezident İlham Əliyev peykin orbitə uğurla buraxılması münasibətilə Azərbaycan xalqını təbrik etmişdir: "Bu gün birinci Azərbaycan telekommunikasiya peyki orbitə çıxarıldı. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, doğrudan da, tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edirbiz artıq kosmik klubun üzvüyük. Bu hadisə münasibətilə bu işdə iştirak etmiş bütün qurumlara, bütün insanlara, ilk növbədə, Azərbaycan mütəxəssislərinə minnətdarlığımı bildirmək istəyirəm". 

Məlumat üçün deyək ki, "Azerspace-1" peykinin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaqqalan 80 faizi isə dünya bazarına ixrac ediləcək. İlk peykimiz 50-dən artıq ölkəni birləşdirən məkanda mühüm iqtisadi rol oynayacaqdır. Peyk yaxın gələcəkdə bütün Azərbaycan ərazisində keyfiyyətli televiziyaradio yayımı, o cümlədən sürətli IP xidmətlərinin göstərilməsini təmin edəcək, müxtəlif elektron hökumət layihələrinin həyata keçirilməsinə, həmçinin məsafədən təhsil və elektron səhiyyə kimi mühüm proqramlar üçün əlverişli platforma yaradacaqdır.

Azərbaycanın artan iqtisadi qüdrəti yeni-yeni nailiyyətlərin əldə olunmasına imkan yaradıb. Növbəti böyük uğurun - "Azerspace-1" peykinin orbitə buraxılması bütün dünya azərbaycanlılarında böyük qürur və fərəh hissi yaratdı. Bu böyük hadisə bir daha ölkəmizin iqtisadi potensialını dünyaya nümayiş etdirdi.

Azərbaycan güclü, davamlı inkişaf edən dövlət olmaqla bundan da böyük uğurlara imza atacaqdır.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 9 fevral.- S.7.