Vətənə böyük xidməti olan alim

 

12 fevral 2013-cü il tarixində Azərbaycanın qocaman geoloqu, görkəmli alim, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, İkinci Dünya müharibəsi veteranı Fərhad Soltan oğlu Əhmədbəylinin anadan olmasının  90 illiyielmi fəaliyyətinin 65 illiyi tamam olur.

Dolğunparlaq həyat yaşamış F.Əhmədbəyli geologiya elminə böyük töhfələr vermiş və dərin iz qoymuşdur. Onun elmi fəaliyyəti Qafqazın regional geologiyası, geotektonikası, neotektonikası, geodinamikası və seysmik aktivliyinə aid problemlərinin tədqiqinə həsr edilmişdir.

F.Əhmədbəyli Azərbaycanın tanınmış müəllimi Sultan Əhmədbəylinin ailəsində dünyaya göz açmışdır. Onun  uşaqlıq və yeniyetmə illəri Bakının çox gur keçən dövrünə, XX əsrin birinci yarısına düşür. Orta məktəbi qurtardıqdan sonra 1940-cı ildə Azərbaycan İndustrial İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş bu gənc ikinci kursdan öz xahişi ilə orduya yollanır və İkinci Dünya müharibəsi qurtaranadək Hərbi Hava Donanması qoşunlarında xidmət edir.

Hərbi xidmətdən qayıdaraq o, 1945-ci ildən etibarən ali təhsilini davam etdirir və 1950-ci ildə institutu bitirərək mühəndis-geoloq ixtisasına yiyələnir. Hələ institutda oxuyarkən geologiya elminə böyük maraq göstərən F.Əhmədbəyli Azərbaycan Geologiya İdarəsində, sonradan Geologiya İnstitutunda böyük laborant kimi çalışmışdır. 1950-ci ildən bugünədək F.Əhmədbəylinin elmi-istehsalat fəaliyyəti məhz AMEA Geologiya İnstitutu ilə bağlıdır. Bu elm mərkəzində o, böyük laborantlıqdan şöbə rəhbəri vəzifəsinədək yüksəlmiş, 1954-cü ildə geologiya-mineralogiya üzrə elmlər namizədi, 1963-cü ildə elmlər doktoru, 2002-ci ildə isə AMEA-nın müxbir üzvü fəxri adına layiq olmuşdur. AMEA və REA-nın  akademiki dünya şöhrətli mərhum V.Y.Xayinin tələbəsi olmuş və Azərbaycanda onun tədqiqatlarını davam etdirmişdir.

F.Əhmədbəyli elmi fəaliyyətlə yanaşı, Geologiya İnstitutu və Elmlər Akademiyasının ictimai həyatında da fəal iştirak etmiş, müxtəlif illərdə partiya komitəsinin katibi, həmkarlar ittifaqı komitəsinin sədri və digər ictimai vəzifələrdə çalışmışdır.  

F.Əhmədbəylinin tədqiqatlarında geologiya elminin aktual istiqaməti olan yer təkinin neotektonikası və ən yeni geodinamikası sahəsi xüsusi yer tutmuşdur. Azərbaycanda bu istiqamət üzrə əsaslı tədqiqatların aparılması məhz onun adı ilə bağlıdır. Respublikanın 1972-ci və 1991-ci illərdə nəşr edilmiş hər iki neotektonik xəritəsinin redaktoru və aparıcı müəllifi F.Əhmədbəyli olmuşdur. O, həmçinin Azərbaycanın neotektonikasına və ən yeni geodinamikasına aid beş monoqrafiyanın və 100-dən artıq elmi məqalənin müəllifidir.

F.Əhmədbəylinin elmi fəaliyyətinin əsas  istiqamətlərindən birirespublika ərazisinin seysmikliyimüasir geodinamikası ilə bağlıdır. Bu sahədə o, bir sıra mühüm nəticələr əldə etmiş, respublika ərazisinin ilkin seysmik rayonlaşdırma işlərinin iştirakçısı olmuş, onun yer qabığının gərginliyi və geodinamik sahələri xəritələrini tərtib etmişdir. Alim müxtəlif illərdə nəşr edilmiş seysmik rayonlaşdırma xəritələrinin müəlliflərindən olmuş, zəlzələ ocaqlarının tektonik quruluşunu öyrənərək təhlil etmiş və əldə etdiyi nəticələri Azərbaycan ərazisində zəlzələ ocaqlarının tektonik növlərinə həsr edilmiş ətraflı monoqrafiyada işıqlandırmışdır. Keçmiş SSRİ məkanında tanınan bir alim kimi o, daim nüfuzlu elmi kollektivlərin işində iştirak edərək "SSRİ-nin seysmik rayonlaşdırılması" (1968), "SSRİ ərazisinin seysmik rayonlaşdırılması" (1980) monoqrafiyalarının, SSRİ neotektonik xəritəsinin (1974), Qafqazın tektonik xəritəsinin (1980) müəlliflərindən biri olmuşdur.

F.Əhmədbəyli 2000-ci illərdə nəşr edilmiş "Azərbaycanın geologiyası" çoxcildliyinin "Tektonika" cildinin, 1:500000 miqyaslı "Azərbaycan Respublikasının Geoloji xəritəsi" və "Azərbaycan Respublikasının və ətraf ərazilərin Tektonik xəritəsi"nin, 1:2500000 miqyaslı "Xəzər dənizi və ətraf ərazilərin Beynəlxalq xəritəsi"nin həmmüəlliflərindəndir. Onun müəllifi olduğu 1:1500000 miqyaslı "Azərbaycan Respublikasının Neotektonik xəritəsi", "Azərbaycan Respublikasının yer qabığının gərginliyi", "Azərbaycan Respublikası ərazisinin geodinamik rejimi"  xəritələri hal-hazırda nəşrə hazırlanan "Azərbaycan Respublikasının Milli Atlası"na  salınmışdır.

Ümumilikdə F.Əhmədbəyli 150-dən artıq elmi əsərin, o cümlədən nəşr olunmuş 15 monoqrafiya və 12 xəritənin müəllifidir (onların bir qismi digər müəlliflərlə birlikdə hazırlanıb). Onun rəhbərliyi altında beş fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. Alim üç elmlər doktoru dissertasiyasının məsləhətçisi olmuşdur.     

Fəal və müddətli elmi fəaliyyəti nəzərə alınmaqla F.Əhmədbəyli 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü adına  layiq görülmüşdür.

Gözəl insan, şöhrətli alim,  respublikanın tanınmış ziyalısı və ağsaqqalı Fərhad Soltan oğlu Əhmədbəyli  90 yaşında da enerjisi və optimistliyi ilə seçilir. Ona uzun ömür, sağlamlıq və Azərbaycan elminin inkişafı yolunda  yeni nailiyyətlər və uğurlar arzulayırıq.

 

 

A.ƏLİZADƏ,

akademik

 

T.KƏNGƏRLİ,

geologiya-mineralogiya üzrə

elmlər doktoru

 

Azərbaycan.-2013.- 12 fevral.- S.9.