Fövqəladə hallar
naziri Kəmaləddin Heydərov Zaqatala və Balakən rayonlarında zəlzələdən zərər
çəkmiş əhali ilə
görüşmüşdür
Fövqəladə
hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən
ilin mayında və oktyabrında şimal-qərb bölgəsində
baş vermiş zəlzələlərin nəticələrinin
aradan qaldırılması istiqamətində həyata
keçirilən kompleks tədbirlərlə tanış olmaq
məqsədi ilə fevralın 12-də Zaqatala və Balakən
rayonlarında olmuşdur.
AzərTAc
xəbər verir ki, nazir Kəmaləddin Heydərov Zaqatala
rayonunun Gözbarax, Mamrux, Çobankol, habelə Balakən
rayonunun Hənifə kəndlərində zəlzələdən
zərər çəkmiş əhali ilə
görüşmüş, onların problemləri ilə
maraqlanmış, şikayətlərini dinləmişdir.
Fövqəladə
hallar naziri zəlzələnin nəticələrinin aradan
qaldırılması ilə bağlı tədbirlərin
Prezident İlham Əliyevin daim diqqət mərkəzində
saxlandığını, bu məqsədlə dövlət
büdcəsindən lazımi miqdarda vəsaitin
ayrıldığını, zəlzələ bölgəsində
böyük miqyasda tikinti işlərinin
aparıldığını diqqətə
çatdırmışdır.
Nazir
müvafiq komissiyaların rəyinə əsasən, evlərinin
bərpa və gücləndirmə tədbirlərinin
aparılmasına ehtiyacı olduğu müəyyənləşdirilən
sakinlərin şikayətlərini dinləmiş, belə evlərə
təkrar baxışların keçirilməsi
üçün nazirliyin bu işə məsul nümayəndələrinə
müvafiq tapşırıqlarını vermişdir.
Sonra
fövqəladə hallar naziri rayon rəsmiləri və
podratçı tikinti təşkilatlarının rəhbərləri
ilə birlikdə sakinlərin evlərinə baxış
keçirmişdir.
Səfərin
yekunları ilə bağlı jurnalistlərə müsahibə
verən fövqəladə hallar naziri Kəmaləddin Heydərov
demişdir: "Bu gün biz Zaqatala və Balakən
rayonlarının bir neçə kəndində olduq. Bu kəndlərdə
evlərin çoxu artıq tikilib təhvil verilmişdir. Təbii
ki, bəzi sakinlər təmir-bərpa işlərinə
ehtiyacı olduğu müəyyənləşdirilən evlərin
sökülüb təzədən tikilməsini istəyirlər.
Biz də gedib bir neçə evə baxdıq, gördük
ki, həqiqətən də komissiyalar öz işlərini
düzgün aparmışlar. Biz o sakinləri də başa
düşürük. Təbii ki, onlar da istəyirlər ki,
evləri yaraşıqlı olsun. Amma fakt budur ki, bu evlər
uçmayıb, qəzalı deyildir. Qəzalı olmayan evlərin
bərpası üçün də dövlət müəyyən
vəsait ayırmışdır. Həmin vəsait həm
kvadratmetrə, həm də dəymiş ziyana görə
hesablanmışdır. Yəni onlar ayrılan vəsaitlə
işlərini tam başa çatdıra bilərlər".
Fövqəladə
hallar naziri bildirmişdir ki, həm mayın 7-si və 18-də,
həm də ondan sonra, oktyabrda Gürcüstan ərazisində
olan zəlzələdən sonra bu müraciətlər təbiidir.
Çünki zəlzələ vaxtı ola bilsin ki, evlər
silkələnsin, uçmasın, amma sonra qarın,
yağışın təsirindən uçsun. Sakinlərin
müraciətləri əsasında komissiyalar, demək olar
ki, iki, üç dəfə təkrarən bu kəndlərdə
olmuşlar. Budəfəki gəlişimizdə də biz əhalinin
müraciətlərini bir daha nəzərdən
keçiririk. Dünən biz qərar vermişik ki, bu
komissiyaların sayı çoxalsın və onlar son
müraciətlərə təkrar baxsınlar. Görsünlər
ki, doğrudanmı da elə fəsadlar vardır və ya
müraciətlər sakinin öz xahişi və iddiasına
görə edilmişdir? Bütün bunlar tezliklə müəyyənləşəcəkdir.
Nazir
daha sonra demişdir: "Bəzən bizim insanlar problemləri
bir-birinə qarışdırırlar. Fövqəladə
Hallar Nazirliyinin gördüyü işlərin əsas məqsədi
zəlzələdən zərər çəkmiş əhalinin
evlərində olan problemləri aradan qaldırmaqdır. Lakin
elə evlər, elə obyektlər vardır ki, onlar zəlzələdən
deyil, digər səbəbdən və başqa vaxtlarda ziyan
görmüşlər. Onların tikintisi zəlzələnin
nəticələrinin aradan qaldırılması ilə
bağlı imzalanmış sərəncamda nəzərdə
tutulmamışdır.
Əlil
və şəhid ailələrinin, kimsəsiz şəxslərin,
başqa problemlərdən əziyyət çəkən
insanların mənzil-məişət və sosial problemlərinin
həlli digər fərman və sərəncamlarla, ayrı vəsaitlərlə
həll olunur. Fövqəladə Hallar Nazirliyinin
gördüyü iş isə sırf ötən ilin
mayında baş vermiş zəlzələdən sonrakı fəsadları
aradan qaldırmaqdan ibarətdir. Bu günə, demək olar ki,
oktyabrda Balakəndə baş vermiş zəlzələ istisna
olunmaqla, qəzalı evlərin böyük hissəsi tikilib
istifadəyə verilmişdir. İndiki komissiyalar ilk zəlzələdən
sonrakı araşdırmaları bir daha aparacaqlar.
Oktyabrdakı zəlzələdən sonrakı qəzalı
evlərin təxmini siyahısı məlumdur və əhalinin
müraciətləri nəzərə alınaraq komissiyalar
bir daha araşdırmalar aparacaqlar. Artıq qəzalı evlərin
tikintisinə başlanılacaqdır. Çünki vəsait
artıq ayrılmışdır".
Kəmaləddin
Heydərov sonda demişdir: "Mətbuat vasitəsilə əhalidən
xahişimiz odur ki, onlar bərpa və gücləndirmə
üçün ayrılmış vəsaitlə tikinti
işlərini əgər özlərinin
tanıdıqları inşaatçılar yoxdursa, təbii fəlakət
bölgəsində işləyən inşaat şirkətləri
ilə müqavilə əsasında həyata keçirsinlər.
Bu məsələdə işlərin dəqiq və sosial ədalət
prinsiplərinə uyğun aparılacağına heç
kimin şübhəsi olmasın. Çünki tikinti şirkəti
komissiyaların yazdığı fəsadları qəbul edir
və o işi görür. Nazirlik tərəfindən
ayrılan vəsait isə bu fəsadlar nəzərə
alınmaqla hesablanmışdır".
Azərbaycan.-2013.- 13 fevral.- S.7.