«Qaradağlı soyqırımı şahidlərin dili ilə» kitabının təqdimatı oldu

 

Fevralın 17-si Qaradağlı soyqırımının ildönümüdür. Bununla əlaqədar "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mərkəzi qərargahında Milli Məclisin deputatı Qənirə Paşayeva və Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Şaiq Aslanovun həmmüəllifliyi ilə hazırlanan və Qaradağlı soyqırımını şahidlərin dili ilə oxucuya çatdıran "Qaradağlı soyqırımı şahidlərin dili ilə" kitabının təqdimat mərasimi keçirilib. Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri açan Şaiq Aslanov qeyd etdi ki, kitabda Qaradağlı soyqırımı şahidlərinin, ermənilərin əsirgirovluğunda amansız işgəncələrə məruz qalan Xocavənd rayonu Qaradağlı kənd sakinlərinin acı xatirələri yer alıb.

Soyqırımı dəhşətlərini, ümumən erməni terrorunu əks etdirən fotofaktlar, dəqiq rəqəmlərlə tərtib edilmiş siyahılar, o cümlədən, həlak olan, əsir və girov götürülən Qaradağlı sakinlərinin adları olan kitabın baş məsləhətçisi Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz HüseynovMilli Məclisin deputatı, tarix elmləri doktoru Musa Qasımlı, redaktoru isə Əkbər Qoşalıdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva bildirdi ki, Xocavənd rayonunun Qaradağlı kəndində Ermənistan ordusunun törətdiyi soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş "Qaradağlı soyqırımı şahidlərin dili ilə" kitabı canlarını vətən, torpaq yolunda fəda etmiş bir elin, bir kəndin igid və cəsur övladlarının xatirələrini yaşatmaqla yanaşı, eyni zamanda Azərbaycan həqiqətlərini, erməni vəhşiliyi və cinayətlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığımız informasiya mübarizəsində tutarlı bir vasitə olacaq, kitab yaxın vaxtlarda başqa dillərə də tərcümə ediləcək.

Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, ermənilərin öz mənfur niyyətlərini gerçəkləşdirmək üçün ötən əsrin sonlarında əsassız torpaq və ərazi iddiası ilə başladıqları növbəti müharibə nəticəsində minlərlə oğul və qızlarımız şəhid olub.

Milli Məclisin deputatı professor Musa Qasımlı vurğuladı ki, keçmişdə yol verdiyimiz yanlışlıqlardan doğru nəticə çıxarmaq üçün tariximizi dərindən bilməli və öyrənməliyik. Bu kimi faktlarla zəngin kitabların yazılması isə ümumi işimizə ciddi  kömək olacaqdır.

Xarici İşlər Nazirliyinin əməkdaşı Elman Abdullayev və "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov xüsusi olaraq vurğuladılar ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlət səviyyəsində əsaslı işlər həyata keçirilir. Bütün bu işlərin məntiqi nəticəsi olaraq beynəlxalq təşkilat və nüfuzlu qurumlarda ölkəmizin haqq işi qəbul olunur.

Təqdimat mərasiminə qatılan Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan, tarixçi alim Məhərrəm Zülfüqarlı, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Qaradağlı kənd sakini, keçmiş əsir Seyyur Nağıyev çıxış edərək soyqırımı ilə bağlı yazılmış bu kitabın informasiya mübadiləsi və mübarizəsində ermənilərə qarşı tutarlı cavab olduğunu bildirdilər.

Təqdimat mərasiminə yekun vuran Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, 1992-ci ilin 17 fevral günü Azərbaycan tarixində qanla yazılan növbəti bir səhifə oldu. Lakin düşmənlərimiz öz istəklərinə çata, bizi tamamilə məhv edə bilmədlər. Soyqırımına məruz qalan, öz doğmalarını, əzizlərini itirən qaradağlılar sınmadılar, əyilmədilər.

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan.- 2013.- 15 fevral.- S.5.