Prezident İlham Əliyevin
sədrliyi ilə «Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı»nın
icrasının dördüncü ilinin yekunlarına həsr
olunmuş konfrans keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin
yekun nitqi
- Bu ilin
sonuna qədər İkinci Dövlət Proqramının
icrası təmin ediləcəkdir. Beləliklə, 10 ili əhatə
edən bir dövr arxada qalacaqdır. Ancaq artıq bu gün də
demək olar ki, həm 2004-cü ildə, həm 2009-cu ildə
qəbul edilmiş iki dövlət proqramının icrası
ölkəmizin inkişafı üçün çox
böyük rol oynamışdır. Əgər bu proqramlar qəbul
edilməsəydi, indi bölgələrdə gedən
inkişafdan söhbət aparmaq belə yersiz olardı. Məhz 2004-cü ildə qəbul
edilmiş bu qərar ölkəmizin hərtərəfli,
dayanıqlı və şaxələndirilmiş şəkildə
inkişafını təmin etmişdir.
Birinci
proqram artıqlaması ilə icra edilmişdir. Proqramda
2004-cü ildə nəzərdə tutulmayan məsələlər
ondan sonrakı illərdə əlavə edilmişdir. 2009-cu
ildə də qəbul edilmiş proqrama çoxsaylı əlavələr
edilmişdir. Çünki həyat yerində durmur, ölkə
qarşısına yeni vəzifələr çıxır.
Biz bu proqramların icrası əsnasında yeni məsələlərin
həlli ilə bağlı təşəbbüslər irəli
sürmüşük. Bir sözlə, bu proqram daim yenilənir.
Beləliklə, bölgələrdən gələn təkliflər,
sifarişlər, mənim bölgələrdə olduğum
zaman yerli vətəndaşlarla görüşlər
zamanı verilən təkliflər, əlbəttə ki, bu
proqramlara əlavə edilir. Eyni zamanda, 2009-cu ildə ikinci
proqram qəbul olunandan sonra Prezidentin Ehtiyat Fondundan bölgələrin
inkişafına böyük həcmdə vəsaitin
ayrılması təmin edilmişdir. Xüsusilə,
infrastruktur, nəqliyyat, kənd yollarının bərpası
və abadlıq işlərinin görülməsi
üçün.
Bu gün
səslənən fikirlər və ümumiyyətlə,
ölkədə gedən müsbət dəyişikliklər
deməyə əsas verir ki, bu ilin sonuna qədər İkinci
Dövlət Proqramının tam icrası təmin ediləcəkdir.
Bu proqram, yenə də demək istəyirəm ki,
artıqlaması ilə icra ediləcəkdir. Bu ilin sonuna qədər
Dövlət İnvestisiya Proqramında və regionların
sosial-iqtisadi inkişafı dövlət proqramında nəzərdə
tutulmuş bütün məsələlər öz həllini
tapmalıdır.
Hesab edirəm
ki, bu il ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi
keçən ildəkindən az olmamalıdır. Keçən
il 22,1 milyard dollar vəsait qoyulmuşdur. Bu il də hesab edirəm
ki, bu qədər vəsait qoyulmalıdır. Çünki həm
dövlət xətti ilə və özəl sektorun fəaliyyəti
nəticəsində hesab edirəm ki, biz bu rəqəmə
çatacağıq. Bu da şübhəsiz, regionların
sosial-iqtisadi inkişafı dövlət proqramının
uğurla başa çatdırılmasına xidmət
göstərəcəkdir.
İlk
növbədə, infrastruktur layihələrinin davam etdirilməsi
vacibdir. Bu istiqamətdə görülən işlər
müsbət qiymətləndirilə bilər və davam
etdirilməlidir. Xüsusilə, magistral yolların tikintisi və
tamamlanması, kənd yollarının təmiri və tikintisi
məsələləri ön plandadır. Demək olar ki, kənd
yollarının tikintisi indi bütün bölgələrdə
geniş vüsət almışdır. Bölgələrdən
gələn əhali tərəfindən verilən təkliflər,
edilən xahişlər əsasında biz bu layihələri
icra edirik. İlk növbədə, biz əhalinin ən
çox sıx məskunlaşdığı bölgələrdə,
ən çox kəndləri birləşdirən yolları bərpa
edirik. Qarşıya məqsəd qoyulubdur ki, bütün kənd
yollarımız yüksək səviyyədə təmir
edilsin, beləliklə, bu məsələ də öz həllini
tapsın.
Elektrik
enerjisinin təchizatı ilə bağlı son illər ərzində
görülən işlər nəticəsində, demək
olar ki, artıq qıtlıq hiss olunmur. Çünki son illərdə
1500 meqavat gücündə yeni elektrik stansiyalarının
tikintisi təmin edilmişdir. Bu proses davam etdirilir. Bu il
Şirvan şəhərində "Cənub" elektrik
stansiyasının işə düşməsi nəticəsində
biz təqribən 800 meqavata qədər yeni güclər əldə
edəcəyik. "Şimal-2" elektrik stansiyasının
tikintisi davam edir. Bu da təqribən 400 meqavata yaxındır.
Yəni, bu, bizim enerji potensialımızı böyük dərəcədə
möhkəmləndirəcəkdir. Eyni zamanda, su elektrik
stansiyalarının tikintisi davam etdirilir. Keçən il biz
kiçik çaylarda bir neçə stansiyanın
açılışını qeyd etmişik. Eyni zamanda,
böyük layihələrin icrası ilə paralel olaraq su
elektrik stansiyalarının və bərpa olunan alternativ enerji
növlərinin yaradılması prosesi gedir. Mən onların
arasında bu yaxınlarda Füzuli su elektrik
stansiyasının açılışını qeyd edə
bilərəm. İyirmi beş
meqavat gücündə olan stansiya bərpa olunan enerji
növüdür.
Bakıda,
Balaxanıda məişət tullantıları zavodunun tərkib
hissəsi olan elektrik stansiyasının tikintisi artıq
başa çatmışdır. Biz orada da təqribən 20
meqavata yaxın elektrik enerjisi əldə edəcəyik.
Taxtakörpü
su anbarı tikilir və bu il bu nəhəng infrastruktur layihəsi
istifadəyə veriləcəkdir. On minlərlə hektar
torpaq sahələri suvarılacaq və eyni zamanda, bu layihənin
tərkib hissəsi olan 25 meqavat gücündə olan su
elektrik stansiyası da tikiləcəkdir. Yəni, bizdə kifayət
qədər enerji gücləri vardır.
Bildiyiniz
kimi, Azərbaycan hazırda qonşu ölkələrə
elektrik enerjisi ixrac edir. Ancaq ötürücü xətlərin
vəziyyəti bizi qane edə bilməz. Bu məsələ ilə
bağlı artıq göstərişlər verilmişdir. Bu
ilin investisiya proqramında da ötürücü xətlərin
yeniləşdirilməsi məsələsi nəzərdə
tutulur. Biz bu məsələyə daha da ciddi fikir verməliyik
və bütün ötürücü xətlərin vəziyyətini
qısa müddət ərzində
yaxşılaşdırmalıyıq. Bölgələrdə
və Bakıda buna böyük ehtiyac vardır.
