Azərbaycan dünyaya yanacaqelektrik enerjisi ixrac edən ölkəyə çevrilib

 

Ölkədə əsası ümummilli lider Heydər Əliyev tətəfindən qoyulmuş  yanacaq-enerji kompleksinin inkişafı uğurla davam etdirilir. İndi Azərbaycan bu sahədə dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada düzənlənir. Bir neçə il bundan önədək ölkənin regionlarında, eləcə də Bakıda elektrik enerjisi ilə təchizatda problemlər mövcud idi. Paytaxt Bakı da daxil olmaqla respublikanın bölgələrində elektrik enerjisi fasilələrlə verilirdi, təbii qaz bəzi rayonlarda, kənd və qəsəbələrdə yox dərəcəsində idi.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili siyasəti sayəsində artıq bütün bu çətinliklər çoxdan arxada qalıb. Təkcə bir faktı xatırlatmaq kifayətdir  ki, Azərbaycan iqtisadiyyatı son doqquz il ərzində üç dəfə artmış, şaxələnmiş, dayanıqlı inkişafa nail olunmuşdur. Bu uğurlar sırasında ölkəmizin yanacaq-enerji kompleksinin inkişafı önəmli yer tutur. Ölkədə elektrik enerjisi istehsalı 6,9 faiz artıb, alternativ və bərpa olunan enerji ilə təminat sahəsində ötən il "Azgüntex" günəş panelləri, "Füzuli" və "Qusar-1" su elektrik stansiyaları istifadəyə verilib. İndi respublikamızın ən ucqar guşələri belə   elektirik və istilik  enerjsi ilə tam təmin edilir. Vaxtilə başqa ölkədən elektrik enerjisi almaq məcburiyyətində olan Azərbaycan indi qonşu Rusiya, Gürcüstan, İran və Türkiyə kimi ölkələrə elektrik enerjisi ixrac edir. Bu nailiyyətin əldə olunmasında  8 il əvvəl qəbul olunmuş və hazırda uğurla həyata keçirilən "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" əsas rol oynayır.

Proqramda qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi 4 hissəyə bölünür: neft  və qaz sənayesi, qaz təchizatı, elektroenergetika və yanacaq-energetika kompleksinin idarə olunması. Qarşıya qoyulan vəzifələr bu istiqamətlərin hər biri üzrə müvəffəqiyyətlə icra edilir.

 Dövlət proqramının icrası ilə əlaqədar səkkiz ildə çox işlər görülüb. "Azərenerji" ASC üzrə bir sıra enerji bloklarının yenidən qurulması başa çatdırılıb. Təzə obyektlərin inşası, köhnələrin əsaslı təmiri, elektrik xətlərinin təzələnməsi istiqamətində işlər davam etdirilir. İqtisadiyyatın inkişafı və ixrac  tələb edir ki, generasiya gücləri artırılsın. Ona görə də yeni stansiyalar tikilib istifadəyə verilir. Bu il yanvar ayının 31-də elektrik enerjisi istehsal edən daha bir obyekt - Bakının Nərimanov rayonunda 110/35/6 kilovoltluq yarımstansiya istismara verilib. Bu müasr mərkəz fiber-optik kabel vasitəsilə "Bakıelektrikşəbəkə"nin Mərkəzi Dispetçer Xidmətinə  - SCADA sisteminə qoşulub. Yarımstansiyanın işə düşməsi ilə əlaqədar 12 faiz güc artımına nail olunub. Yeni yarımstansiyanın açılış mərasimində Prezident İlham Əliyev demişdir: "Bu gün  Bakı şəhərində elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur. Əksinə, ildən-ilə, gündən-günə elektrik təchizatı yaxşılaşır, maddi-texniki baza möhkəmlənir, yeni xətlər çəkilir, gözəl yarımstansiyalar tikilir və beləliklə, şəhərimizin bundan sonrakı dövrdə inkişaf proqramını həll etmək üçün yeni güclər yaradılır".

 "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"na əsasən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan elektrik enerjisi istehsalı sahəsində olduğu kimi, dünyada çox önəmli neft, qaz hasil və ixrac edən ölkə kimi də tanınıb. Müəllifi ulu öndər Heydər Əliyev olan "Əsrin müqaviləsi"nin uğurları  Azərbaycanın qədim neft ölkəsi kimi dünyadakı nüfuz və şöhrətini daha da artırıb. İndi Azərbaycan nefti dünya bazarlarına üç kəmər vasitəsilə çatdırılır. Nəql sisteminin başlıca arteriyası isə təbii ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu kəmər Avrasiya regionunda ən unikal mühəndis qurğularından biri olaraq dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayır.

