Dövlət başçısının sərəncamı xalqın iradəsindən irəli gəlir

 

Prezident İlham Əliyevin Əkrəm Naibovun "Xalq  yazıcısı" adından və  Prezidentin fərdi təqaüdündən məhrum olunması barədə imzaladığı sərəncam cəmiyyətdə xalq-hakimiyyət birliyinin təntənəsi kimi qiymətləndirilir. Bu şəxs xalqına iftira atmaq və həqarət etməklə təkcə azərbaycanlılara deyil, bütün insanlığa, bəşəri dəyərlərə xəyanət etdi. Ona görə də dövlət başçısı xalqın iradəsinə söykənərək məlum sərəncamı imzaladı.

Ölkə ziyalıları, Milli Məclisin deputatları və politoloqlar da Prezident İlham Əliyevin "yazıçı" ilə bağlı verdiyi qərarı müsbət dəyərləndirirlər.

Ziyafət ƏSGƏROV, Milli Məclis Sədrinin birinci müavini: "Prezident İlham Əliyevin Əkrəm Naibovun Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və "Xalq yazıçısı" fəxri adından məhrum edilməsi barədə sərəncamı xalqın, ictimaiyyətin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın iradəsindən irəli gələn addımdır. Mənim münasibətim ilk gündən aydındır. Mən Əkrəm Naibovun bu addımını qətiyyətlə pisləyirəm və hesab edirəm ki, "Daş yuxular" əsərini yazmaqla çox şərəfsiz, ləyaqətsiz, namussuz bir hərəkət edib. Əgər bu adam "Xalq yazıçısı" adını daşıyırsa, onu təhqir edirsə, burada bir məntiq yoxdur. Xalqı təhdir edən insan necə "Xalq yazıçısı" adını daşıya bilər? Əkrəm Naibov şərəfsiz, ləyaqətsiz, əbləhdir. Hesab edirəm ki, o, nəinki "Xalq yazıçısı" fəxri adı və Prezident təqaüdündən, hətta layiq olmadığı "İstiqlal" və "Şöhrət" ordenlərindən də məhrum edilməlidir".

Fəttah HEYDƏROV, Milli Məclisin deputatı: "Xalq yazıçısı" adının  Əkrəm Naibovdan alınması cəza deyil, onun nankorluğuna verilən bir cavabdır. O, vətəndaşlıq hissini, duyğusunu itirən bir insandır. O, dərk etmir ki, verdiyimiz şəhidlər, torpaqlarımızın işğal altında olması və digər faciələrimiz erməni vəhşiliyinin nəticələridir. Bunu başa düşməyən Əkrəm Naibov Azərbaycan xalqını aşağılamağa, erməniləri isə "ucaltmağa" cəhdlər göstərib. Bu da onun ermənilərdən sifariş aldığını göstərir. Əsl cəza isə xalqın ona olan nifrətidir. Belə bir əsər yalnız və yalnız erməni sifarişi ilə yazılan bir əsər ola bilərdi. Yazıçıya verilən mükafatlar xalqa göstərdiyi xidmətlə bağlı olur. Xalqa böhtan atdığı üçün digər dövlət mükafatları da əlindən alınmalıdır".

Eldar İBRAHİMOV, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri: "Prezident İlham Əliyevin verdiyi sərəncamı müsbət dəyərləndirirəm. Zamanında və məqamında verilən bir qərardır. Bu qərarla Prezident bir daha xalqının yanında olduğunu və xalqın maraqlarına qarşı çıxanlara sərt münasibətini nümayiş etdirdi. Əkrəm Naibova verilən bütün dövlət adları və imtiyazları əlindən alınmalıdır. O, birmənalı şəkildə Azərbaycan xalqının düşmənidir. Əkrəm Naibov sovet dövründə Azərbaycana qarşı ermənilərin casusu olubdur. Belə bir əsəri yazmaqla yəqin ki, Nobel mükafatı almaq xülyasına düşübdür. Lakin bu xəyaldan, yuxudan başqa bir şey deyildir. Birmənalı şəkildə demək olar ki, Əkrəm Naibovun damarlarında axan qan erməni qanıdır. Bu insan Azərbaycan xalqına qarşı öz erməniliyini edir".