Bərpa
olunan enerji növlərinin yaradılması ilə
bağlı işlər başlamışdır. Ümid edirəm
ki, bu istiqamət də çox perspektivli olacaqdır. Beləliklə,
bizim zəngin qaz, neft yataqlarımız, ehtiyatlarımız
var və bundan sonra ən azı 100 il ərzində Azərbaycanda
daxili mənbələrlə, yəni, enerji mənbələri
ilə heç bir problem olmayacaqdır. Ancaq hesab edirəm ki,
bərpa olunan enerji növlərinin yaradılması və bu
prosesin genişləndirilməsi də zəruridir. İlk
növbədə, bu bizə əlavə maliyyə
imkanları yaradacaqdır. Digər tərəfdən, bu yeni
texnologiyaların, bərpa olunan texnologiyaların,
"yaşıl energetika"nın yaradılması hesab edirəm
ki, dünyada gedən ekoloji problemlərin həllinə də
bizim töhfəmiz olacaqdır.
İnfrastruktur
layihələri arasında qazlaşdırma prosesi xüsusi əhəmiyyət
daşıyır. Əminəm ki, əvvəlki dövrdə
verdiyim tapşırıqlar yerinə yetiriləcək və
bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 90 faizə
çatacaqdır. Bu sahədə böyük investisiya layihələri
icra edilir. Bütün bölgələrdə
qazlaşdırma prosesi gedir. Biz rayonların əksəriyyətində
qazlaşdırmanı 100 faizə çatdırmalıyıq
və çatdıracağıq. Bəzi dağlıq
rayonlarda isə təqribən ondan aşağı səviyyədə
ola bilər. Ancaq yenə də bütün bölgələrdə,
bütün kəndlərdə dayanıqlı enerji növləri
ilə bağlı öz işimizi görəcəyik. Əhalini
dayanıqlı enerji ilə, qazla təmin edəcəyik.
İnfrastruktur
layihələri arasında içməli su və kanalizasiya
layihələrinin icrası xüsusi yer tutur. Keçən il
Dövlət İnvestisiya Proqramı çərçivəsində
bu məqsədlərə böyük həcmdə vəsait
qoyulmuşdur. Bu il də təxminən 800 milyon manata
yaxın, bəlkə ondan da çox vəsait nəzərdə
tutulur. Yenə də biz məqsədi maksimum şəkildə
götürürük ki, bütün yaşayış məntəqələrində
- Bakıda, bütün şəhərlərdə
və kəndlərdə dayanıqlı, təmiz, Dünya Səhiyyə
Təşkilatının standartlarına uyğun içməli
su layihələri icra edilsin.
Bu işlər
bütün bölgələrdə geniş vüsət
almışdır. Bütün dövrlərdə
qarşımızda duran bu böyük problem əminəm ki,
yaxın illərdə öz həllini tapacaqdır. Onu da qeyd
etmək istəyirəm ki, biz bu layihələri əhalinin
artımını nəzərə almaqla elə qururuq ki, ən
azı 2035-ci ilə qədər öz səmərəsini təmin
etsin. Beləliklə, bu məsələ həll ediləndən
sonra demək olar ki, bütün bölgələrdə
kommunal və infrastruktur layihələri icra olunacaqdır.
İnvestisiya
proqramında böyük yer tutan layihələrdən biri də
meliorasiya layihələridir. Bu layihələr bilavasitə kənd
təsərrüfatının inkişafı ilə
bağlıdır. Ölkəmizdə iki nəhəng, bəlkə
də qeyri-neft sektoruna qoyulan ən böyük investisiya
tutumlu layihə - Taxtakörpü və Şəmkirçay
su anbarları layihələri icra edilir. Bayaq qeyd etdiyim kimi,
Taxtakörpü su anbarı bu il, Şəmkirçay su
anbarı isə yəqin ki, iki ildən sonra istifadəyə
verilməlidir. Bu iki əvəzolunmaz layihənin icrası nəticəsində
10 minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə
buraxılacaqdır. Giriş sözümdə dediyim kimi, bu, həm
ərzaq təhlükəsizliyimizin təmin edilməsi
üçün çox vacibdir, eyni zamanda, əlavə ixrac
potensialı da yaradacaqdır. Bu layihələrin icrası nəticəsində
dövriyyəyə buraxılacaq on minlərlə hektar torpaq
sahələrində aqrotexniki tədbirlərin görülməsi
üçün biz indidən öz planlarımızı
tutmalıyıq. Əlavə texnika alınmalıdır. Biz
bir neçə ildir ki, "Aqrolizinq" xətti ilə
dövlət büdcəsindən ayrılan vəsaitlə texnikanın
alınması ilə məşğuluq və texnika əhaliyə,
fermerlərə icarə şərtləri ilə verilir. Yəqin ki, əlavə
texnika, gübrələr
alınmalı və digər tədbirlər görülməlidir
ki, fermerlər dövriyyəyə buraxılacaq bu yeni
torpaqlardan səmərəli şəkildə istifadə
etsinlər.
Eyni
zamanda, yeni suvarılacaq torpaqları su ilə və digər
lazımi avadanlıqlarla təmin etmək üçün
kompleks tədbirlər planı olmalıdır. Hesab edirəm
ki, bu işlər indidən başlanmalıdır.
Düzdür, müvafiq göstərişlər
verilmişdir. Amma hesab edirəm ki, yaxın aylarda mənə
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən daha konkret təkliflər verilməlidir.
Yeni suvarılacaq torpaqların hüdudları meliorasiya
şirkəti ilə bərabər müəyyən edilməlidir
ki, biz artıq bütün yeni torpaqların becərilməsinə
hazır olaq və beləliklə, vaxt itirməyək.
İri
fermer təsərrüfatlarının yaradılması prosesi
başlamışdır. Bildiyiniz kimi, mən bu
tapşırığı bir neçə il bundan əvvəl
vermişdim. Ancaq keçən ildəki müşavirədə
öz iradlarımı bildirmişdim ki, baxmayaraq, göstərişlər
verilib, heç bir iş görülmür. İndi hesab edirəm
ki, keçən il ərzində görülən işlər
bu prosesə də təkan vermişdir. Artıq beş min
hektara qədər torpaq sahələri ayrılıb, Ağcabədi
və Beyləqan rayonlarında iri
fermer-taxılçılıq təsərrüfatlarının
yaradılması artıq təmin edilibdir. Biz əlbəttə,
o sahələrdən bol məhsul gözləyirik. Hesab edirəm
ki, orada məhsuldarlıq da yüksək olmalıdır. Bu
layihələrin icrası nəticəsində biz taxılla
özümüzü təmin etmək üçün
çox ciddi addım atmış oluruq. Mən
özümüzü təmin etmə sahəsində gedən
işlərə indi toxunacağam. Ancaq demək istəyirəm
ki, verilən məlumata görə, ən azı 50
böyük fermer-taxılçılıq təsərrüfatları
yaradılmalıdır ki, biz özümüzü taxılla
tam şəkildə təmin edək. Özümüzü təmin
etmək niyyətimiz bir neçə səbəbə söykənir.