BTC əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) neftini daşıyır. Lakin bu gün ölkəmiz təkcə AÇG-dən deyil, qurudakı və dənizdəki köhnə yataqlardan da neft hasil edir. Neftçilərimiz yataqlarda da istismarın intensivləşdirilməsi, yeni quyuların qazılması, köhnələrdə isə təmir-bərpa işləri aparılır, hasilatı sabit saxlamağa nail olurlar. Dəniz neftçiləri təzə platformalar inşa etmədən mövcud özülləri genişləndirib və təmir edərək orada yeni quyular qazırlar. "Bulla-dəniz", "Ələt-dəniz", "8 Mart", "Günəşli", "Neft Daşları" və digər yataqlarda yeni özüllər tikilib, yaxud köhnələri təmir olunub.

Ölkənin neft emalı kompleksində istehsal edilən məhsullar da daxili tələbatı tam ödəyir və xaricə ixrac olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə avtomobil benzininin istehsalı 0,1, ağ neftin istehsalı 0,8, neft bitumunun istehsalı 8,4 faiz artıb.

Emal kompleksində istehsal edilən neft məhsullarının keyfiyyəti də ildən-ilə yüksəlir. Keyfiyyətin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çeşid çoxalır, emalın dərinlik faizi artır.

Son illərdə dünyada mavi yanacağa tələbatın artdığı bir şəraitdə Azərbaycan özünü beynəlxalq aləmdə etibarlı qaz istehsalçısı və ixracatçısı kimi təqdim edib. 2004-2011-ci illərdə ölkədə qaz hasilatı getdikcə artıb və 5,5 milyard kubmetrdən 26 milyard kubmetrə çatdırılıb. Bir neçə il əvvəl qaz idxal edən Azərbaycan indi Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana qaz ixrac edir.

Hazırda 1-ci mərhələ çərçivəsində qaz və kondensat çıxarılan, ikinci mərhələsi isə işlənməkdə olan "Şahdəniz" layihəsi Azərbaycanın enerji baxımından tam müstəqilliyini təmin etməyə imkan verib. 2018-ci ildə "Şahdəniz"dən ilk qazın hasil olunacağı gözlənilir. Bundan sonra ölkəmiz qaz ixracını daha çox şaxələndirmək imkanı qazanacaq.

"Ümid" yatağı Xəzərin Azərbaycan bölməsində qaz ehtiyatlarının hələ çox olduğuna inamı daha da artırdı. Bu perspektivli strukturda ARDNŞ-nin daxili resurslar hesabına apardığı kəşfiyyat işləri 2010-cu ildə uğurla nəticələndi. Burada yeni qaz-kondensat yatağı kəşf olundu. İndi həmin yataqdan hasilat davam edir. "Abşeron" qaz-kondensat yatağını isə ARDNŞ-lə Fransanın "Total" şirkəti birlikdə kəşf edib.

Qaz hasilatının artması ilk növbədə, ölkə əhalisinin mavi yanacaqla təminatının daha da yaxşılaşdırılmasına təkan verir. Odur ki, son illərdə ölkənin şəhər və rayonlarının qazlaşdırılması sahəsində genişmiqyaslı işlər görülür. İndi hətta bir sıra dağ bölgələrinin ucqar kəndlərində mavi alov şölələnir.

Ölkədə qazlaşmanın yeni mərhələsi başlanıb. Bu məqsədlə aparılan tikinti-quraşdırma və təmir-bərpa işləri ölkənin bütün ərazisini əhatə edib. Qaz təsərrüfatının, paylayıcı sistemin dünya standartlarına uyğunlaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən təxirəsalınmaz tədbirlər öz bəhrəsini verib. Təkcə 2011-ci ildə ümumi uzunluğu 5 min kilometrdən çox yeni qaz kəmərləri çəkilib. 1536 kilometr uzunluğunda müxtəlif diametrli qaz kəmərləri və 8 paylayıcı stansiya əsaslı təmir edilib. Nəticədə əhali kateqoriyasına aid olan 90 min, 2012-ci ilin 8 ayı ərzində isə daha 63 min abonent qazla təchiz edilib. Qazlaşma ilə bağlı işlər uğurla davam etdirilir. 2013-cü ilin sonuna kimi bu sahədə bütün rayonları əhatə edən layihələr başa çatmalıdır. Dövlət başçısının dediyi kimi: "Əgər biz buna nail olsaq... onda yaşayış məntəqələrinin 95 faizi qazla təmin ediləcəkdir. İndi böyük şəhərlərdə, rayon mərkəzlərində bu işlər gedir. Biz artıq kəndlərdə də işlərin görülməsinə başlamışıq. Qeyd etməliyik ki, 2013-cü ilin sonuna qədər biz bu hədəfə çata bilərik".

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan hələ bundan sonra da ölkəmizin, eləcə də Avropanın və dünyanın enerji təhlükəsizliyi məsələlərində əvəzsiz rol oynayacaq.

 

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2013.- 14 fevral.- S.6.