Binəqədi rayonu 2012-ci iliuğurla başa vurub

 

"Bu ilin sonuna qədər İkinci Dövlət Proqramının icrası təmin ediləcəkdir. Beləliklə, 10 ili əhatə edən bir dövr arxada qalacaqdır. Ancaq artıq bu gün də demək olar ki, həm 2004-cü ildə, həm 2009-cu ildə qəbul edilmiş iki dövlət proqramının icrası ölkəmizin inkişafı üçün çox böyük rol oynamışdır. Əgər bu proqramlar qəbul edilməsəydi, indi bölgələrdə gedən inkişafdan söhbət aparmaq belə yersiz olardı. Məhz  2004-cü ildə qəbul edilmiş bu qərar ölkəmizin hərtərəfli, dayanıqlı və şaxələndirilmiş şəkildə inkişafını təmin etmişdir."

 

İlham ƏLİYEV

 

Dünən Binəqədi rayonunda ötən ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vuruldu və 2013-ci il üçün qarşıda duran vəzifələr müzakirə olundu.

Hesabat yığıncağında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı proqram xarakterli çıxışına bir daha diqqət yetirdi. Bildirdi ki, dövlət proqramının qəbul edildiyi 4 il ərzində ölkədə əhalinin sosial rifahı daha da yüksəlmiş, paytaxt və bölgələrdə abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Binəqədi rayonu da ötən ili uğurla başa vurmuşdur. Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Binəqədi rayonunda da qabarıq görünür.

İclasda qeyd edildi ki, Binəqədi rayonunda müşahidə olunan böyük canlanma, inkişaf və tərəqqi, ilk növbədə, sistemli, ardıcıl və yeniliyə əsaslanan mütərəqqi üslubunun bəhrəsidir. Rayon rəhbərliyi ölkə başçısının çevik və səmərəli iqtisadi islahatlar strategiyasını rəhbər tutaraq, idarəçilikdə mütərəqqi üsulların tətbiq edilməsinə nail olmuşdur. Bunun nəticəsidir ki, 2012-ci ildə rayonda bütün sahələr üzrə yüksək makroiqtisadi göstəricilər əldə edilmişdir. Real sosial-iqtisadi inkişaf isə quru fakt və rəqəmlərdə deyil, hər bir sakinin gündəlik həyatında, məişətində, maddi rifah halında əksini tapır.

İl ərzində rayonun sənaye potensialındakı yüksək artım mühüm uğurlar sırasında xüsusi qeyd olundu. İnvestisiyaların dinamik artımı da Binəqədi rayonu üçün səciyyəvi uğurlardan sayıla bilər: iqtisadisosial sahələrin inkişafı üçün ötən il bütün maliyyə mənbələrindən əsas kapitala 128 milyon 613 min manat məbləğində investisiya yönəldilmişdir. Tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 285 milyon 700 min manat olmuşdur ki, bu da 2011-ci illə müqayisədə 21,9 faiz çoxdur. Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin uğurlu həlli üçün rayonun mövcud potensialı səmərəli şəkildə realizə edilmiş, tərəqqi və inkişafa xidmət edən islahatlar işlək mexanizmlər əsasında, yüksək dinamizmlə həyata keçirilmişdir. Binəqədi RİH informasiya-kommunikasiya texnologiyalarının ən son imkanlarından istifadə etməklə fəaliyyətini müasir formada qurmağa, vətəndaşların etimadını qazanmağa çalışır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 11 dekabr 2012-ci il tarixli əmri ilə "1646" sakinlərin müraciət xidməti sisteminin yaradılması da son dərəcə təqdirəlayiq addımlardan biri kimi vurğulanmalıdır.

Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. Fəaliyyətini məhz bu prinsip əsasında quran Binəqədi RİH də  dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə töhfəsini verməyə çalışır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2013.- 16 fevral.- S.4.