Gənclərə dövlət qayğısının növbəti mərhələsi

 

Onların mənzil almaq problemi həll olunur

 

 Tarixin bütün dönəmlərində böyük şəxsiyyətlər dövlətin gələcəyini gənclərə  tapşırıb. Yəni, xalq gələcək ümidlərini gənc nəslə bağlayır. Gənclik cəmiyyətdə islahatları hərəkətə gətirən və bütün sahələrdə hərəkətverici qüvvədir. Hər bir cəmiyyət gəncləri öz ruhunda tərbiyə edir. Qədim Spartada gənclər qəhrəmanlıq, nizam-intizam və cəsarət ruhunda tərbiyə olunurdu, amerikalılar isə bu gün uşaqlarına sahibkarlıq və rəqabət bacarığı aşılayırlar. Sivilizasiyaların qovuşuğunda yaşayan Azərbaycan gəncliyi də günün nəbzini tutmağa, bacarıq və qabiliyyətini nümayiş etdirməyə çalışır. Diqqət yetirsək, görərik ki, tariximizin bütün mərhələlərində gəncliyimizin özünəməxsus rolu var.

Ölkəmizdə gənclərlə bağlı dövlət siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. İkinci dəfə hakimiyyətə gəlişindən sonra ulu öndər gənclərlə bağlı məsələni gündəmə gətirdi, ağıllı, intellektual, vətənpərvər gənc nəslin yetişdirilməsini dövlət siyasətinin tərkib hissəsi hesab etdi. Əsas məqsəd gəncliyi cəmiyyətə qazandırmaq, ölkədə gedən proseslərdə onların yaxından iştirakına nail olmaq, işlə təmin etməkdir. Bunun üçün dövlət səviyyəsində layihələr həyata keçirildi, işsizliyin tamamilə aradan qaldırılmasına cəhdlər göstərildi.  

Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşdırılması və fəaliyyəti üçün yaradılan şərait dövlətin böyük diqqətinin nəticəsidir. Gənclərə təcrübə toplamaq, öz imkanlarını üzə çıxarmaq, sahibkarlıqla, marketinqlə, biznesin müxtəlif sahələrilə məşğul olmaq  üçün şanslar verilir.

Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi önəm verdiyi məqamlardan biri  də gənclərin sosial problemlərinin həlli, xüsusən də mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə 2005-ci ildə gənclərə güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsinə dair dövlət başçısının imzaladığı fərman gənc nəslə yüksək diqqətin real təzahürünə çevrildi. Bu günlərdə Prezident gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasını və ipoteka şərtlərindən hər bir evsiz gəncin yararlanmasını nəzərə alaraq "Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi haqqında daha bir fərman imzaladı. Fərmana əsasən, 2013-cü ilin yanvar ayından güzəştli ipoteka kreditlərinin həcmi 35 mindən 50 min manatadək qaldırıldı.

2013-cü ilin büdcə layihəsinin müzakirələri zamanı Milli Məclisin deputatları bu məsələyə yenidən qayıtmışdı. Nəticədə bu ildən ipoteka kreditlərinə ayrılan vəsait iki dəfə artırılaraq 40 milyon manata çatdırıldı. Təbii ki, gənc ailələrə şamil olunacaq bu şərtlər həm də orta statistik azərbaycanlının imkanlarına hesablanıb.  O deməkdir ki, bu il ipotekadan yararlana biləcək ailələrin sayı artacaq.

Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, əsas rol gənclərə aid olmasın. Prezident İlham Əliyev gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə müvafiq dövlət proqramları təsdiq etmiş, dövlət quruculuğunda gənclərin fəal iştirakına şərait yaratmışdır. 2013-cü ilin yaz sessiyasında "Gənc ailələrin sosial müdafiəsi" haqqında qanun layihəsinin müzakirəyə çıxarılması da gözlənilir.

Azərbaycan Prezidentinin gənclərlə birbaşa təması, onların qayğı və problemlərini, arzu və istəklərini onların öz dilindən eşitməsi müasir gəncliyin istək və arzularının reallaşması ilə nəticələnir. Müzakirə olunacaq qanun layihəsi prinsipcə dövlət başçısnın imzaladığı "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nı da tamamlayır və ümumi məqsəd gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsini təmin etməyə yönəldilib. Dövlət proqramında da bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Gənclərlə bağlı qarşıda duran asas məsələlərdən biri də elmlə məşğul olan gənclərin fəaliyyətlərinin stimullaşdırılmasıdır. Dövlət proqramında intellektual elmlə məşğul olan gənclərin fəaliyyətinin genişləndirilməsi, dövlət tərəfindən dəstəkləyici addımlar atılması nəzərdə tutulur.

Bu gün dünya gəncləri ilə bir sırada uğurla addımlayan Azərbaycan gəncliyi öz fəaliyyəti ilə sübut edir ki, onlar ölkəmizin dəyərli vətəndaşları olmaqla yanaşı, millətimizi və dövlətimizi uğurla gələcəyə daşıyan böyük qüvvədir. Azərbaycan gəncləri həm də beynəlxalq gənclər hərəkatının tərkib hissəsidir. Onların xarici ölkələrdə təşkilatlanması da uğurla davam etdirilir. Bütün bunlar Azərbaycan gənclərinə sabaha ümidlə baxmağa imkan verir. Cəmiyyətin aparıcı qüvvəsi olan gənclik bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdıra bilər.

Fikrini öyrəndiyimiz gənclər ölkədə onlara olan diqqət və qayğıdan razı qaldıqlarını bildirməklə yanaşı, təkliflərini də verdilər. Bölgələrdə çalışmaq istəyən gənclərin sayı çoxdur, lakin onların ev problemi olduğundan bu addımı atmağa çəkinirlər. Zahid Dünyamalıyev gənc mütəxəssisdir, fizika-riyaziyyat müəllimidir. Deyir ki, ona Astarada işləmək təklif olunsa da, o, bunu qəbul etməyə çətinlik çəkib: "Ailəliyəm və iki övladım var. Rayona getsəm, gərək kirayədə yaşayım. Hesablayanda maaşımla ailə və kirayə haqqı bir araya sığmır. Çox yaxşı olardı ki, ali təhsilli mütəxəssisləri bölgələrə cəlb etmək üçün onlar mənzillə təmin olunsunlar. Belə olarsa, bölgələrə gedən gənclərin, ailə qurub həmin rayonda yerləşənlərin də sayı çoxalar".

İnkişafa hər zaman ehtiyac var. Görünən odur ki, bu gün gənclərimizin inkişaf etmək, işləmək, özünü təsdiqləmək həvəsi, bacarığı daha güclüdür.   

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2013.- 10 fevral.- S.7.