Azərbaycan enerji sahəsində əməkdaşlıq məsələlərində etibarlı tərəfdaşdır

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov fevralın 12-də Avronest Parlament Assambleyasının (PA) enerji təhlükəsizliyi komitəsinin Bakıda keçirilən iclasının iştirakçıları ilə görüşmüşdür.

O.Əsədov demişdir ki, Azərbaycan Avropanın bütün demokratik təşkilatları, o cümlədən Avronest PA ilə əməkdaşlığın inkişafında maraqlıdır. Assambleyanın ikinci sessiyasının, eləcə də bu komitənin iclasının Bakıda yüksək səviyyədə keçirilməsi deyilənlərin əyani sübutudur.

Komitənin Bakıda keçirilən iclasında müzakirə olunan məsələlər, xüsusən enerji təhlükəsizliyi olduqca əhəmiyyətlidir və düşünürük ki, bu cür görüşlər, aparılan danışıqlar bizim əməkdaşlığımızı daha da genişləndirir və möhkəmləndirir, qarşıya qoyduğumuz məqsədlərə nail olunmaqda xüsusi rol oynayır.

Milli Məclisin Sədri komitənin fəaliyyətlərinə uğurlar arzulamış, müzakirə olunan məsələlərin Avronest PA-nın zirvə toplantısında təsdiq ediləcəyinə ümidvar olduğunu bildirmişdir.

Enerji təhlükəsizliyi komitəsinin həmsədri, Avropa Parlamentinin deputatı Yiri Mastalka göstərilən qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmişdir.

O demişdir: "Biz Bakıda keçirdiyimiz görüşlərdə və aparılan müzakirələrdə azərbaycanlı mütəxəssislərin fikirlərini dinlədik və bir daha əmin olduq ki, Azərbaycan enerji təhlükəsizliyi və enerji sahəsində əməkdaşlıq məsələsində etibarlı tərəfdaşdır. Biz həmkarlarımızın, eləcə də rəsmi Bakının Avropa ilə əlaqələrin inkişafına verdiyi töhfəni yüksək qiymətləndiririk".

Sonra görüşdə Azərbaycanın Avropaya inteqrasiyası, Avronest PA ilə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 13 fevral.- S.5.