İlk növbədə, ərzaq təhlükəsizliyi məsələləri. Ərzaq təhlükəsizliyi məsələləri
son illərdə artıq gündəliyə çıxan məsələlərdir.
Daha əvvəl biz ən çox enerji, nəqliyyat təhlükəsizliyi
məsələləri ilə məşğul idik və deyə
bilərəm ki, bu məsələlərin həllində
böyük uğurlar əldə etmişik.
Azərbaycan
tərəfindən nəqliyyat və enerji sahələrində
irəli sürülmüş təşəbbüslər və
layihələr nəinki bizim maraqlarımızı və
bölgə maraqlarını, qitə maraqlarını təmin
edir və edəcəkdir. Azərbaycan artıq bu sahələr
üzrə əvəzolunmaz tərəfdaşa
çevrilibdir. Deyə bilərəm ki, Avropa ölkələrinin
bəzilərinin enerji balansında Azərbaycan neftinin payı
30-40 faizə çatır. Beləliklə, artıq biz neft
resurslarımızla bəzi ölkələrin enerji təhlükəsizliyini
təmin edirik. Bizim təşəbbüsümüzlə
başlanan TANAP layihəsi isə Azərbaycan qazının
müxtəlif ölkələrə nəql olunmasını
təmin edəcəkdir. Beləliklə, Azərbaycan qaz sahəsində
də enerji təhlükəsizliyi məsələlərinin
həlli işində əvəzolunmaz tərəfdaşa
çevriləcəkdir. O cümlədən,
Bakı-Tbilisi-Qars dəmir yolunun
tikintisinin başa çatması nəticəsində
biz yeni, daimi dəhliz yaradırıq. Bu dəhlizdən istifadə
edəcək ölkələrin sayı artacaqdır. Artıq
aparılan ikitərəfli danışıqlar əsnasında
biz bir çox yerlərdən bu layihəyə marağı
görürük. Onu da qeyd etmək istəyirəm ki, bu layihənin
başlanması Azərbaycan dövlətinin iradəsinə
söykənir. Əlbəttə, biz bu layihənin təşəbbüskarı
kimi üzərimizə böyük məsuliyyət
götürmüşük. Çox şadam ki, bizimlə bərabər
bu layihənin icrasında iştirak edən qonşu ölkələr
də öz dəyərli səylərini,
töhfələrini verirlər.
Ərzaq
təhlükəsizliyi məsələləri isə nisbətən
yeni bir anlayışdır. Yəni, bu, anlayış kimi yeni
deyilsə də, amma problem kimi son illər ərzində
yaranmışdır. Bunun bir neçə səbəbi
vardır. Mən bu barədə çox danışmaq istəmirəm.
Bəzi hallarda inhisarçılıq, bəzi hallarda
quraqlıq, bəzi hallarda alternativ yanacağın istehsalı
üçün bitkilərdən istifadə edilməsi və
əkin sahələrinin istiqamətinin dəyişdirilməsi.
Hər halda, biz özümüz də bir neçə il
bundan əvvəl bu problemlə üzləşmişdik. Yəqin
indi hamımızın yadındadır ki, bağlanmış
kontraktların icrası da, yəni, idxalla bağlı
icrası da artıq sual altına düşmüşdü.
Çünki bəzi istehsalçı ölkələrdə
quraqlıq baş vermişdir. Onlar taxılla öz daxili tələbatlarını
ödəyə bilmirdilər. Biz əlbəttə ki, bu vəziyyətdən
də çıxdıq, çıxılmaz vəziyyət
yoxdur. Ancaq bu, bizim üçün bir siqnal idi.
Özünü təmin məsələlərinə bir daha
baxdıqda gördük ki, burada inkişaf üçün
çox böyük yer vardır.
Əlbəttə,
Azərbaycan dünya iqtisadiyyatının bir
parçasıdır, biz dünya iqtisadiyyatına çoxdan
inteqrasiya etmişik və bazar iqtisadiyyatı prinsiplərinə
sadiqik. Ancaq eyni zamanda, hesab edirəm ki, hər bir ölkədə,
xüsusilə, təbii iqlim şəraiti imkan verdikdə əsas
ərzaq məhsulları ilə özünü təmin məsələləri
həll edilməlidir. Biz də son illər ərzində bu
istiqamətdə böyük işlər
görmüşük. Mən bu barədə bir qədər
sonra bəzi rəqəmləri diqqətinizə
çatdıracağam.
Mən kənd
təsərrüfatının inkişafı ilə
bağlı əvvəlki müşavirədə də
demişdim, bu gün də təkrar etmək istəyirəm.
Çünki hesab edirəm ki, bu sahədə hələ ki,
çox ciddi işlər görülməmişdir.
Rayonlar
arasında və rayonlar üzrə ixtisaslaşma
aparılmalıdır. Hər bir rayonun öz xüsusiyyətləri,
öz təbiəti, iqlimi vardır. Bu iqlim şəraiti nəzərə
alınmalıdır. Hər rayon üzrə ixtisaslaşma
layihələri icra edilməlidir. Göstərişlər
verilmişdir. Ancaq mən hələ ki, konkret nəticələri
görmürəm. Hesab edirəm ki, yaxın zamanda mənə
hər rayon üzrə konkret təkliflər verilməlidir.
Hansı rayonda hansı kənd təsərrüfatı məhsullarını
daha da çox istehsal etməliyik və bunu etmək
üçün hansı əlavə tədbirlər
görülməlidir. Çünki biz ümumi göstərişlər
veririk. Məsələn, hər bir kənd təsərrüfatı
məhsulunun Azərbaycanda istehsalı hesabına daxili tələbatı
ödəmək, ixrac imkanlarını artırmaq
üçün ümumi göstərişlər verilir. Amma
bunlar bu rayonlar arasında necə bölünür, yəqin
ki, bu məsələ ilə bağlı daha dəqiq təkliflər
verilməlidir.
Hesab edirəm
ki, aqrar sahədə yeni texnologiyaların tətbiqi
üçün artıq vaxt yetişib. Bildiyiniz kimi,
ümumiyyətlə, yeni texnologiyaların, informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi Azərbaycanda geniş vüsət
almışdır. Biz bu sahədə bölgədə birinci
yerlərdəyik. Ümumiyyətlə, dünya miqyasında
reytinq siyahılarında qabaqcıl yerlərdəyik. Aqrar sahədə
də İKT məsələlərinin həlli hesab edirəm
ki, vacibdir. Onların arasında fermerlərin elektron qeydiyyat
sisteminin yaradılması məsələsi dayanır. Bu layihə
bir neçə məqsədi güdəcəkdir. Həm
subsidiyaların səmərəsini artıracaq və həm də
pay torpaqlarının sərhədləri bir daha dəqiqləşdiriləcəkdir.
Buna da böyük ehtiyac var və ümumiyyətlə, biz
müasir texnologiyaları kəndlərə də gətirməliyik.
