Xalqın iradəsinə söykənən fərmanı alqışlayıram

 

Bir neçə gündür Əkrəm Naibovun Rusiyada çap etdirdiyi yazısı Azərbaycanı təlatümə gətirib. Əkrəmi 35-40 il öncədən tanıyan ziyalı, Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Qarabağ müharibəsi veteranı kimi və nəhayət, bir professor kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu bədnam yazıçıya verilmiş "Xalq yazıçısı", Prezidentin fərdi təqaüdünün əlindən alınmasını alqışlayıram.

Hesab edirəm ki, ona verilmiş ordenmedallardan da məhrum edilməlidir, tutduğu əməllərin mahiyyəti üçün hüquq-mühafizə orqanları qarşısında cavab verməlidir, daha ağır cəza almalıdır. O, bütün dünyada yaşayan 60 milyon azərbaycanlını, dövlətimizi və dövlətçiliyimizi, şəhidlərimizin ruhunu, bir milyondan artıq qaçqın və köçkünümüzü, ziyalılarımızı, Azərbaycan Yazıçılar Birliyini, Qərbi Azərbaycanda və Qarabağda uyuyan ata və babalarımızın ruhunu, yetim qalmış körpələrimizin valideynlərinin ruhunu, erməni əsirliyində qalan torpaqlarımızı, böyüyüb boya-başa çatdığı Naxçıvanı, onun Əylisli kəndini təhqir etmiş, aşağılamış, böhtan atmış, iftiralar yaxmışdır! Onun Azərbaycan çörəyini yeməyə, suyunu içməyə, havasını udmağa, vətəndaşı olmağa heç bir mənəvi haqqı və hüququ qalmamışdır!

Əkrəm Naibov əvvəllər də dilindən və qələmindən hətərəm-pətərəm fikirlər çıxarmışdır və bunların şahidləri, yaxud yazılı mənbələri də mövcuddur. O, öz əməli ilə Azərbaycan türkü, Azərbaycan vətəndaşı olmasının üstündən qara xətt çəkdiyi üçün, onun kimliyi, "əsərinin" kimin sifarişi olduğunu, kimin tapşırığı olduğu, kimə xidmət etmək istədiyi aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. O, yaddaşlarda vətəninə, millətinə, xalqına xəyanət etmiş adam kimi qalacaqdır!

 

 

Ziyadxan NƏBİBƏYLİ,

Qarabağ müharibəsi veteranı,

 tarix elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 9 fevral.- S.9.