Məhkəmənin qərarı ilə Gülər Əhmədova barəsində həbs qətimkan tədbiri seçilmişdir

 

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a daxil olmuş məlumatda deyilir ki, xəbər verildiyi kimi, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar əsasında toplanmış material üzrə Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İstintaqla müəyyən edilmişdir ki, G.Əhmədova külli miqdarda özgə əmlakını ələ keçirmək məqsədi ilə 2005-ci ilin oktyabr-noyabr aylarında tanışı Sevinc Babayeva ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girməklə sonuncunun vasitəsi ilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş E.Abdullayevlə görüşərək ona qarşı olan etibarından sui-istifadə etməklə E.Abdullayevə deputat seçilməsinə  kömək edəcəyi barədə yalan vədlər verib aldadaraq 1.000.000 (bir milyon) ABŞ dollarını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, S.Babayevanın 2007-ci ilin may ayında vətəndaş Namiq Əliyev və başqalarının etibarından sui-istifadə etməklə dələduzluq yolu ilə külli miqdarda özgə əmlaklarını ələ keçirdiyinə görə barəsində 2009-cu il yanvarın 19-da Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində istintaqın aparıldığını, həmin iş üzrə S.Babayevanın qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilməsi haqqında qərarın qəbul olunduğunu bilərək, şəxsi münasibətlərinə görə 2012-ci il sentyabrın 26-da onu Bakı Hava Limanından İstanbula yola salmışdır. Qabaqcadan aralarında olan razılaşmaya əsasən tanışı - Türkiyə Respublikasının vətəndaşı Selcuk Ağlayan onun xahişinə əsasən, S.Babayevanı qarşılayaraq İstanbulda Meryem Solmaz adı ilə 2012-ci il dekabrın 26-dək qeyri-leqal yaşamasını təşkil edib həmin müddətdə onun Türkiyə Respublikasında yaşamasını maliyyələşdirməklə S.Babayevanın tutulmasına fəal surətdə mane olaraq, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmişdir. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci  və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

 

 

Azərbaycan.- 2013.- 14 fevral.- S.8.