Artıq bu sahədə böyük layihə icra edilməyə
başlayır. Biz bütün şəhərlərə
genişzolaqlı internet xətləri çəkəcəyik.
Bu, bir neçə milyon manat dəyərində olan layihədir.
Əhəmiyyəti nəzərə alınaraq bu layihə
Dövlət Neft Fondunun xətti ilə və Rabitə və
İnformasiya Nazirliyinin nəzarəti altında birbaşa
maliyyələşdirilir. Yəni, biz genişzolaqlı
interneti hər kəndə gətirməliyik və gətirəcəyik.
Bu bizim niyyətimizdir. Paralel olaraq kənd təsərrüfatının
inkişafında informasiya texnologiyalarından istifadə etməliyik.
Elektron hökumət layihəmiz vardır. Hesab edirəm ki, kəndlərdə
də bu məsələ öz həllini tapmalıdır.
Bayaq qeyd
etdiyim kimi, biz keçən il iri fermer təsərrüfatlarının
yaradılması ilə məşğul olmağa
başlamışıq və artıq nəticələr
vardır. Bu təşəbbüs sırf ərzaq təhlükəsizliyi
məsələlərinin həllini nəzərdə tutur.
Burada xüsusi dövlət dəstəyi verilmişdir. Bu da təbiidir,
çünki ərzaq təhlükəsizliyi məsələləri
ön planda dayanmalıdır. Ancaq biz bilməliyik ki, kənd
təsərrüfatı istehsalının mütləq əksəriyyətini
təmin edən xırda fermer təsərrüfatlarıdır.
Əlbəttə, onlar da yaddan çıxmır və
çıxmayacaqdır. Son doqquz il ərzində bölgələrdə,
xüsusilə, kənd təsərrüfatı və emal sahələrində
aparılan işlər və verilən dəstək məhz
xırda fermer təsərrüfatlarına verilən dəstək
olmuşdur. Yəni, bu sahə daim diqqət mərkəzində
olmalıdır.
Bildiyiniz
kimi, biz kənd təsərrüfatını
stimullaşdırmaq, ərzaq təhlükəsizliyini təmin
etmək və bölgələrdə işsizliyin aradan qaldırılması
üçün kompleks tədbirlər görürük.
Bildiyiniz kimi, ulu öndər Heydər Əliyev tərəfindən 1990-cı illərin ortalarından kəndlərdə
köklü iqtisadi islahatlar başlamışdır. Fermerlər
torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad
edilmişdir və bu gün də biz bu güzəştləri
qüvvədə saxlayırıq. Baxmayaraq ki, artıq 20 ilə
yaxın vaxt keçir və fermerlər də artıq
ayağa durdular, böyük imkanlara malikdirlər. Azərbaycan
da çox böyük inkişaf yolu keçmişdir. Ancaq
biz bu güzəştləri qüvvədə
saxlayırıq, hesab edirəm ki, bu, düzgün siyasətdir.
Hər
bir dövlət fermerləri dəstəkləməlidir. Hər
bir dövlət subsidiyaları verməlidir. Biz də
bunları edirik. Bizim verdiyimiz subsidiyalar, həm də kreditlər
çoxşaxəlidir. Mən qeyd etdim, 1 milyard 200 milyon manat
güzəştli şərtlərlə kredit verilmişdir.
Onlardan 83 faizi bölgələrin aqrar sektoruna ödənilmişdir.
Texnikanın alınması, aqrolizinqin yaradılması bizim təşəbbüsümüz
olmuşdur. Maldarlığın inkişafı. Dövlət
xətti ilə damazlıq mal-qara gətirilir. Dünən
növbəti sərəncam imzalanmışdır. Dövlət,
hökumət tərəfindən metodik tövsiyələr
verilir. İqtisadi İnkişaf Nazirliyinin bu sahədə
artıq gözəl təcrübəsi vardır. Fermerlərə
hətta metodik qaydada göstərilir ki, nə qədər vəsaitlə
hansı işləri görmək mümkün olacaqdır. Əlbəttə,
subsidiyalar, yəni, maddi təminat. Bu subsidiyaları biz veririk.
Amma əfsuslar olsun ki, biz bəzi hallarda bu sahədə şəffaflığa
nail ola bilmirik. Subsidiyalar ya ünvana çatmır, ya kimsə
onları mənimsəyir, özünə götürür.
Bəzi hallarda fermerə çatacaq subsidiyaların bir hissəsi
dövlət məmurlarının cibinə gedir. Bəzi
hallarda ümumiyyətlə, istehsal olunan məhsulun həcmi,
torpaq sahələri artırılır ki, subsidiyalar daha
çox götürülsün. Bəzi hallarda xaricdən
lazım olan avadanlıqlar və digər vasitələr
yüksək qiymətlə gətirilir. Yəni, bu sahədə
biz tam şəffaflığı təmin etməliyik.
Dövlət öz kəndlisinə öz dəstəyini verir
və verəcəkdir. Elə etmək lazımdır ki, bu təminat
fermerlərə maksimum dərəcədə - 100 faiz
çatsın.
Ona
görə hesab edirəm ki, yaxın aylarda subsidiyaların
verilməsində birinci növbədə əldə
edilmiş təcrübə bir daha təhlil edilsin, təkliflər
verilsin, müsbət tərəfləri ilə yanaşı,
nöqsanlar da aydınlaşdırılsın. Bu işlərdə
mən xüsusilə, fermerlərə müraciət edirəm,
onlar öz təkliflərini versinlər Prezident Administrasiyasına,
hökumətə, İqtisadi İnkişaf Nazirliyinə, Kənd
Təsərrüfatı Nazirliyinə və yerli icra
orqanlarına. Təklifləri versinlər ki, biz daha dəqiq
bilək ki, onları narahat edən məsələlər nədir.
Mən bilirəm ki, burada problemlər var, şəffaflıq
lazımi səviyyədə təmin edilməyibdir. Bu
nöqsanlar tezliklə aradan qaldırılmalıdır. Fermerə
nə qədər çatmalıdır, o qədər də
o, bunu almalıdır. Heç kim onun puluna gözünü
dikməsin!
Özümüzü
təmin etmə ilə bağlı bir neçə rəqəmi
səsləndirmək istəyirəm. Biz əsas ərzaq məhsulları
üzrə aşağıdakı səviyyəyə
çatmışıq. Ət və ət məhsulları ilə
biz keçən il özümüzü 92 faiz səviyyəsində
təmin etmişik, bu il 95 faiz səviyyəsində təmin
edəcəyik. Quş əti - 88 faiz, bu ilin sonuna qədər
olacaq 93 faiz. Yumurta 96 faiz, bu il verilən proqnoza görə 100
faiz olacaqdır. Bitki yağları 70 faiz, qalxacaqdır 75 faizə.
