Prezident İlham Əliyevin sədrliyi ilə «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir

 

Fevralın 12-də Bakı Biznes Mərkəzində Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.

Dövlət başçısı mərkəzdə 2003-2012-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış oldu.

Sərgidə Azərbaycan iqtisadiyyatı və ölkəmizin regionlarının 2003-2012-ci illərdə keçdiyi inkişaf yolu hərtərəfli əksini tapmışdır. Məhz ötən illərdə aparılan məqsədyönlü və kompleks dövlət siyasəti nəticəsində Cənubi Qafqaz iqtisadiyyatının dörddə üçü respublikamızın payına düşür.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Prezident İlham Əliyevə məlumat verdi ki, 2003-cü ildən bəri ümumi daxili məhsul üç dəfə, qeyri-neft ümumi daxili məhsulu isə 2,4 dəfə artmışdır. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötmüşdür. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə, işsizlik isə 5,2 faizə qədər azalmışdır. 2003-2012-ci illərdə Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmişxarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır. Dünyanın ən nüfuzlu "Standard & Poor's", "Fitch" və "Moody's" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq görülən ilk ölkə də məhz Azərbaycandır. "Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46-cı, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.

Bildirildi ki, çoxşaxəli fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da regionların sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" proqram və layihələri çərçivəsində müxtəlif bölgələrdə silsilə tədbirlər reallaşdırılır. Respublikamızın bölgələrində fondun xətti ilə sosial, infrastuktur, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, təhsil, idman, mədəniyyət və digər sahələri əhatə edən yüzlərlə layihələr, çoxlu sayda xoşməramlı tədbirlər keçirilmişdir.

Bildirildi ki, 2003-cü ildən bəri regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Naxçıvan Muxtar Respublikası da sürətli və hərtərəfli inkişaf yolu keçmişdir. Muxtar respublikada ümumi daxili məhsul 12,5 dəfə, adambaşına düşən ümumi daxili məhsul isə 11 dəfə artmışdır. Sənayedə artım 45,4 dəfə, kənd təsərrüfatında 4,4 dəfə, xarici ticarət dövriyyəsində isə 12,2 dəfə təşkil etmişdir. 2003-2012-ci illərdə Naxçıvan Muxtar Respublikasında əsas kapitala yönəldilən investisiyanın məbləği 15,5 dəfə çoxalmış, silsilə infrastruktursosial obyektlər tikilib istifadəyə verilmişdir.

Sənayeləşmə siyasəti başlıca prioritetlərdən olan ölkəmizdə 2003-cü ildən bəri sənaye istehsalı 2,6 dəfə artmış və kompleks tədbirlər hesabına yaxın illərdə bu artımın daha da yüksələcəyi gözlənilir.

Ölkədə həyata keçirilən infrastruktur layihələri də kifayət qədər çoxdur. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqinə və bu sahənin inkişafına görə artıq ölkəmiz öncül yerlərdədir, bu yaxınlarda Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmışdır.

Hazırda aqrar sektorun inkişafı diqqət mərkəzindədir. 2003-2012-ci illərdə aqrar sektor 1,4 dəfə, heyvandarlıq məhsullarının istehsalı isə 3,4 dəfə artmışdır. Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 2003-cü ildən bəri 15 mindən çox sahibkara 936 milyon manat güzəştli kredit ayrılmışdır. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 104 mindən çox yeni yerinin açılmasına imkan yaratmışdır.

Ötən müddətdə verilən kreditlərin məbləği 20,3 dəfə artmışdır. Ayrılan kreditlərin 43,4 faiziya 406,3 milyon manatı qaytarılan vəsaitlər hesabına təmin olunmuşdur. 496,8 milyon manat güzəştli kredit dövlətimizin başçısının tapşırığına müvafiq yeni texnologiyalara əsaslanan 248 investisiya layihələrinə yönəldilmişdir. 1640 qadın, 1497 gənc və 892 məcburi köçkün sahibkar da güzəştli kreditlərlə təmin edilmişdir. Ekoloji sahədə ölkəmiz beynəlxalq standartların tətbiqinə xüsusi diqqət yetirir və silsilə layihələr reallaşdırılır.

Ölkəmizdə turizm sahəsi də çox sürətlə inkişaf edir. 2003-cü ildən bəri turizm sektoru 8,5 dəfə və ölkəmizə gələn turistlərin sayı isə 3,3 dəfə artmışdır.

Paytaxtda olduğu kimi, respublikamızın regionlarında sosial infrastrukturun inkişafı da maksimum diqqətdə saxlanır.

Sərgidə iqtisadi rayonların əsas sosial-iqtisadi göstəricilərini əks etdirən məlumat lövhələri və videoçarxlara da geniş yer verilmişdir.

Videoçarxlarda dövlət başçısının regionlara səfərləri və dövlət proqramları əsasında həyata keçirilən silsilə tədbirlər hərtərəfli əksini tapmışdır.

Sərginin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu, həmçinin Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətindən bəhs edən bölmələri də zənginliyi ilə seçilir. Burada ölkədə istehsal olunan məhsulların elektron kataloqu, iqtisadi rayonların pasportları, eləcə də, Sumqayıt Kimya Sənayesi və Balaxanı sənaye parkları barədə İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanan çap materialları və təqdimatlar da geniş yer almışdır.

Ümumilkdə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin bölgələrinin simasını tanınmaz dərəcədə dəyişir, əhalinin güzəranı yaxşılaşır, sosial problemlər ardıcıllıqla həllini tapır və sahibkarlıq daha da inkişaf edir. 

 

* * *

 

Dövlət başçısı konfransı giriş nitqi ilə açdı.

 

 

Azərbaycan.-2013.- 13 fevral.- S.1.