1.     Kürəkçay müqaviləsi

2.      

Qarabağ: tarixin dedikləri

 

Qoy əysin başını vüqarlı dağlar,

Matəmi başlandı böyük bir elin.

Mərsiyə söyləsin axar bulaqlar,

Ağılar çağırsın bu gün qız, gəlin!..

 

Bu misralar böyük xalq şairi Bəxtiyar Vahabzadənin 1959-cu ildə çap olunan "Gülüstan" poemasındandır. 1813-cü ildə İranla Rusiya arsında imzalanan Gülüstan müqaviəsi və onun xalqımıza gətirdiyi bəlalar, faciələr haqqındadır. Bu ilin oktyabrında o müqavilənin inzalanmasından 200 il ötür. Elə ən böyük faciələrimizin də başlanmasının 200 illiyidir.

Azərbaycanın tarixində mühüm rol oynayan üç müqavilə var: Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri. Nə qədər qəribə də olsa, bu müqavilələrin ikisi - Kürəkçay və Gülüstan Qarabağda imzalanıb. Kürəkçay müqaviləsini imzalayanlardan biri isə Qarabağ xanı İbrahim xandır.

 

Pənah xandan İbrahim xana

 

 Son illər "Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi" məsələsini bir problem kimi irəli sürmələrinin, Qarabağda yaşayan azərbaycanlılara qarşı silahlı təcavüzə haqq qazandırmağa çalışmalarının kökündə guya bu torpaqların əzəldən ermənilərə "məxsuslu"ğu geniş təbliğ olunur. Tarixi faktlar isə bunun tam əksini söyləyir.

Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri, eləcə də İbrahim xanla Rusiya İmperiyasının 1805-ci il mayın 14-də imzaladıqları Kürəkçay müqaviləsi bir daha sübut edir ki, Azərbaycan torpaqları işğal edilib, ermənilər isə bura Türkiyə və İrandan köçürülərək gətiriliblər.

Bu sənədlərin heç birində Qarabağda erməni məlikləri və onların Rusiya təbəəliyinə keçməsi barədə hər hansı bir məlumat yoxdur. Bütün bunlar aydın göstərir ki, Qarabağ öz adı kimi həmişə - bütün dövrlərdə Azərbaycan türklərinin torpağı, yurdu olub.

Qarabağ xanlığının banisi xalqımızın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. Hələ o vaxtlar Qarabağ xanının vəziri olmuş tarixçi Mirzə Camal yazırdı: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə şücaət göstərmiş Pənah xanı da öz yanına apardı". Lakin Muğan qurultayından sonra Nadir şah onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə başladı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy Nadir şah Xorasanda olarkən bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin  mümkün olmadı. Nadir şahın ölümündən sonra isə Pənah xan Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti - Qarabağ xanlığını yaratdı. Köçkünləri geri qaytarmaq və dədə-baba torpaqlarında yerləşdirməklə Qarabağ xanlığını bir az da gücləndirdi. Sürgündən qayıdanlar arasında Pənah xanın oğlu, Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.

Qarabağ xanlığı yarandığı zaman xanlığın ərazisində Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması gələcək inkişaf üçün çox mühüm idi. Məhz buna görə 1748-ci ildə Bayat, az sonra Şahbulaq, daha sonra Şuşa qalaları tikilib başa çatdırıldı.

Pənah xanın "Qarabağ hakimi" kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra demişdi: "Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik, ona sikkə vurduq və qayıtdıq". Bununla əlaqədar Əhməd bəy Cavanşir yazırdı: "Bu qalibiyyətdən (Bayat döyüşündən) sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi".

Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların - məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir. Mir Mehdi Xəzani çox haqlı olaraq yazırdı: "Bu Qarabağda ki beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar..." Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər.

 

Kürəkçay sahilində "şənlik"

 

 Pənah xanın vəfatından sonra hakimiyyətə gələn İbrahim xan bütün vasitələrlə xanlığı möhkəmləndirməyə çalışırdı. Artıq onunla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada - Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə "xristian dövləti", daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Lakin İbrahim xan düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi və onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək həbsə aldırdı.