Nizami CƏFƏROV, Milli Məclisin Mədəniyyət komitəsinin sədri: "Əsərdə  azərbaycanlıların, hətta bütün müsəlmanların doğru yolda olmadığı, aqressivliyi göstərilir. Əsərə görə, müsəlmanların dini də normal deyil. Mədəniyyətləri də demək olar ki, yoxdur. Amma bunun qarşılığında ermənilər və erməniliyin mənən, ruhən kifayət qədər humanist, mükəmməl və zəhmətkeş olduğu, böyük mədəniyyət yaratdıqları göstərilir. Bunu qəbul etmək mümkün deyil. Hər halda ermənilərin günahlarını dünya görür, ermənilərin özü də bəzən bunu qəbul edirlər. Bir erməni xəstəliyi - torpaq tutmaq, hakmiyyət qazanmaq və bunun üçün də hər cür vasitələri məqbul hesab etmək məsələsi var. Odur ki, ermənilərin bu formada əl-üzünü yumaq özünü doğrultmayan məsələdir. Bu cür impulsiv, başdan-ayağa tarixi hadisələri təhlil etmək üçün vacib olan təmkindən çox-çox uzaq şəkildə, həyəcanlarla hadisələri təqdim etməsi Əkrəm Naibovun yaradıcılığında böhrandır. Bunu böhran hesab etmək olar".

Aydın MİRZƏZADƏ, Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsnin sədr müavini: "Biz ondan "Daş yuxuları" deyil, Xocalı, çadır yuxuları gözləyirdik. Bununla yanaşı, ondan "Şuşa ağrıları", üzərində süni Ermənistan dövləti yaradılmış İrəvan torpağı ilə bağlı yazılar gözləyirdik. Əkrəm cəbhə bölgəsində həyatını təhlükə qarşısına qoyan 18 yaşlı oğlanlarımız barəsində romanlar yazmalı idi. Bunun əvəzində isə düşmənin yalanlarına müəlliflik etmək çox ağır və heç bir ölçüyə sığmayan missiyadır. Hansı səbəbdən bu addımı atdığını bilmirəm. Bundan əvvəlki yazılarında da belə hallar olurdu. Hesab edirəm ki, bu yazısı ilə özünü Azərbaycan xalqının gözündən saldı. Prezident İlham Əliyev isə xalqın iradəsinə söykənərək düzgün addım atdı".

Musa QASIMLI, Milli Məclisin deputatı: "Əkrəm Naibovun əsəri bədii təxəyyülün məhsulundan daha çox siyasi bəyanata bənzəyir. Dünyada haqsızlıqların, ədalətsizliyin olduğu təqdirdə, Əkrəm Naibovun belə bir əsər yazması Azərbaycan xalqına arxadan zərbə vurmaq deməkdir. Azərbaycana qarşı istər hərbi, istərsə də siyasi diplomatik hücuma keçənlərə bu əsərlə yardım edilməsi deməkdir. Bununla Əkrəm Naibov özünü BalayanKaputikyanla bir cərgəyə qoyub. Erməni yazıçıları  hər zaman böhtan, yalan yazıblar. Azərbaycanın xalq yazıçısının tarixi həqiqətləri saxtalaşdırması qəbul edilən deyil. Əkrəm Naibov ermənilərin Dağlıq Qarabağda, Xocalıda törətdikləri qırğını unudub, Sumqayıtdakı hadisələri isə xatırlamaq istəmir. Mənim fikrimcə, bu əsər müəyyən dairələr tərəfindən Əkrəm Naibova sifariş verilib,  əsərin süjeti verilibyazmaq tapşırılıb. "İstiqlal" ordenli bir yazıçı bu əsəri ilə Azərbaycan xalqının və dövlətinin istiqlalına balta vurub.

Əkrəm Naibovun bu romanına Azərbaycan ictimaiyyəti etiraz etməyəcəksə bu ləkə bütün Azərbaycan ədəbiyyatının, ictimaiyyətinin üstündə qalacaq. Kim Əkrəm Naibovu müdafiə edirsə, bu ləkəni onunla paylaşır. Millətə atılan bu ləkə Azərbaycan xalqının üstündə deyil, Əkrəm Naibovun və onu müdafiə edənlərin üstündə qalmalıdır".

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 10 fevral.- S.6.