Azərbaycanın ilk telekommunikasiya peyki «Azərspace-1»in orbitə çıxarılması münasibətilə Malayziyada mərasim keçirilmişdir

 

Xüsusi müxbirimiz xəbər verir ki, fevralın 8-də Azərbaycanın "Azərspace-1" ilk telekommunikasiya peykinin orbitə buraxılması prosesinin canlı izlənilməsi üçün Kuala Lumpurda Malayziyanın "Measat Satellite Systems" (MEASAT) şirkətinin ofisində tədbir keçirilmişdir.

Mərasimdə Malayziya hökumətinin nümayəndələri, Azərbaycanın Kuala Lumpurdakı səfiri Tahir Kərimov və səfirliyin əməkdaşları, MEASAT şirkətinin rəhbər şəxsləri iştirak etmişlər.

Məlum olduğu kimi, iqtisadiyyatın şaxələndirilməsi və yeni sənaye sahələrinin inkişafı ilə bağlı Azərbaycan hökuməti tərəfindən məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu mənada Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin, o cümlədən digər çoxməqsədli peyklərin orbitə çıxarılması, ilk növbədə, informasiya mübadiləsinin xarici ölkələrdən asılılığının aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, ölkədə yeni iqtisadi sahələr üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər öz xüsusi və strateji əhəmiyyəti ilə seçilir. Bu məqsədlə 2008-ci ildən etibarən Prezident İlham Əliyevin qərar və tövsiyələri ilə kosmik tədqiqatlara başlanılmış, dövlət başçısı "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" sərəncam imzalamış, "Kosmik sənayenin yaradılması və inkişafı üzrə" Dövlət Proqramı qəbul edilmiş, daha sonra "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilmişdir. Qarşıya qoyulan məqsədə çatmaq üçün müvafiq strukturlar kosmik sənaye sahəsində beynəlxalq təcrübəni tədqiq edərək Azərbaycanın ilk telekommunikasiya peykinin hazırlanması və istifadəyə verilməsində dünyanın qabaqcıl kosmik sənaye qurumları ilə əməkdaşlıq həyata keçirmişlər.

Uğurlu fəaliyyətin nəticəsində Prezident İlham Əliyevin sərəncamı ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş  2013-cü il fevralın 8-də müstəqil Azərbaycan tarixinin ən əlamətdar hadisələrindən biri reallaşmışdır. Azərbaycanın ilk telekommunikasiya peyki - "Azərspace-1" Fransanın "Arianespace" şirkətinin yüksək etibarlılığı ilə seçilən "Ariane-5" daşıyıcı raketi ilə Fransız Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılmışdır. ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən istehsal olunmuş peykin 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşməsi nəzərdə tutulur. Çəkisi 3,2 ton olan peyk Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq bölgələrini əhatə dairəsinə alaraq dünyanın 50-dən artıq ölkəsini özündə birləşdirən kosmik məkanda mühüm rol oynayacaqdır. Orbitdə istismar müddəti ən azı 15 il davam edəcək ilk telekommunikasiya peykimizin informasiya və rabitə xidmətlərindən milyonlarla insan geniş istifadə edəcəkdir.

Peykin istismarından gözlənilən nəticələr böyükdür. Belə ki, Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili məqsədilə ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfə olacağı gözlənilir. "Azərspace-1" peyki orbitə buraxıldıqdan sonra Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziyaradio yayımı, o cümlədən sürətli IP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron, səhiyyə kimi digər proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcəkdir. Peykin resurslarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün istifadə olunacaqdır, qalan 80 faizi isə dünya bazarlarına ixrac ediləcəkdir. Artıq peykin resurslarının 40 faizinin satışı üçün şərti müqavilələr imzalanmışdır.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin ölkə iqtisadiyyatında neft sektorundan sonra ikinci prioritet sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyibu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət daşıdığı nəzərə alınmaqla, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız kommersiya səciyyəsi daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar.