XVIII əsrin sonları - XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti daha da gücləndi, 1801-ci ildə Gürcüstan, sonra Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu. İbrahim xan belə bir vəziyyətdə 1802-1806-cı illərdə Rusiya qoşunlarının komandanı olmuş P.D.Sisianovla müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən, Qarabağ xanlığı məhz müsəlman-Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi eyni zamanda Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu bir daha sübut edir. Beləliklə, Kürəkçay müqaviləsi (Kürəkçay traktatı) - Qarabağ və Şəki xanlıqlarının Rusiyanın tərkibinə keçməsi barədə müqavilə Kürəkçay sahilində - knyaz Sisianovun düşərgəsində - indiki Goranboy rayonu ərazisində birinci olaraq Qarabağ xanı İbrahimxəlil xan tərəfindən, sonra isə Şəki xanı Səlim xan tərəfindən imzalandı. Hər iki xanın burada iştirakı həm də onların yaxın qohumluq əlaqələri ilə bağlı idi. Rusiya İmperiyası adından isə müqaviləyə Rusiyanın Qafqaz qoşunlarının baş komandanı knyaz Sisianov imza atdı. 1783-cü il Georgievsk müqaviləsi 1805-ci il 14 may Kürəkçay müqaviləsinin başlıca müddəalarının formalaşdırılması üçün əsas olduğu kimi, bu müqavilə də Şirvan xanı Mustafa xanla bağlanmış 1805-ci il 25 dekabr müqaviləsi üçün əsas oldu.

M.Adıgözəl bəy və M.Camal Cavanşir yazırlar: "Kürəkçayın qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basdılar, böyük sərdar (Sisianov) isə qol çəkdi".

Müqavilə preambula və on bir artikuldan ibarət idi. Müqavilənin preambulasında Şuşalı və Qarabağlı İbrahim xanın Rusiya imperiyasının təbəəliyinə keçməsi təsbit olunur, artikullarda bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilədə, professor K.Şükürovun yazdığı kimi,  "Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahim xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahim xanın adıkeçən bütün artikullarda Şuşalı və Qarabağlı İbrahim xan kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin onuncu maddəsində qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır".

 

 Kürəkçaydan sonrakı Qarabağ

 

 Kürəkçay müqaviləsinin tarixinin ən mühüm məsələlərindən biri də onun həyata keçirilməsi ilə bağlıdır. Professor K.Şükürovun yazıdığı kimi: "Burada da Rusiyanın Cənubi Qafqazda bağladığı müqavilələrin tarixi təcrübəsinə nəzər salmaq zərurəti yaranır. Bu sahədə tarixi faktlardan aydın olur ki, Rusiya İmperiyası Cənubi Qafqaz hakimləri ilə bağladığı heç bir müqaviləyə, o cümlədən 1805-ci il 14 may Kürəkçay müqaviləsinə, onun şərtlərində elan edildiyi kimi, əbədi müddətə əməl etməmişdi: Kürəkçay müqaviləsi on yeddi ildən sonra, 1822-ci ildə ləğv edilmişdi". 1806-cı ildə İbrahim xanın qəddarcasına qətlə yetirilməsindən sonra müqaviləyə əsasən Rusiya Qarabağ xanlığında İbrahim xanın irsi hakimiyyətini təmin etməli idi:  "Belə bir şəraitdə Qarabağda hakimiyyətin xanın oğlu Mehdiqulu xana keçməsi barədə xüsusi fərman verilmişdi. Bu fərmanın mətni də (onu Azərbaycan dilində Ş.Cəmşidov nəşr etdirmişdir - K.Ş.) Kürəkçay müqaviləsinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq fərmanın mətnini burada verməyi məqsədəuyğun hesab edirik: "I Aleksandrın İbrahim xanın ölümündən sonra onun oğlu Mehdiqulu ağanın xan elan edilməsi haqqında FƏRMANI: Biz, ali məqamlı və ali cəlallı, ehsanı ümumə şamil olan Allahın mərhəməti və köməyi ilə bütün Rusiya məmləkətlərinin, habelə başqa vilayət və ölkələrin istiqlal və rifahını təmin edən imperator I Aleksandr bildiririk: Qoy bizim şahanə lütf və qayğımıza imperatorluq qüdrət və mərhəmətimizə ümid bağlayan Qarabağ vilayətinin bütün ali üləma, hörmətli başbilənləri, görkəmli və şərafətli əyanları, bəyləri, sərkərdələri, kəndxudaları, ağsaqqalları və bütün rəiyyətləri bilsinlər ki, keçən il - 1220-ci (1805-ci) ildə mərhum İbrahim xan bizim şahlıq canişinimiz olan general knyaz Sisianovla birlikdə bir "Andlı öhdəlik" tərtib etmişlərdi və general onu dərhal imperatorluq dərgahına çatdırmışdır. Biz həmin "Andlı öhdəliy"in tələb və şərtləri ilə tanış olduqdan sonra mərhum xanın irəli sürdüyü bütün arzu və tələbləri, öz sonsuz şahanə lütf və qayğıkeşliyimizlə qarşılayıb, onu bütün Qarabağ xalqı ilə birlikdə himayəmizə alıb, onları ali Rusiya dövlətimizin qədim sədaqətli təbəələri sırasına daxil edərək, mərhum İbrahim xanı xüsusi imperatorluq fərmanı ilə Qarabağ vilayətinin müstəqil hakimi elan etdik və təminat veririk ki, Qarabağın imperatorluq təbəəliyinə daxil olan bütün rəiyyətləri, mərhum xanın varisləri daima imperatorluq tərəfindən lazımınca mühafizə olunacaq və dünya durduqca bu ocaqdan çıxan onun varisləri nəsildən-nəslə Qarabağın xanlıq taxtına oturub, müstəqil surətdə hökmranlıq etmək hüququ ilə təmin olunacaqlar.

