Xocalı soyqırımı ilə bağlı səsvermə virtual aləmdən ictimai yerlərə çıxarılmışdır

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının "100 000" səsdən biri sənin olsun!" kampaniyası ilə ABŞ parlamentinin rəsmi saytında Dağlıq Qarabağ problemi və Xocalı soyqırımının ABŞ parlamentində müzakirəyə çıxarılması üçün petisiyalar (https://petitions.whitehouse.gov/petition/pay-close-attention-nagorno-karabakh-conflict-20-azerbaijan-territory-was-occupied-armenian-military/mkKddcRt, https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx) yaradılmışdır.

Milli Şuradan AzərTAc-a bildirmişlər ki, petisiyalara səs toplamaq üçün təbliğat virtual aləmdən gənclərin çox toplaşdığı ictimai yerlərə keçirilmişdir.

"Park Bulvar" və "Metropark" kimi iri ticarət mərkəzlərində səsvermə üçün internetə çıxışı olan notbuk, netbuk və planşetlər quraşdırılmış və şəhər sakinlərinə petisiya haqqında məlumat verilmişdir.

İki gün ərzində 7 mindən artıq gənc kampaniyaya qoşulmuşdur. Gənclərlə yanaşı, dövlət rəsmiləri, müxtəlif biznes qurumları təmsil edən şəxslər və idman ictimaiyyətinin tanınmış simaları da kampaniyada iştirak etmişlər. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev və Olimpiya çempionu Elnur Məmmədli də səs vermişlər.

Kampaniya fevralın 26-dək davam edəcəkdir. Kampaniyaya qoşulmaq üçün 012 490 1192 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.

Petisiyalara 100 min nəfər səs verdiyi təqdirdə Xocalı soyqırımı ABŞ parlamentində müzakirəyə çıxarılacaqdır. Hazırda Xocalı soyqırımı ilə bağlı petisiyaya 75 mindən çox, Dağlıq Qarabağ problemi ilə bağlı petisiyaya isə 50 minə yaxın insan səs vermişdir.

 

 

Azərbaycan.-2013.- 12 fevral.- S.6.