Kərə yağı 50 faiz, bu il olacaq cəmi 52 faiz. Bu,
çox aşağı göstəricidir. Bu barədə
düşünmək lazımdır. Süd və süd məhsulları
ilə özümüzü 73 faiz səviyyəsində təmin
edirik. Bu ilin sonunadək 78 faiz olacaqdır. Taxıl 65 faiz,
olacaqdır 70 faiz və dediyim kimi, 50 iri fermer təsərrüfatlarının
yaradılması nəticəsində biz 100 faizə
çatacağıq. Üzüm 94 faiz, 96 faiz olacaqdır.
Kartof istehsalı təxminən 100 faizdir. Bu səviyyədə
də qalacaqdır. Bostan məhsulları 100 faiz. Artıq bu
ildən böyük ixrac imkanları yaranacaqdır, faizin səviyyəsi
104 olacaqdır. Meyvə və giləmeyvə 126 faiz, olacaq 130
faiz. Yəni, böyük ixrac imkanlarımız vardır. Tərəvəz
99 faiz, olacaq 108 faiz. Duz 71 faiz, olacaqdır 75 faiz. Şəkər
və şəkərdən hazırlanan məhsullar. Burada biz
bilməliyik ki, cəmi 12 faiz yerli xammal ilə təmin olunur.
Ancaq idxal edilən digər xammallar ilə təmin olunan şəkər
və məhsullar 180 faiz olacaqdır.
Bu cədvəl
ilk növbədə, bu sahədə görülən işləri
göstərir. Çünki misal üçün, əgər
biz bəzi pozisiyalar üzrə 2009-cu illə müqayisə
aparsaq görərik ki, quş əti o vaxt 66 faiz idi, bu il
olacaq 93 faiz. Ət 84 faiz idi, olacaqdır 95 faiz. Bu da nəyin
hesabına - Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə verilən kreditlərin hesabına. Çünki iki il
bundan əvvəl biz görəndə ki, quşçuluq bizdə
bir qədər az inkişaf edir, o istiqaməti
götürdük və quş fabriklərinin
yaradılması prosesi geniş vüsət
almışdır.
Yəni,
bu cədvəl onu göstərir ki, əslində, bəzi
pozisiyalar istisna olmaq şərtilə biz ərzaq təhlükəsizliyi
məsələlərini həll edə bildik. Bu da
böyük və tarixi nailiyyətdir. Bundan sonrakı illərdə,
harada ki, hələ biz özümüzü təmin edə
bilmirik, o sahələrə xüsusi diqqət verilməlidir,
İqtisadi İnkişaf Nazirliyi bunu bilir. O sahələrə
verilən kreditlərin həcmi artmalıdır və elə
etməliyik ki, yaxın illərdə Azərbaycan
özünü əsas ərzaq məhsulları ilə 100
faiz təmin etsin və bu, tarixi nailiyyət olacaqdır. Bayaq
qeyd etdiyim kimi, biz ixrac imkanlarını da
araşdırmalıyıq və xarici bazarlara ixrac məhsulları
ilə çıxmalıyıq.
Heyvandarlıq,
südçülük, bağçılıq,
üzümçülük -bu sahələrin inkişafı
üçün çox böyük imkanlar vardır, eyni
zamanda, biz məhsuldarlığın
artırılmasına da nail olacağıq. Son illər ərzində
yaradılan, yaxud da ki, yaradılmaqda olan yeni müəssisələr
məhz ona hesablanıbdır. Orada yeni texnologiyalar,
bütün məsələlər kompleks şəkildə həll
olunur. Yeni fermer təsərrüfatlarında məhsuldarlıq,
məsələn, taxılda 40-50 sentnerə
çatmalıdır. İndi bizdə orta hesabla hər hektardan
27 sentner məhsul əldə etmişik ki, bu da əvvəlki
illərə nisbətən yaxşı göstəricidir.
Ancaq inkişaf etmiş ölkələrdə hektardan 50, 60, bəzi
yerlərdə 70 sentner götürülür. Biz də o səviyyəyə
çatmalıyıq. Bizdə artıq həm təcrübə,
həm imkanlar, həm iradə, həm də vəsait
vardır. Onları yönəltməliyik ki, məhsuldarlığı
biz böyük dərəcədə artıraq. Ona görə
yeni əkin sahələrinin dövriyyəyə
buraxılması prosesi gedəcəkdir. Meliorativ tədbirlər
nəticəsində dediyim kimi, 10 minlərlə hektar əkin
sahələri dövriyyəyə buraxılacaqdır. Amma biz
bilməliyik ki, sərhədlərimizin hüdudları
vardır. Biz daim əkin sahələrini artıra bilmərik.
Ona görə intensiv metod üstünlük təşkil etməlidir
və dediyim kimi, ixrac imkanlarını da biz
artırmalıyıq, yeni bazarlara çıxmalıyıq. Yəqin
ki, bu sahədə də, yeni, bazarlara çıxmaq
üçün, əlbəttə, ikitərəfli xarici əlaqələr
öz rolunu oynayır və oynayacaqdır. Eyni zamanda, istehsal
olunan məhsulların tədarükü ilə bağlı
yeni sistem təşkil edilməlidir. Mən hesab edirəm ki,
dövlət bu məsələ ilə bağlı yalnız
öz dəstəyini verməlidir, öz istiqamətini
göstərməlidir və tədarüklə məşğul
olan qurumlar - özəl şirkətlər olmalıdır.
Hesab edirəm ki, logistika və tədarük mərkəzlərinin
yaradılması növbəti mərhələdə prioritet
kimi qəbul edilməlidir, həm Azərbaycanda, həm də
məhsul ixrac edəcəyimiz ölkələrdə Azərbaycanın
investisiyalarının qoyuluşu nəticəsində o
ölkələrdə logistika və tədarük bazaları
tikilməlidir. Artıq müəyyən işlər
görülür.
Hesab edirəm
ki, bu il bu məsələ ilə bağlı müvafiq
ölkələrlə, onların dövlət qurumları ilə
ciddi danışıqlar aparılmalıdır ki, biz bu
işləri də təşkil edək. Çünki məhsulların
satışı ilə də bağlı problemlər var və
bu problemlər öz həllini tapmalıdır. Əvvəlki
illərdə istehsal aşağı səviyyədə
olduğu üçün problem yox idi. İndi istehsal
artır, məhsullar bəzi hallarda satılmır. Biz gərək
fermerlərə kömək göstərək.
Kreditlərə
gəldikdə, bu il Sahibkarlığa Kömək Milli Fondunun
xətti ilə 250 milyon manat kredit veriləcəkdir. Bu vəsaitin
böyük hissəsi əvvəlcə verilmiş kreditlərin
qaytarılması hesabına olacaqdır. Bu da çox gözəl
göstəricidir. Onu göstərir ki, kreditləri alan
sahibkarlar bu məsələyə çox məsuliyyətlə
yanaşırlar. Demək olar ki, verilmiş bütün kreditlər
vaxtında qayıdır. Sahibkarlara dəstək
üçün yerli icra orqanlarının daha da ciddi fəaliyyəti
olmalıdır.
Mən
bir daha demək istəyirəm ki, sahibkarlığa dəstək
ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir.
