Bakı, sabahın xeyir!

 

İslam Səfərli-90

 

Ötən əsrin 70-80-ci illərində istər mətbuat səhifələrindən, istərsə də tez-tez çap olunan kitablarından, oxunan nəğmələrindən biz nəslin yaxşı tanıdığı bir şair var idi: İslam Səfərli! Çox az ömür sürən, amma məhsuldar bir şair həyatı yaşayan İslam Səfərli. O, bütün ömrü boyu öz duyğu və düşüncələrini yazdı. Belə qələm sahiblərinin ədəbi məhsulu isə həmişə orijinal və yaddaqalan olur. Çünki dünyada bir-birinə bənzəyən adam yoxdur.

Əlli baharlı bir yaşamda İslam Səfərli vətənin bütün ağrı-acısını qəlbində daşıdı, gözəlliyini vəsf etməkdən yorulmadı. İyirmidən artıq kitabı çap edilmiş şair respublikanın əməkdar incəsənət xadimi idi. Hələ sağlığında 200-dən artıq şeirinə musiqi bəstələnmişdi. Amma bir dəfə də olsun özünü "nəğməkar şair" adlandırmadı, İslam Səfərli. Halbuki buna onun həqiqətən də haqqı çatırdı. Təbiətindəki sadəlik və Allahın ona bağışladığı istedad bu zərif duyğulu insanı sözə elə bağlamışdı ki...E

O, 12 fevral 1923-cü ildə yurdumuzun dilbər guşəsində - Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini də doğma şəhərdə alan İslam Səfərlinin hələ uşaqlıqdan şeirə, sənətə böyük marağı var idi. İlk şeirlərini yazırdı ki, İkinci Dünya müharibəsi başladı. O, ali məktəb əvəzinə cəbhəyə getdi. Məktubları müxtəlif ünvanlardan gəldi. Soyuq səngərlərdən, od tökülən döyüş meydanlarından salamat çıxdı. Onu qarşıda müxtəlif işlər gözləyirdi. Əvvəlcə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxudu. Ali təhsil aldıqdan sonra bir müddət Naxçıvanda "Şərq qapısı" qəzetində çalışdı. Sonralar yenidən Bakıya - buradakı coşqun, qaynar, ədəbi mühitə qayıtdı. Bir tərəfdən jurnalistlik fəaliyyəti ilə məşğul olurdu, digər tərəfdən də ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan şeirlər yazırdı. "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində və Yazıçılar Birliyində çalışdı. İslam Səfərli çox az ömür sürdü. Bu səbəbdən də onun bioqrafiyasındakı iş yerlərinin adları o qədər də çox deyildi. İslam Səfərli bütün ağrı-acılara, xəstəliklərdən çəkdiyi zillətlərə baxmayaraq, mərd bir ömür yaşadı. Onun kitablarını, arxivindəki çap olunmamış şeirlərini vərəqlədikcə duyursan ki, bu şairin sinəsində vətəninə, elinə bağlı əsl vətəndaş ürəyi döyünürmüş. Onun yaradıcılığında elə bədii keyfiyyətlər, təbliğ  olunmalı cəhətlər var ki, bu gün də onu öyrənməyə ehtiyac var. İslam Səfərlinin heç bir kitabında çap olunmayan "Ana dili" adlı şeirini oxuduqca bu günlə necə səsləşdiyinə heyrət edirsən:

 

O dil -

Şərqin minbir nəğməli dodağıdır.

Dodaq dedim -

o ürək açan tərcümanıdır.

Ürəksizə nəğmə olmaz.

Dilim -

nərgiz gülü kimidir,

Borana da düşsə solmaz.

Çünki bu dil,

Baharıstan torpağında atmış rişə

Bu dil -

o vaxt məhv olar ki,

dünya qopa, günəş düşə,

yoxsa heç bir saxta qürur,

qüruruma düşməz yaxın.

Nəğmə deyin axın-axın!..

Bu nəğmələr ürəklərə axıb dolsun.

Bizim könül nəgməmizsə,

"Azərbaycan himni" olsun!..

 

 O, təkcə şair deyildi. Qələmini həm dramaturgiya sahəsində bacarıqla sınağa çəkirdi. "Göz həkimi", "Ana ürəyi", "Xeyir şər" pyesləri tamaşaya qoyulmuşdu. Xüsusilə Azərbaycan televiziyasının ikinci həyat verdiyi "Göz həkimi" televiziya tamaşası daha çox məşhurdur. Bu əsər müəllifə tamaşaçı sevgisi gətirmiş ən uğurlu baxımlı televiziya tamaşalarından biri oldu. İki variantda tamaşaya qoyulmuş həmin əsər bu gün maraqla izlənilir.

