Litva Respublikasının Prezidenti zati-aliləri

xanım Dalya Qribauskayteyə

 

Hörmətli xanım Prezident!

Ölkənizin milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Bu gün Azərbaycan-Litva münasibətləri müvəffəqiyyətlə inkişaf etməkdədir. Xalqlarımızı birləşdirən möhkəm dostluq əlaqələri siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın gündən-günə genişlənməsinə öz müsbət təsirini göstərir.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın hərtərəfli inkişafı yolunda səylərimiz bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin çiçəklənməsinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına sülh və firavanlıq diləyirəm. 

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 11 fevral 2013-cü il

 

Azərbaycan.- 2013.- 16 fevral.- S.1.