Amerikalılar Azərbaycan əsilli soydaşlarının Barak Obamaya ünvanladığı Xocalı qırğınını pisləməyə çağıran petisiyanı dəstəkləmişlər

 

Xəbər verildiyi kimi, təxminən iki həftə bundan əvvəl ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) erməni hərbçilərinin törətdiyi Xocalı qırğınını (the Khojaly massacre) pisləyən bəyanatla çıxış etməsi üçün ABŞ Prezidenti Barak Obamaya ünvanlanan onlayn-petisiyaya imza toplamaq təşəbbüsü irəli sürmüşdü. İmza toplamaq praktikası ABŞ Administrasiyası tərəfindən bu yaxınlarda tətbiq edilmişdir. Mahiyyəti internet istifadəçiləri tərəfindən Ağ Evin saytında ABŞ Prezidentinin adına bu  və ya digər petisiyanın yerləşdirilməsindən ibarətdir. Prinsip etibarilə bunu ABŞ vətəndaşı və ya ABŞ-da yaşamaq icazəsi olan  istənilən şəxs edə bilər. Bundan sonra o, imza toplamaq kampaniyasının başlanmasını elan edib amerikalıları petisiyanı dəstəkləməyə çağıra bilər. Bu halda hər bir petisiyaya müəyyən müddət ayrılır (adətən, 30 gün). Bu müddətdə administrasiya tərəfindən baxılmaq üçün tələb edilən müəyyən olunmuş minimum sayda səs toplamaq lazımdır. Son vaxtlara qədər minimum səs sayı 25 min idi.  Lakin Xocalı petisiyasının start götürməsindən bir qədər əvvəl minimum hədd gözlənilmədən 100 minə qaldırıldı.

Petisiya buraxılan gün USAN müxtəlif kanallar vasitəsilə ABŞ vətəndaşlarına təşəbbüsü dəstəkləmək, tarixi vətənlərindəki soydaşlarına isə kampaniya barədə informasiyanı yaymaq çağırışı ilə müraciət etdi. Bu işdə Facebook, Twitter, Linkedin və digər sosial şəbəkələrin əvəzolunmaz rolu oldu. Kampaniyanın populyarlıq qazanmasında və informasiyanın yayılmasında "Xocalıya ədalət" hərəkatının, diaspor, gənclər, qeyri-hökumət təşkilatlarının üzvləri, habelə ayrı-ayrı şəxslər fərdi qaydada fəal iştirak etdilər. Hamısı da ürəyinin hökmü ilə, məcbur edilmədən. Əlbəttə ki, AzərTAc-ın kollektivi də bu işdən kənarda qalmadı, dəfələrlə informasiyanı ABŞ da daxil olmaqla öz geniş auditoriyasına çatdırdı.    

Son 18 gün dünya azərbaycanlılarının birliyini və həmrəyliyini  nümayiş etdirdi.  Bu günlər həm  də onu göstərdi ki, sadə amerikalılar (həm öz ölkələrində, həm də xaricdə) 21 il bundan qabaq uzaq Azərbaycanda baş vermiş faciəli hadisələrə biganə deyillər. İmzaların böyük bir hissəsi son iki həftə bu və ya digər səbəbdən Azərbaycanda və digər ölkələrdə olmuş amerikalılara aid idi. Onlar kampaniyanın fəallarına ünvanlanan məktublarında Xocalı faciəsi ilə bağlı informasiyaya görə minnətdarlıqlarını bildirir, petisiyaya qoşulduqlarını təsdiq edirdilər.

Nəhayət, fevralın 12-də axşam səslərin sayı 100 mini keçdi. İndi Ağ Evin özünün müəyyən etdiyi qaydalara görə Barak Obama Administrasiyası öz vətəndaşlarının tələblərinə hörmət etməli və xüsusi müraciətlə çıxış etməlidir.

Bir fakt da diqqət çəkir ki, indiyə qədər Ağ Evin saytından buraxılmış çoxsaylı petisiyalar arasında Xocalı petisiyası yığılmış imzaların ümumi sayına görə ikinci yerə çıxmışdır: https://petitions.whitehouse.gov/petitions/popular/0/2/0

Kampaniyanın təşəbbüskarı, USAN-nin həmtəsisçisi Adil Bağırov Facebook-dakı səhifəsində çıxış edərək imza atmış bütün amerikalılara bu dramatik marafonda iştiraklarına görə, Azərbaycandakı həmvətənlərini, diaspor üzvlərini isə bu kampaniyanı populyarlaşdırdıqlarına görə təşəkkür etmişdir.

AzərTAc-ın kollektivi təbriklərə qoşulur, ABŞ Prezidentindən ölkə vətəndaşları qarşısında verdiyi vədin yerinə yetirilməsini - 21 il bundan əvvəl erməni hərbçilərinin Azərbaycan xalqına qarşı qanlı cinayətini pisləyən tarixi bəyanatını gözləyir.

 

 

Yusif BABANLI,

AzərTAc

Vaşinqton

 

Azərbaycan.-2013.- 13 fevral.- S.6.