Mən daim sahibkarlarla görüşürəm, həm
Bakıda, həm bölgələrdə
açdığım müəssisələrin sayı bəlkə
də indi yüzlərlə, minlərlə
ölçülür. Ancaq hər bir yerdə yerli icra
orqanlarının rəhbərləri, icra
başçıları, vəzifəli şəxslər
sahibkarlara kömək göstərməlidirlər. Onların
fəaliyyətinə dəstək verməlidirlər,
onları incitməməlidirlər, onların işinə
müdaxilə etməməlidirlər, qanunsuz tələblər
irəli sürməməlidirlər. Belə hallar vardır.
Deyə bilmərəm ki, bu, belə geniş vüsət
alıbdır, amma var və buna son qoyulmalıdır.
Sahibkarlığın inkişafı dövlət siyasətidir
və yerli icra başçısı yerlərdə dövlət
siyasətini aparan şəxsdir və o, dövlət siyasətindən
kənarda heç bir iş görə bilməz. Ona görə
bir daha deyirəm, bütün icra başçıları
bilsinlər, sahibkarları incidən cəzalandırılacaqdır.
Onlardan qanunsuz tələbdə olan şəxslər öz cəzasını
alacaqdır. Onlara yalnız kömək göstərmək
lazımdır ki, öz işlərini daha da səmərəli
şəkildə qura bilsinlər.
Sahibkarların
sosial məsuliyyəti məsələsi vardır. Keçən
il də mən müşavirədə bu barədə
danışmışam. Mən sahibkarların bu sosial məsuliyyət
məsələlərinə olan diqqətini
alqışlayıram. Bilirəm ki, bir çox yerlərdə
sahibkarlar öz təşəbbüsü ilə sosial layihələri
icra edirlər - məktəblər, bağçalar tikirlər.
Bütün bunlar çox gözəl, təqdirəlayiq
hallardır. Ancaq bütün bu işlər könüllü
şəkildə öz həllini tapmalıdır. İcra
başçıları sahibkarları məcbur etməməlidirlər.
Belə hallar da vardır. Onlara abadlıq işləri
gördürürlər, sonra pulunu vermirlər. Hər bir
rayonun öz büdcəsi vardır. Hər bir rayona mütəmadi
qaydada dövlət tərəfindən, Prezidentin Ehtiyat
Fondundan vəsait ayrılır və o vəsaitlə iş
görmək lazımdır. Sahibkarları bu işlərə
cəlb etmək lazım deyildir. Kim istəyir kömək
etsin. Amma bəzi hallarda onları məcbur edirlər, onlar
böyük həcmdə xərc çəkirlər, sonra da
pulunu vermirlər. Belə olmaz. Əgər kimsə fikirləşir
ki, mənə bu məlumatlar çatmır, səhv edir.
Bütün məlumatlar çatır və buna son
qoyulmalıdır.
Sahibkarların
sosial məsuliyyəti onların könüllü təşəbbüsüdür.
Mən bunu alqışlayıram, amma heç kimi məcbur etmək
olmaz. Bunu hər kəs bilsin.
Bütövlükdə
bölgələrdə işlər müsbət istiqamətdə
gedir, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri
öz vəzifə borcunu yerinə yetirirlər. Bölgələrdə
gedən işlər dövlət siyasətinin təzahürüdür.
Yerli icra orqanları səmərəli, fəal işləyirlər.
Əksər hallarda sahibkarlarla yerli orqanlar arasında
münasibətlər sağlam zəmində qurulur, ancaq
dediyim kimi, elə hallar vardır ki, biz bu hallardan çox ciddi
narahatlıq keçiririk. Çünki bəzi hallarda yerli
icra orqanlarının hərəkətləri,
addımları dövlət siyasətimizə tamamilə
ziddir.
Yerli icra
orqanları, icra başçıları öz məsuliyyətlərini
dərk etməlidirlər, dövlət siyasətini
aparmalıdırlar. Dövlət siyasətimizin mərkəzində
Azərbaycan vətəndaşıdır. Hər şeyi biz
Azərbaycan vətəndaşı üçün edirik.
Budur, bizim məqsədimiz. Biz xalq üçün
çalışırıq, qururuq, yaradırıq, ölkəmizi
gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli
dövlətə çevrilsin. Hamımız istəyirik, hər
bir normal vətənpərvər adam bunu istəyir ki,
mövqeyimiz daha da möhkəm olsun, gücümüz də
artsın. Nəyə görə? Ona görə ki, insanlar
daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd.
Bizim dövlətimiz nə qədər güclü olsa,
insanlar da özlərini o qədər rahat hiss edəcəklər,
təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss
edəcəklər və edirlər ki, onların arxasında
güclü Azərbaycan dövləti var ki, onları
heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək
olacaqdır.
İnsan
amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə
demişəm, biz neft kapitalını insan kapitalına
çevirməliyik. Bunu deyəndə təkcə elmə,
texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət
getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına
hər yerdə hörmət olmalıdır, dövlət
qurumları tərəfindən normal rəftar edilməlidir, təhqiq
edilməlidir, incidilməməlidir. Belə hallar var? Var! Kim
bunu edir? Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?
Dövlət məmuru! Mən yenə də deyirəm,
bütövlükdə bölgələrdə icra nümayəndələrinin
fəaliyyəti müsbətdir, ancaq belə hallar da
vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru
öz xalqına xidmət etməlidir. Hər bir icra
başçısını mən vəzifəyə təyin
edərkən, onu qəbul edərkən ona bir neçə əsas
istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli
iş, təvazökarlıq və insanlara xidmət! Hər
birinə, burada oturan bütün icra
başçılarına. Hamısını mən təyin
etmişəm. Bəzi rayonlarda bir neçə dəfə dəyişmişəm.
Nəyə görə? Çünki etimadımı
doğrultmurlar. Hər birinə demişəm ki, gedin, insanlara
arxa durun, gedin, köməklik göstərin. Gedin, hörmət
edin insanlara. Amma bəzi hallarda mən bunu görmürəm.
Görməyəndə də tədbirlər görürəm.
Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan
aşağı baxırlar, onları saymırlar, onları təhqir
edirlər, qudurğanlıq edirlər. Bütün bu hallar
var, bunlar aradan götürülməlidir.
Hər
bir dövlət məmuru öz vəzifə borcunu şərəflə
yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar
olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan,
ümumiyyətlə, söhbət getmir. Özləri
üçün böyük məclislər, təmtəraqlı
toylar, yubileylər düzəldirlər. Yaraşırmı
bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə
köçkünlərlə keçirmişəm. Bu, mənim
təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə
olmaq lazımdır.
Təmtəraqlı
toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr.
Bunu yığışdırın, bəsdirin! Kim bunu edir,
kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra
orqanlarına, həm də mərkəzi icra
orqanlarının rəhbərlərinə aiddir. Ona görə
hesab edirəm ki, bu sözlərdən sonra özlərini
yığışdıracaqlar, özləri və onların
ailə üzvləri, uşaqları.
Bir
neçə il bundan əvvəl mən göstəriş
vermişdim ki, maşınların hamısının
plyonkaları sökülsün və buna son qoyulsun.
