İnsanlığa qarşı cinayət

 

Bəşər tarixinə qanla yazılan gün

 

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovet imperiyasının süqutu ilə yaranan mürəkkəb ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı.

 

Yaranan vəziyyətdən maksimum faydalanmağa çalışan ermənilər Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər. 1992-ci il fevralın 25-də saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə keçirilmiş silahlı qüvvələr, habelə Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı dəstələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçdilər. Hücumda 366-cı alayın komandiri Zarviqorov Yuri Yureviçmayor Ohanyan Seyran Muşeqoviçin komandanlığı altında alayın 2-ci batalyonu, Nabokix Yevgeni Aleksandroviçin komandanlığı altında 3-cü batalyonu, həmçinin 1-ci batalyonun qərargah rəisi Çitçiyan Valeriy İsaakoviç, habelə alayda xidmət edən 50-dən çox erməni və digər millətlərdən olan zabit və gizirlər iştirak edirdilər. Eyni zamanda hücum zamanı 90-dan çox tank, piyadaların döyüş maşını, top və digər müasir hərbi texnikadan istifadə olundu.

Hücumdan əvvəl şəhər şiddətli top atəşinə tutuldu. Güclü artilleriya atəşi şəhərdə olan müdafiə postlarını və müdafiə nöqtələrini sıradan çıxardı. Bundan sonra gecə saat 1-dən başlayaraq 4-ə qədər piyadaların şəhərə daxil olması davam etdi. Şəhərdə axırıncı müqavimət nöqtəsi səhər saat 7-də susduruldu. Bu zaman yenə də 366-cı alayın texnikasından istifadə olundu.

Beləliklə, ermənilər çoxsaylı tanklar, PDM və zirehli transportyorların müşayiəti ilə Xocalını ələ keçirdilər. Onlar şəhərə daxil olduqdan sonra dinc əhalini xüsusi amansızlıqla qətlə yetirməyə başladılar. Azğınlaşmış düşmən mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara, qocalara, bir sözlə, qarşılarına çıxan hər bir kəsə müxtəlif çaplı odlu silahlardan atəş açır, hərbi texnikanın altına salıb əzir, mühasirədən çıxıb qaçmağa müvəffəq olanları isə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə öldürürdülər. Əsir və girov götürdükləri azərbaycanlılara da aman vermir, işgəncə ilə qətlə yetirirdilər.

Qətlə yetirilən insanların başlarının dərisi soyulur, müxtəlif əzaları kəsilir, gözləri çıxarılırdı. Qadınların qarınları yarılır, adamlar diri-diri torpağa basdırılır və ya yandırılır, meyitlər eybəcər hala salınırdı. Xocalıda mülki əhalinin düşünülmüş şəkildə qətlə yetirilməsini sübut edən çoxsaylı faktlardan biribudur ki, həmin gün qaçıb xilas olmaq istəyənlərin çoxu ərazinin çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişdir.

Faciənin törədilməsinə rəvac verənlər sırasında Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və işğalçı ölkənin indiki dövlət başçısı Serj Sarkisyan da vardı. Hələ 1992-ci ildə Levon Ter-Petrosyan erməni ordusuna müraciətində deyirdi: "Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstərməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtaranaorada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir". Dağlıq Qarabağ separatçılarına rəhbərlik edən Robert Koçaryan da eyni mövqenin sahibi idi.  Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə 1992-ci ildə Xocalı soyqırımını törədən qüvvələrin komandanlarından olub, həmin qüvvələri təşkilatlandıraraq yüzlərlə insanın ölüm əmrini verib və beləliklə, soyqırımında şəxsən  iştirak edib. Bu mənada Sarkisyanın Tomas de Vaalın "Qara bağ" kitabında yer alan aşağıdakı fikirləri də çox şey deyir: "Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar elə fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmazlar. Biz o stereotipi sındırdıq".

Faciə baş verən gün əsasən qadınlar, uşaqlarqocalardan ibarət dəstə Qaraqaya tərəfə üz tutaraq Əsgəranın qarşısında, meşədə gizlənmişdi. Adamlar gecə şaxtalı havada səhərə qədər dayanıb gözlədikdən sonra dan yeri ağaran zaman meşədən çıxıb Ağdama tərəf hərəkət etmək istəyəndə pusquda dayanan ermənilərin güllələrinə tuş gəldilər. Təlaş və vahimə içərisində qaçan adamların bir qismi  böyük çətinliklə Dəhraz kəndinə gəlib çıxsa da, orada yenə silahlı ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildilər, əsir götürüldülər. Kətik meşəsinə qaçanlardan da xeyli insan qətlə yetirildi. Silahsız insanlara qarşı kütləvi qətllər törədən, soyqırımı həyata keçirən ermənilər ən vəhşi üsullardan, işgəncə metodlarından istifadə edir, öldürülmüş insanların cəsədlərinin başına min bir oyun açdılar.

Möcüzə nəticəsində sağ qalan Xocalı sakinləri baş verənləri belə xatırlayırlar:

Camal Heydərov: "Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitlər isə tikə-tikə doğranmışdılar". Şahin Heydərov Naxçıvanik kəndi yaxınlığında 80-ə yaxın meyit görmüşdür. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdi. Cəlil  Hümbətovun gözü qarşısında ermənilər həyat yoldaşı Firuzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişdilər.

Kübra Paşayeva Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdü. Gizləndiyi kolluqdan həyat yoldaşı Şura Paşayevin, oğlu Elşadın güllələnməsinin şahidi olmuşdu. Xocalı işğal edilən zaman Xəzəngül Əmirovanın ailəsini erməni silahlıları bütünlüklə girov götürmüşdülər. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Təvəkkül Əmirovu isə benzin tökərək yandırmışdılar. Zoya Əliyeva 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Dünya Əhmədova və onun bacısı Gülxar donub ölmüşdülər. Səidə Kərimovanın qızı Nəzakəti, yanında olan Tapdığı, Səadəti, İradəni işgəncə ilə qətlə yetirmişdilər. Səriyyə Talıbova isə belə bir dəhşətli hadisənin şahidi olmuşdur: "Bizi erməni qəbiristanlığına gətirdilər... Burada erməni döyüşçüsünün qəbri üstündə 4 Məhsəti türkünü və 3 azərbaycanlını qurban kəsdilər... Sonra valideynlərinin gözü qarşısında uşaqlarına işgəncə verdilər və öldürdülər. Az sonra Milli Ordunun formasında 2 azərbaycanlı gətirdilər, iti dəmirlə onların gözlərini çıxartdılar". Faciə baş verən zaman 11 yaşı olan Ramil Həsənov xatırlayır ki, dostlarım ElçinElgizin meşədə necə öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər, lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlərini yumurdular.

 

(ardı var)

 

 

Azərbaycan.- 2013.- 14 fevral.- S.7.