Azərbaycan Prezidenti İlham Əliyev Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkilini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpeni qəbul etmişdir.

Fransanın keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. O, Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması münasibətilə dövlət başçısını təbrik etdi. Əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı çoxlu birgə layihələrin olduğunu vurğulayan Dominik de Villpen ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəyinə ümidvar olduğunu bildirdi. Fransalı qonaq "Eurovison" mahnı müsabiqəsindən sonra ilk Avropa Oyunlarının Bakıda təşkilini mühüm addım kimi dəyərləndirdi.  Dominik de Villpen Qərb ilə Şərq arasında körpü rolunu oynayan Azərbaycanın  Əfqanıstandakı sülhməramlı missiyadakı rolunun mühüm əhəmiyyətini qeyd etdi.

Dövlət başçısı Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması ilə bağlı Fransanın informasiya texnologiyaları şirkətlərinin göstərdikləri dəstəyi yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Fransanın müxtəlif şirkətlərinin ölkəmizdəki fəaliyyətinin önəmini qeyd etdi. Dövlət başçısı Azərbaycan ilə Fransa arasında uzunmüddətli əməkdaşlıq layihələrinin əhəmiyyətini vurğuladı.                   

 

 

 AzərTac

 

Azərbaycan.-2013.- 12 fevral.- S.2.