İlk telekommunikasiya peykimizin geniş xidmət imkanları bu sahədə fəaliyyət göstərən beynəlxalq şirkətləri əməkdaşlığa sövq etmişdir. Bu şirkətlərdən biri də Malayziyanın MEASAT şirkətidir. 1992-ci ildə sabiq Baş nazir Mahathir Mohamadın təşəbbüsü ilə təsis edilmiş şirkətin ilk süni peyki 1996-cı ildə orbitə buraxılmışdır. Daha sonra fəaliyyətini genişləndirməyə başlayan şirkət yerli tələbatla yanaşı, dünya ölkələrinin də sifarişlərini yerinə yetirməkdədir. Hazırda orbitdə 4 süni peyki olan şirkət transponder icarəsi, yayım xidmətləri və telekommunikasiya həlləri üzrə fəaliyyət göstərir. Kosmos sənayesində fəaliyyət göstərdiyi 20 il ərzində AsiyaAfrika bazarında özünə qabaqcıl yer tuta bilmiş MEASAT şirkəti hazırda "Azərkosmos" ASC ilə əməkdaşlıq həyata keçirir və cəmiyyətin təklif etdiyi xidmətlərdən istifadə edəcək potensial müştəri qismində çıxış edir. Həmçinin şirkət "Azərkosmos" ASC-nin apardığı birgə tədqiqatlarda iştirak edir, peyk idarəsi üzrə azərbaycanlı mütəxəssislərin ixtisas səviyyəsinin artırılmasında qarşılıqlı təcrübə mübadiləsi həyata keçirir, Azərbaycanın ev sahibliyi etdiyi müvafiq konfrans və sərgilərə qatılır. 2011-2012-ci illərdə 25 azərbaycanlı mütəxəssis MEASAT şirkətinin təcrübə kurslarında iştirak etmişdir. Bundan əlavə, "Azərspace-1" peykinin yerləşdiyi 46 dərəcə Şərq uzunluq dairəsinə dair orbital mövqe bu şirkətdən 15 illik müddətə icarəyə götürülmüşdür.

Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı təşkil olunmuş mərasimdə çıxış edən Malayziyanın İnformasiya, Rabitə və Mədəniyyət Nazirliyinin baş katibi Azemi Haron və MEASAT şirkətinin direktoru Mohammad Hanif bin Omar "Azərspace-1" peykinin orbitə buraxılması münasibətilə Azərbaycanı təbrik etmiş və etibarlı tərəfdaş olan Azərbaycan Respublikasının bu sahə üzrə həyata keçirəcəyi bütün layihələrdə iştirak etməyə daim hazır olduqlarını bildirmişlər.

Mərasimdə çıxış edən Azərbaycanın Malayziyadakı səfiri Tahir Kərimov Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları qeyd etmişilk telekommunikasiya peykimizin orbitə çıxarılmasının Azərbaycanın növbəti böyük nailiyyəti olduğunu bildirmişdir.

Daha sonra 35 dəqiqə ərzində Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması prosesi canlı olaraq izlənilmişdir.

Fevralın 8-də Bakı vaxtilə saat 1:36 dəqiqədə Azərbaycanın "Azərspace-1" ilk telekommunikasiya peyki yerdən start götürdü.

Nəzərdə tutulduğu kimi, startdan 33 dəqiqə sonra daşıyıcı raket peykin gövdəsindən ayrıldı. Fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonra Azərbaycanın ilk peyki orbitdə yerini tutdu. Qeyd edildi ki, növbəti 11 gün ərzində peyk mühərriki dörd mərhələdə işə düşəcəkdir ki, bu da onu geostasionar keçid orbitindən geosinxron orbitə çıxmağa imkan verəcəkdir. Peyk geosinxron obyektə çatandan sonra günəş panelləri rejiminə keçəcək və növbəti üç həftə ərzində sınaq üçün tam hazır olacaqdır. Peykin tam yararlı olduğu müəyyən edildikdən sonra onun istismarı başlanacaqdır.

Azərbaycanın ilk telekommunikasiya peyki uğurlu uçuşla  orbitdə yerini tutduqdan sonra mərasim başa çatmışdır.

 

 

Şahin CƏFƏROV,

AzərTAc-ın xüsusi müxbiri

Kuala Lumpur

 

Azərbaycan.-2013.- 9 fevral.- S.7.