Qafqaz Müsəlmanları İdarəsi «Daş yuxular»ı pislədi

 

Əkrəm Naibovun "Daş yuxular" yazısını Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də pisləmişdir.  AzərTAc xəbər verir ki, bununla əlaqədar fevralın 13-də QMİ-də keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin elmi-dini və qazılar şuralarının üzvləri, müxtəlif dini konfessiyaların rəhbərləri iştirak etmişlər.

 

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirmişdir ki, yazı Azərbaycan ictimaiyyətində ciddi narazılığa səbəb olmuş, istər dövlət qurumları, istərsə də sadə vətəndaşlar bu cızma-qaraya öz etirazlarını bildirmişlər. Dövlət başçısı İlham Əliyev bütün bunları nəzərə alaraq Əkrəm Naibovun "Xalq yazıçısı" fəxri adından və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən məhrum edilməsi ilə bağlı sərəncamlar imzalamışdır.

A.Paşazadə vurğulamışdır ki, bu yazı tamamilə Azərbaycan xalqının təhqir olunmasına həsr edilmişdir və milli-mənəvi dəyərlərimizə ziddir. Burada Azərbaycanın tarixi təhrif, İslam dini təhqir olunmuşdur. Yazıda, eyni zamanda, şəhidlərimizin ruhu təhqir olunur. Ona görə də bu yazı qəbuledilməzdir.

"Daş yuxular"ın Azərbaycan xalqının millidini heysiyyətinə zərbə vurduğunu bildirən AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov vurğulamışdır ki, əslində, Ə.Naibov bu yazısında özünün erməni xislətini ortaya qoymuşdur.

Y.Mahmudov diqqətə çatdırmışdır ki, "Daş yuxular"ın heç bir elmi əsası yoxdurbu, xalqımıza qarşı sifarişlə yazılmış "əsər"dir, real tariximizə xəyanət nümunəsidir. Yazı,  həqiqətən, dözülməzdir. Yazıçı ermənilərin mövqeyindən çıxış edir və Azərbaycanın başına gələnləri pərdələyir. "Əsər" və müəllif Vətənə xəyanət nümayiş etdirir. Bu, Ə.Naibovun görmək istədiyi yuxulardır. Ermənilər tərəfindən daim təcavüzə məruz qalan azərbaycanlılardır, amma bu yazı ermənilərə bəraət qazandırır.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein Azərbaycanın müxtəlif xalqların, dinlərin birgə yaşadığı nümunəvi ölkə olduğunu diqqətə çatdırmış, "Daş yuxular"ı qeyri-səmimi yazı kimi xarakterizə etmişdir.

Avropa yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanın tolerant ölkə olduğunu vurğulamış, Ə. Naibovun yazısında Azərbaycan tarixinin, həqiqətlərinin təhrif olunduğunu diqqətə çatdırmışdır.

Tədbirdə QMİ-nin elmi-dini və qazılar şuralarının üzvləri də çıxış edərək "Daş yuxular"ı tənqid etmiş, Azərbaycanın tarixi gerçəkliklərini, toponimlərini saxtalaşdıran və xalqımızı təhqir edən Ə.Naibovun qələminin ancaq şərə və böhtana xidmət etdiyini bildirmişlər.

Natiqlər qeyd etmişlər ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu ermənilərə böyük sevgi bəsləyən Ə.Naibova heç zaman rahatlıq verməyəcəkdir.

Daha sonra QMİ-nin elmi-dini və qazılar şuralarının bəyanatı oxunmuşdur.

Bəyanatda vurğulanır ki, çoxmilyonlu Azərbaycan dindarlarının iradəsini ifadə edərək xalqımıza xəyanət, onun milli-mənəvi və dini dəyərlərinə həqarət mahiyyətli bir yazıya öz münasibətimizi bildirməyi vacib sayırıq. Azərbaycan dindarları Əkrəm Naibovun üzdəniraq yazısını birmənalı olaraq xalqımızın heysiyyətinə toxunan, ülvi dəyərlərinə təhqir kimi dəyərləndirir, bu mənəviyyatsızlığın qarşılığında onun xalq yazıçısı adından məhrum edilməsini ədalətli addım sayırlar. Azərbaycan xalqının millidini irsinə sədaqəti, ümumbəşəri dəyərlərə sadiqliyi, tolerantlığı dünyaya məlumdur.  Bunu dünya görüretiraf edir. Bunu hətta torpaqlarımızı işğal etmiş ermənilər belə danmağa cürət etmirlər. Belə olduğu təqdirdə, Əkrəm Naibovun öz millətinə, onun tarixinə, görkəmli şəxsiyyətlərinə nifrət nümayiş etdirdiyi halda, qarşı tərəfə hədsiz təəssübkeşliyinə və böhtan dolu saxta xəyallarına istinad etməsinə xalqımız tərəfindən heç bir bəraət ola bilməz.

Bəyanatda qeyd edilir ki, qəhrəmanının dili ilə Azərbaycan xalqının ünvanına olmazın iftiralar yağdıran müəllifin guya xalqlar arasında barışığa nail olmaq məramında olduğu fikrini səsləndirməsi isə riyakarlıqdan başqa bir şey deyildir. "Məsum" adlandırdığı ermənilərin ruhları üçün üzüntü və təəssüf hissi keçirən Əkrəm Naibovun yuxusuna nədən Xocalı qətliamının günahsız qurbanlarının narahat ruhları girmir? Qəhrəmanının dili ilə dinimizin müqəddəsliklərinə hörmətsizlik nümayiş etdirən, dini dəyərlərimizə bağlılığımızı şübhə altına alan dönük xislətli müəllifin azərbaycanlıları tamamilə mənfi səpkidə göstərməsi, öz soydaşlarını vəhşi, həmkəndlilərini psixi cəhətdən qeyri-sağlam biriləri kimi qələmə verməsi, müxtəlif alçaldıcı ayamalar qoşması onun mənəvi naqisliyinin göstəricisidir.

 

 

Azərbaycan.- 2013.- 14 fevral.- S.3.