Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkunla görüşmüşdür

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkunla görüşmüşdür.

Azərbaycanın birinci xanımı qonağı salamlayaraq dost və qardaş ölkənin səfiri ilə görüşdən məmnunluq duyduğunu bildirmişdir. Mehriban xanım Əliyeva qeyd etmişdir ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər qardaşlıq və dostluğa əsaslanmaqla bütün sahələri əhatə edir. Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun iki ölkə arasındakı əlaqələrin inkişafına verdiyi töhfəni də vurğulayaraq demişdir ki, fond Türkiyə hökuməti ilə birgə bir sıra uğurlu layihələrə imza atmışdır.

Səmimi qəbula görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun beş aydır ki, ölkəmizdə səfir kimi fəaliyyət göstərdiyini söyləmişdir. Səfir vurğulamışdır ki, Azərbaycandakı fəaliyyəti dövründə mövcud dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəkdir.

Görüşdə həmçinin 2013-cü ildə Heydər Əliyev Fondu ilə səhiyyə, mədəniyyət və birgə sahələrdə həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılmış, Türkiyədə fəaliyyət göstərən fondlarla müştərək işin zəruriliyi önə çəkilmişdir. Həmçinin Azərbaycanın dünyada, o cümlədən Türkiyədə təbliğinin daha da gücləndirilməsinin yolları barədə fikir mübadiləsi edilmişdir.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 12 fevral.- S.2.