Bakıda Avronest PA-nın enerji təhlükəsizliyi komitəsinin iclası keçirilmişdir

 

Fevralın 12-də Bakıda Avronest Parlament Assambleyasının (Avronest PA) enerji təhlükəsizliyi  komitəsinin iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclasda Avropa Parlamentinin, eləcə də Ukrayna, Gürcüstan və Moldova parlamentlərinin deputatları, nüfuzlu beynəlxalq iqtisadi qurumların ekspertləri, Azərbaycanın dövlət və hökumət üzvləri iştirak etmişlər.

İclası komitənin Azərbaycan tərəfindən həmsədri, Milli Məclisin deputatı Fuad Muradov açaraq tədbirin yüksək səviyyədə keçirilməsinə yaradılmış şəraitə görə Azərbaycan dövlətinin, hökumətinin və parlamentinin rəhbərlərinə minnətdarlıq etmişdir. Bildirmişdir ki, iclasda müzakirə olunan məsələlər və dinləniləcək məruzələr gələcəkdə enerji təhlükəsizliyinin təmin olunması yollarının tapılması və Azərbaycanın bu məsələdəki rolunu müəyyən etməyə imkan verəcəkdir.

Çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın neft sənayesi tarixindən, müstəqilliyin bərpasından sonra imzalanmış iri layihələrdən, neft-qaz yataqlarından, təbii ehtiyatlarımızdan, "Şahdəniz" yatağı ilə bağlı təqdim olunan konsepsiyadan danışmışdır. Bildirilmişdir ki, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu getdikcə artır. Azərbaycan  2018-ci ilə qədər "Şahdəniz-2" layihəsini reallaşdıra və 2019-cu ildə Avropaya qazı çatdıra bilər. Avropa qaz məsələsinə siyasi məsələ kimi baxır. Amma ARDNŞ, eləcə də konsorsiuma daxil olan şirkətlər bu məsələyə siyasi sövdələşmə kimi yox, kommersiya əməkdaşlığı kimi yanaşırlar.

ARDNŞ-in vitse-prezidenti onu da vurğulamışdır ki, Azərbaycan öz təbii qazını TANAP layihəsi ilə yanaşı, digər qaz kəmərləri ilə də ixracatında maraqlıdır. Bununla bağlı müvafiq danışıqlar aparılmış, razılaşmalar mövcuddur.

Sonra Sənaye və Energetika Nazirliyinin məsul işçisi Aysel Bayramova nazir Natiq Əliyevin çıxışını təqdim etmişdir. Çıxışda Azərbaycanda həyata keçirilən enerji siyasətinin əsas istiqamətləri barədə məlumat verilmişdir. Bildirilmişdir ki, dünyada enerjiyə olan tələbat getdikcə artır. Ölkəmiz zəngin təbii qaz və neft ehtiyatlarına malikdir. Bundan səmərəli istifadə olunması üçün ölkəmizdə düzgün siyasət yürüdülür. Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çatdırılması prosesi sabit şəkildə həyata keçirilir.

Qeyd olunmuşdur ki, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin potensialının 50 milyard kubmetrə çatdırılması planlaşdırılır.

Sonra Milli Məclis Sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov neft-qaz sənayesi ilə bağlı qanunvericilik, beynəlxalq əməkdaşlıq və digər məsələlərdən danışmışdır. Vurğulanmışdır ki, bu gün Xəzər dənizində neft hasilatına sərmayə qoymaq üçün heç bir risk yoxdur və Azərbaycanda xarici investisiyalar üçün çox əlverişli mühit vardır.

Azərbaycan qazının Avropa bazarına çatdırılması prosesində Avropa İttifaqının dəstəyinin vacibliyini qeyd edən V.Ələsgərov demişdir ki, Xəzər dənizinin Azərbaycana aid hissəsinin təbii ehtiyatlarının Avropaya səmərəli və effektiv şəkildə çatdırılması üçün Avropa İttifaqının, o cümlədən digər Avropa strukturlarının ciddi siyasi dəstəyi lazımdır. Əgər bu dəstək yetərincə və vaxtında göstərilsə, Avropanın enerji təhlükəsizliyində yaranan problemlər öz həllini tapacaqdır. Azərbaycanın çox düzgün neft strategiyası vardır. Rəsmi Bakının həyata keçirdiyi siyasət nəinki Azərbaycanın, eləcə də regionun və Avropanın enerji təminatında mühüm əhəmiyyət kəsb edir.

Komitənin digər həmsədri, Avropa Parlamentinin deputatı Yiri Mastalka tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyinə görə, nümayəndə heyətləri adından Azərbaycan tərəfinə minnətdarlığını bildirmişdir. O demişdir ki, Azərbaycanın belə mühüm tədbirlərə ev sahibliyi etməsi onun Avropa İttifaqı, Avropa Parlamenti və Avropanın digər strukturları ilə əməkdaşlıqda maraqlı olduğunu bir daha sübut edir.

Həmsədr bu gün Avropada enerji təhlükəsizliyi məsələsinin əsas müzakirə mövzusu olduğunu, bu toplantıda Azərbaycan ilə tərəfdaşlıqda enerji məsələlərinə dair indiyə qədər gündəmdə olan layihələrin üzərində iş aparılacağını bildirmişdir.

Sonra iclasda neft-qaz sənayesinin inkişaf perspektivləri, qanunvericilik bazası, enerji layihələrinin diversifikasiyası, ekoloji təhlükəsizlik və digər məsələlər müzakirə olunmuşdur.

Azərbaycan nümayəndə heyətinin üzvləri enerji təhlükəsizliyi ilə yanaşı, dövlətlərin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığı məsələsini gündəmə gətirmiş, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasını Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhdid olduğunu bildirmişlər. Çıxışlarda münaqişənin həll olunmamasının narahatlıq doğurduğu vurğulanmış, problemin tezliklə həllinin vacibliyi qeyd edilmişdir.

İclasda müzakirə olunan məsələlərlə bağlı hazırlanan məruzənin Avronest PA-nın Brüsseldə keçiriləcək növbəti sessiyasının gündəliyinə daxil edilməsi, enerji təhlükəsizliyi ilə bağlı seminarların keçirilməsi barədə qərarlar qəbul olunmuşdur.

Qonaqların və ekspertlərin fikirləri dinlənildikdən sonra komitə öz işini başa çatdırmışdır.

 

*  *  *

 

İclas başa çatdıqdan sonra Avronest PA-nın enerji təhlükəsizliyi komitəsinin həmsədrləri Fuad Muradov və Yiri Mastalka iclasın yekunlarına dair mətbuat konfransı keçirmiş, jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.

 

 

Azərbaycan.-2013.- 13 fevral.- S.6.