Özüm demişəm ki, mən Prezidentəm, mənim
maşınımda plyonka yoxdur. Hansısa üçüncü,
dördüncü dərəcəli məmurun
maşınını plyonka ilə bağlayırlar. Kimdən
gizlənirlər? Ya qorxurlar ki, kimsə onları görəcək?!
İndi camaat onları görsə nə olar? Əriyərlər
onlar? Nə olacaq?
Mən
demişəm, o vaxt tədbirlər görüldü,
söküldü. Mənə, bu gün səhər buraya gəlməzdən
əvvəl maraqlanırdım, daxili işlər naziri deyir
ki, təkcə keçən il 24 min plyonka sökülüb.
Bu 24 min adamın qulağı yoxdur? Onlar eşitmir ki, mən
nə deyirəm? Yaxud da ki, onların yadından
çıxır? Bu, bəlkə də o qədər də
böyük məsələ deyildir. Amma bu, bir göstəricidir.
Bu, nə ayrı-seçkilikdir cəmiyyətdə? Sənin
vəzifən var, pulun var, sən özünü fərqləndirirsən?
Sən get özünü öz işin ilə, öz əməlin
ilə, ağlın ilə, ölkəyə verilən
töhfə ilə fərqləndir, plyonka ilə, bahalı əşyalarla
yox! Ona görə mən deyirəm, - bu gün də daxili
işlər nazirinə dedim, - bir də eşitsəm, bilsəm
ki, plyonkalı maşın var, o maşın müsadirə
edilməlidir. İndi bilmirəm, burada, qanunvericilikdə
hansı düzəlişlər etmək lazımdır, onu edərik.
Belə olmaz! Harınlayırlar, qudururlar, heç kimi
saymırlar! Vəzifəli şəxslərin uşaqları
qudurğanlıq edirlər, insanları təhqir edirlər,
özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?!
Onların, necə deyərlər, güvəndiyi adamları mən
təyin etmişəm vəzifəyə, mən də
çıxaracağam lazım bildikdə. Əgər bir də
bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq
edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs
ediləcək, atası işdən qovulacaqdır. Bunu
hamı bilsin! Şəhər küçələrini
yarış meydanına çevirənlər də bilsinlər!
Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər
naziri gündə mənə məlumat verəcəkdir.
Avtoxuliqan, özünü apara bilməyən, ictimai
asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi
yerə vuran hər bir kəs cəzalandırılacaqdır.
Onu hamı bilsin!
Mən
hesab edirdim ki, bu barədə bir neçə dəfə
dediyim sözlər hamıya çatdı. Amma görürəm
ki, sonra unudulur. Bu, son xəbərdarlıqdır. Cəmiyyətdə
normal davranış qaydaları var, olmalıdır. Bizi millət
kimi saxlayan bizim ənənələrimizdir, adətimizdir,
davranış qaydalarıdır. İndi bunu pozmaq istəyənlər
öz cəzasını alacaqlar.
Korrupsiya və rüşvətxorluğa
qarşı mübarizə gücləndirilməlidir. Hesab
edirəm ki, biz bu işlərdə istədiyimizə nail ola
bilməmişik. Baxmayaraq ki, mübarizə gedir və gedəcəkdir.
Ancaq əfsuslar olsun ki, bu
mübarizə lazımi səviyyədə deyildir.
Korrupsiya böyük bəladır. Biz doğrudan da,
inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə
korrupsiyanı aradan götürməliyik. Bunu etmək
üçün bir neçə amil lazımdır və
onların hamısı Azərbaycanda vardır. Güclü
siyasi iradə və beynəlxalq təcrübə. Biz bu təcrübəni
öyrənirik, cəza tədbirləri, sistem xarakterli
islahatlar mütləq olmalıdır və olacaqdır. Biz bu
məsələyə kompleks şəkildə
yanaşırıq, müəyyən işlər
görülübdür. Ancaq demək istəyirəm ki, bu
işlər məni qane etmir. Korrupsiyaya qarşı mübarizə
daha da ciddi olmalıdır, bunun daha da ciddi nəticələri
olmalıdır. Ancaq bəzi hallarda korrupsiya xəstəliyinə
yoluxmuş insanlar həbs edildikdə onların onlarla
müdafiəçisi meydana çıxır. Müdafiə
edirlər, komitələr yaradırlar, müraciətlər
edirlər. Hər kəs qanun qarşısında cavab verməlidir
və qanun qarşısında hər kəs eyni hüquqa
malikdir. Ona görə bütün orqanlar, hüquq-mühafizə
orqanları daha da ciddi mübarizə aparmalıdırlar. Eyni zamanda, sistem xarakterli
islahatlar da daha ciddi şəkildə aparılmalıdır.
Onların arasında elektron xidmət,
ASAN xidməti, elektron hökumət təşəbbüsü,
bütün bunlar, eyni zamanda, korrupsiyaya qarşı ciddi bir alət
olacaqdır. ASAN xidmət proqramı artıq tətbiq edilir. İlin sonuna qədər ən
azı Bakı, Bakının bütün rayonları, Gəncə,
Sumqayıt şəhərləri tam şəkildə əhatə
olunacaqdır. Ən azı! Ola
bilər, başqa şəhərlər də ilin sonuna qədər
bu sistemlə təmin ediləcəkdir. Növbəti illərdə
ölkəmizin bütün şəhərlərində bu
sistem tətbiq edilməlidir. Biz bunun gözəl nəticələrini
görürük.
Bir
neçə digər məsələ ilə bağlı
fikirlərimi demək istəyirəm. Sənaye istehsalı ilə
bağlı biz düzgün istiqamət seçmişik. Sənayeləşmə
gedir. Keçən ilin göstəriciləri də bunu
sübut edir. Qeyri-neft sektorunda sənaye istehsalı
artmışdır, sənaye parkları tikilir. Yüksək texnologiyalar
parkı - xüsusilə, nəzərə alsaq ki, bu il
"İnformasiya-kommunikasiya texnologiyaları ili"dir, -
İnformasiya Texnologiyaları Universiteti yaradılacaqdır.
Orada hazırlanan kadrlar həmin yüksək texnologiyalar
parkında işləyəcəklər. Digər sahələrdə
də sənaye istehsalı daha da sürətlə getməlidir.
İnşaat
materialları sahəsində. Biz inşaat materialları ilə
özümüzü tam şəkildə təmin etməliyik.
Ümid edirəm ki, yeni istifadəyə verilmiş sement zavodu və tikilməkdə
olan digər sement zavodları bir neçə ildən sonra
sementlə özümüzü təmin etmək
üçün bizə imkan yaradacaqdır. Alüminium
istehsalı artıq müasir əsaslarla
başlamışdır. Qarşıda metallurgiya sənayesinin
dirçəldilməsi məsələləri dayanır.
Onları da biz həll etməliyik. Yəni, bizim
bütövlükdə sənaye istehsalının
artırılması ilə bağlı
düşünülmüş proqramımız vardır.
