Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə göndərilməsi Türkiyə mətbuatının diqqət mərkəzində olmuşdur

 

Azərbaycanın ilk milli "Azərspace-1" telekommunikasiya peykinin Fransız Qvianasında yerləşən Kuru kosmodromundan - Qviana Kosmik Mərkəzindən orbitə buraxılması qardaş Türkiyənin kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində olmuşdur.

"Samanyolu Haber" televiziya kanalındakı reportajda diqqət Azərbaycan Prezidenti İlham Əliyevin "Azərspace-1" peykinin fəzaya göndərilməsini "Azərkosmos" mərkəzindən canlı izləməsinə cəlb olunmuş, dövlətimizin başçısının bu münasibətlə xalqımızı təbrik etməsi və bu əlamətdar hadisəni xalqın zəfəri kimi qiymətləndirməsi vurğulanmışdır.

Nüfuzlu "HaberTürk" qəzeti "Azərbaycan ilk telekommunikasiya peykini orbitə buraxdı" sərlövhəli xəbərində qeyd edir ki, bu peykin fəzaya göndərilməsi Azərbaycan iqtisadiyyatının son illər əhəmiyyətli dərəcədə güclənməsinin göstəricisidir.

"Hurriyet" qəzetinin "Azərbaycanın ilk telekommunikasiya peyki göylərdə" sərlövhəli xəbərində "Azərspace-1" telekommunikasiya peykinin maliyyə və texniki göstəricilərindən bəhs olunur. Xəbərdə ölkəmizin 2016-cı ildə "Azərspace-2" peykini də kosmosa göndərəcəyi qeyd olunur.

"Azərspace-1" telekommunikasiya peykinin fəzaya göndərilməsi Türkiyənin bütün televiziya kanalları tərəfindən operativ şəkildə işıqlandırılmışdır. Qardaş ölkənin "Anadolu", "İhlas", "Cihan" və "Doğan" xəbər agentlikləri də bu əlamətdar hadisə ilə bağlı geniş xəbərlər yaymışlar.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.-2013.- 12 fevral.- S.5.