Xatirələrdən boylanan fikirlərə görə, İslam Səfərli həyatda çox nikbin adam olub. Bu məziyyət onun poeziyasında da duyulmaqdadır. İslam Səfərlinin şeirlərində süni ah-uf, yalançı kədər yoxdur. Əksinə, bu şeirlərdə qəribə bir cazibə var. Yurd yerləri kimi adamı özünə çəkir. Bəlkə bu, ondan irəli gəlir ki, lap uşaqlıqdan gördüyümüz dağların, yaylaqların, güllü çəmənlərin, dəli çayların, buz bulaqların, yaşıl ormanların bədii poetik əksini İslam Səfərlinin poeziyasında tapırıq. Bu baxımdan müəllifin "Torpağın ətri" adlı kitabındakı iki bölmədə ("Torpağın ətri" "Naxçıvan yadigarı") yurdumuzun poetik vəsfinin ən müxtəlif rəngarəng çalarlarını görürük. Gözlərimizin önündə "Nəqşicahan"ımızın təbii gözəllikləri, uca dağları, qalaları, çadırlı obaları, xınalı güneyləri canlanır. Doğma yurdun bənövşəsinə, nərgizinə deyil, adicə çayına, koluna, söyüdünə İslam Səfərlinin özünəməxsus poetik baxışı deyimləri var idi. Ona elə gəlirdi ki, doğulduğu diyarın üfüqündə heç zaman şəfəqlər sönmür. İnsanın eşqi ilə həmişə Yerin ulduzları səmalarda parıldayır.

İslam Səfərli torpağın ətrini sinəsinə çəkib ürəyində çiçək bitirməyi, şeirlərində ilhamını kükrətməyi bacaran şair idi:

 

Zirvələrin dənər qarlı,

Şimşəklərin od çaxarlı,

Ey axarlı, ey baxarlı,

Ey gülzarlı Naxçıvanım,

Xoş baharlı Naxçıvanım!

 

 Gözəl yaddaqalan nəğmələr müəllifi idi İslam Səfərli.  Azərbaycanın demək olar ki, bütün tanınmış müğənniləri onun yaradıcılığına müraciət edər, mahnılarını ürəklə oxuyardılar. Müəllifin sözlərinə yazılmış bir məşhur mahnısı var ki, onun haqqında mütləq danışmaq lazımdır. Bu, "Bakı, sabahın xeyir"dir. Nəcib həssas duyğulara sahib olan İslam Səfərli sanki bu nəğməsində  yurdumuza əbədilik bir alqış ünvanlayıb. Qoy paytaxtımızın səhərləri xeyirlə açılsın. Dənizdən boylanan günəş şəhərin bütün küçələrinə hərarət səpsin. Hər dan süzüləndə bu nəğmənin radio dalğalarında səsləndirilməsi insanların ruhuna, ovqatına bir təzəlik, yenilik bəxş edir. İstər-istəməz şairin özünün yoxluğundan doğan xəfif kədərə bir ümid pərdəsi çəkilir. O səsdə, o avazda, o sözdə, o alqışda yaşayır İslam Səfərli:

 

Qayıdıb xoş güzardan,

Günəş qalxır Xəzərdən,

Sevgilim keçən yerdən,

Bütün şəhər yeriyir.

Bakı, sabahın xeyir!

 

  acılar ki, bu sənət eşqli, həyatsevər insan çox az yaşadı. Bütün nikbinliyi ilə bərabər bu əbədi gedişin qəfil olacağını duyurmuş kimi İslam Səfərli gəldi-gedər kədərə boyun əyməyərək qürurla söyləyirdi: "Yurdumuzu vəsf edirəm, əldə qələm, dizdə vərəq, mənə qalan bu olacaq". sonra da çox qəribə tərzdə öz vəsiyyətini yazırdı: "Deməyin gəldi-gedəriyəm. Çəmənlərdə izim varsa, çiçəklərdə gözüm varsa, gecə-gündüz əlimdə qələm yol gedirəmsə, mən əbədiyəm". Sanki bu fikirlərə qüvvət kimi qulağımıza yenə onun sözlərindən qanad taxmış nəğməsinin sədası gəlir:

 

Hörüklərin qaradır,

Qaşların ayparadır,

O, bir aləm yaradır,

Bakı, sabahın xeyir!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 12 fevral.- S.11.