Texnoparklarda xüsusi maliyyə və vergi rejimləri tətbiq
edilir və dövlət yenə də öz tərəfindən
sənayenin inkişafının dərinləşməsi
üçün töhfəsini verəcəkdir.
Texnoparklar
artıq yaradılır. Hesab edirəm ki, aqroparkların
yaradılması üçün şərait artıq
yetişib. Bu məsələlərlə bağlı
artıq bir neçə ay bundan əvvəl müvafiq
göstərişlər verilib, başqa ölkələrin təcrübəsi
də öyrənilə bilər, harada ki, bu aqroparklar
mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma və
kənd təsərrüfatının inkişafı
üçün növbəti bir təkan olacaqdır.
Ölkəmizdə
demoqrafik vəziyyət müsbətdir. Birinci proqram qəbul
olunandan bu günə qədər əhalimizin sayı 1 milyon
86 min nəfər artıbdır. 2003-cü ildə əhalimiz
8 milyon 270 min, 2012-ci ildə 9 milyon 356 min olmuşdur. Yəni,
bu da çox müsbət göstəricidir. Ölkəmizin
ümumi inkişafını göstərir və mən
çox şadam ki, Azərbaycanda
əhali artır, çox istərdim ki, daha da sürətlə
artsın. Hər halda, görülən işlər, ölkəmizdə
hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi
asayiş, iqtisadi inkişaf, bölgələrin
inkişafı - bu amillər bu müsbət meyilləri daha da
gücləndirəcəkdir.
Bölgələrdə
gedən işlərlə bağlı, eyni zamanda, turizmin
inkişafını da qeyd etmək istəyirəm. Nəinki
Bakıda, bölgələrdə müasir turizm kompleksləri
yaradılır. Əlbəttə, bu komplekslər bölgələrdə
yeni iş yerlərinin açılmasını, yeni
infrastrukturun yaradılmasını təmin edəcəkdir. Mən
şadam ki, artıq bu istiqamətdə işlər yüksək
səviyyədə aparılır və bölgələrdə
yaradılan yeni turizm obyektləri dünya səviyyəsindədir,
yəni, dünya səviyyəsindən aşağı
deyildir.
İnvestisiya
qoyuluşu. Bəlkə də bu, bilavasitə regionların
inkişafı ilə bağlı olan məsələ
deyildir. Ancaq onu da qeyd etmək istəyirəm ki, biz xaricə
qoyulan investisiyaların coğrafiyasını genişləndiririk. Biz regiondan
başlamışıq. Biz ən çox investisiyaları
region ölkələrinin iqtisadiyyatına qoyuruq. Ondan sonra
investisiyaların bir hissəsini artıq Avropa ölkələrinə
qoymağa başlamışıq. Hazırda hesab edirəm ki,
investisiya qoyuluşu üçün perspektivli olan bölgə
Asiya qitəsidir. Asiya ölkələri ilə
bütövlükdə bizim münasibətlərimiz çox
uğurla, çox müsbət inkişaf edir. Bu münasibətlər
bütövlükdə qarşılıqlı hörmət,
etimad, bir-birinin işinə qarışmamaq, bir-birinə dərs
oxumamaq prinsipləri əsasında qurulubdur. Ona görə, bu
güclü siyasi əlaqələri nəzərə alaraq,
biz Asiya ölkələri ilə iqtisadi əməkdaşlığı
daha da dərinləşdirməliyik. İlk növbədə,
o bölgə investisiya qoyuluşu baxımından çox cəlbedicidir
və hesab edirəm ki, bizim
üçün çox münasibdir. Eyni zamanda, Asiya ölkələrinin
şirkətlərinin Azərbaycanda fəaliyyətlərinin
genişləndirilməsi üçün yeni imkanlar
açılır və mən bunu alqışlayıram.
Biz
bütün ölkələrlə səmərəli,
işgüzar münasibətlərə malikik. Bizim yeganə
istəyimiz ondan ibarətdir ki, hər bir ölkə Azərbaycan
ilə öz münasibətlərini bərabərhüquqlu tərəfdaş
kimi qursun. Biz bunu istəyirik, bunu tələb edirik və buna
nail oluruq. Biz bütün ölkələrlə onların
ölçüsündən asılı olmayaraq bərabərhüquqlu
münasibətlər qururuq. Bundan kənarda heç bir münasibət
ola bilməz. Heç bir ölkə qarşısında
heç bir öhdəliyimiz yoxdur, ola da bilməz, heç kim
bizə dərs deyə bilməz. Üzv olduğumuz beynəlxalq
təşkilatlar qarşısında
götürülmüş öhdəlikləri yerinə
yetiririk. Üzv olmadığımız beynəlxalq təşkilatların
haqqı yoxdur ki, bizə hansısa irad tutsun. Bunu hamı bir
daha eşitsin, siz və kimə aiddir, onlar da. Yəni,
investisiya portfelimizin şaxələndirilməsi işində
hesab edirəm ki, Asiya, Latın Amerikası istiqamətləri
hazırda cəlbedici görünür.
Gələcək
planlarımızla bağlı deyim ki, artıq bu ilin sonunda
İkinci Dövlət Proqramı başa çatır. Yenə
də demək istəyirəm, əminəm proqram uğurla
başa çatacaqdır. Ancaq biz gələcəyə
baxmalıyıq və baxırıq. Hesab edirəm ki,
artıq Üçüncü Dövlət Proqramının
hazırlanması ilə bağlı işlər başlamalıdır.
Əminəm ki, 2014-cü ildə Üçüncü
Dövlət Proqramı - beşillik proqram qəbul ediləcəkdir.
O proqramda edə bilmədiyimiz, yəni, çatdıra bilmədiyimiz
məsələlər öz əksini tapacaqdır və beləliklə,
ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin
ediləcəkdir.
Azərbaycan
düzgün yoldadır, bizim xarici siyasətimiz də
çox müsbətdir. Biz dünyanın bir nömrəli
qurumu olan BMT Təhlükəsizlik Şurasının
üzvüyük, rəqabət qabiliyyətliliyinə görə
dünya miqyasında 46-cı, MDB məkanında birinci yerdəyik.
Biz böyük maliyyə imkanlarına malikik. Bizim valyuta
ehtiyatlarımız ümumi daxili
məhsulumuzun 70 faizini təşkil edir. Bu, dünya
miqyasında çox yüksək
göstəricidir. Yoxsulluq 6 faizə düşübdür,
işsizlik aradan qaldırılır və biz gələcəyə
baxırıq. Bir neçə gün bundan əvvəl birinci
Azərbaycan telekommunikasiya peykinin kosmosa buraxılması tarixi
hadisədir və Azərbaycanın ümumi
inkişafını göstərir. Əminəm ki, bu
inkişaf bundan sonra da uğurlu və dayanıqlı
olacaqdır. Bu inkişafı təmin etmək
üçün bütün qurumlar, vəzifəli şəxslər
öz məsuliyyətini dərk etməli və ölkənin
inkişafı üçün daha da səmərəli
işləməlidirlər.
Sağ
olun.
AzərTAc
Azərbaycan.-2013.- 13 fevral.- S.4-5.