Dahi Qara Qarayevin böyük rus şairi Aleksandr Puşkinin əsərlərinə yazdığı romanslar Azərbaycan dilində ifa edilmişdir

 

Fevralın 11-də Azərbaycan Bəstəkarlar İttifaqında bəstəkar və pedaqoq, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin 95 illiyinə həsr edilmiş konsert keçirilmişdir.

AzərTAc xəbər verir ki, konsertdən əvvəl Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə fevralın 5-dən etibarən keçirilən dahi bəstəkara həsr edilmiş tədbirlərin silsilə xarakter aldığını demişdir. Bildirmişdir ki, yeni nəsillərin Qara Qarayevin musiqisinə müraciəti çox maraqlıdır. Yaşadığımız XXI əsrdə onlar dahi bəstəkarın musiqisinə yeni gözlə baxır, onun musiqisini yeni tərzdə interpretasiya edirlər. Bu isə təqdim olunan konsertin gözəl xüsusiyyətlərindən biridir.

Qara Qarayevin kamera-instrumental əsərlərinin səsləndiyi konsertin başqa bir maraqlı hissəsi bəstəkarın Aleksandr Puşkinin "Gürcüstan təpələrində" və "Mən sizi sevirdim" əsərlərinə bəstələdiyi iki romansın Azərbaycan dilində ifa edilməsi olmuşdur. Əsərləri vaxtı ilə Qara Qarayevin tələbəsi olmuş  bəstəkar və musiqişünas Nərgiz Şəfiyeva tərcümə edərək musiqiyə müvəffəqiyyətlə uyğunlaşdırmışdır.

Konsertdə, həmçinin bəstəkarın fortepiano üçün prelüdləri, "Don Kixot" simfonik qravürlərindən "Səyahət", "Violin və fortepiano üçün sonata"sı səsləndirilmişdir.

Əsərlər beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə, Ümidə Abbasova, Nigar Cəbiyeva, Azər Rzazadə, Cavad Tağızadə tərəfindən ifa edilmiş, onları Tofiq Şıxıyev, Nərgiz Şəfiyeva və Zakir Əsədov müşayiət etmişlər. Konsert alqışlarla qarşılanmışdır.

 

 

Azərbaycan.-2013.- 12 fevral.- S.9.