İbrahim xanın bir iğtişaş nəticəsində qətlə yetirilməsi kimi hüznlü bir hadisədən sonra yenə sədaqətli vilayət rəiyyətlərinin məişətlərini təmin etmək sahəsində əlahəzrətin xeyirxah fikirləri və münasibəti dəyişilməmiş qaldı.

Əlahəzrət verdiyi sözə əməl edərək öz şahlıq mərhəməti və qayğısı ilə yüksək rütbəli vərəsə general-mayor Mehdiqulu ağanı mərhum atasının yerində bərqərar edib, Qarabağ vilayətinin xanlıq taxtında oturtdu və bu qərarı imperatorluq tuqrası (fərmanı) ilə təsbit etdi. Eyni zamanda lazım bilindi bu fərman məlumat üçün bütün Elbrus və Gürcüstan əyalətlərində şahlıq canişini olan qraf Qudoviçə də göndərilsin. Aliməqam Mehdiqulu xana da qətiyyətlə bildiririk ki, o, Qarabağ vilayətində qüdrətli Rusiya dövlətinin himayəsi və mərhəməti sayəsində xanlığı möhkəm ələ alsın. Onun atası mərhum İbrahim xana verilmiş bütün xoş vədələr və şərtlərin hamısının təmini eynilə qüvvədə saxlanılsın.

Belə bir mövqedə əlahəzrət imperatorun fərmanı ilə lazım görüldü ki, həmin bu şahanə fərman və elamnamə vasitəsilə Qarabağ xalqının böyük üləma fazilləri, görkəmli şəxsləri, əyan-əşrəfləri, bəyləri, sərkərdələri, kəndxudaları, ağsaqqalları və başqa əhalisinin hamısı bilməlidir ki, aliməqam general Mehdiqulu xan əlahəzrət imperatorun mübarək fərmanı ilə xanlıq rütbəsi alıb Qarabağ vilayətinə müstəqil hakim təyin edilmişdir. Lazımdır ki, bütün əhali ona tabe olub baş əyərək, sözündən çıxmasın. Xanın əmrinə və hakimiyyətinə aid olan bütün qayda-qanunlara əməl etsinlər. Xalqın xeyrinə olan işlərdə ona kömək edib, zərərli hərəkət və əməllərdən uzaq olsunlar. Eyni zamanda əmin olsunlar ki, imperatorluq öz ali mərhəməti və qayğısı ilə həmişə onlara lazım olan köməyi əsirgəməyəcəkdir.

Paytaxt Peterburqda 10 sentyabr 1806-cı miladi ilində müvafiq hicri tarixi 1221-ci ildə rəcəbül-mürəccəb ayının 9-da yazıldı və əta olundu. Sənədin əslini fələk cəlallı əlahəzrət imperator belə imzalamışdır: Aleksandr".

Lakin xan hakimiyyətinin hələ 17 il də saxlanması müəyyən strateji məqsəd daşıyırdı. Belə bir şəraitdə Mehdiqulu xanın hakimiyyəti (1806-1822) möhkəm deyildi. Hakimiyyət bu yerlərdə möhkəmlənmək məqsədi ilə yerli müsəlman təbəqəni zəiflətməyə, qriqorianlaşmış və erməniləşmiş albanları üstün mövqeyə çıxarmağa çalışırdı. 1840-cı ildə inzibati-hərbi islahatlar həyata keçirildi, Qarabağ əyaləti Şuşa qəzasına çevrildi və mərkəzi Şamaxı olmaqla Kaspi vilayətinə tabe edildi. 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldıqda Şuşa qəzası onun tərkibinə verildi və ərazisi bölünərək burada daha üç qəza - Zəngəzur, Cavanşir və Cəbrayıl qəzaları təşkil olundu. Beləliklə, Şuşa qəzası da vahid inzibati-siyasi idarəsini itirdi...

 

Xalq şairi B.Vahabzadənin yazdığı kimi:

 

Hökmü gör nə qədər böyükmüş anın,

Möhür də basdılar varağa təkrar.

Yox, varağın deyil, Azərbaycanın

Köksünə dağ boyda dağ basdı onlar.

 

İmzalı, möhürlü, ey cansız varaq,

Nə qədər böyükmüs qüvvətin, gücün.

Əsrlər boyunca vuruşduq, ancaq

Sarsıda bilmədik hökmünü bir gün.

 

 

(Ardı var)

 

Bəxtiyar QARACA

 

Azərbaycan.-2013.- 12 fevral.- S.7.