«Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi infrastrukturunun

gücləndirilməsi və dəstəkləyici xidmətlərinin inkişafı»

adlı yeni Tvinninq layihəsinin təqdimatı olmuşdur

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Litva Respublikasının Radiasiyadan Müdafiə Mərkəzi və Mərkəzi Layihə İdarəçiliyi Agentliyi ilə birlikdə  "Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərinin  inkişafı" adlı yeni Tvinninq  layihəsini həyata keçirir.

AzərTAc xəbər verir ki, fevralın 15-də FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində layihənin təqdimat mərasimi keçirilmişdir.

Tədbiri fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə açaraq layihənin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan radiasiya təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir. Ötən il keçmiş Bakı yod zavodunun Sabunçu və Suraxanı rayonlarında yerləşən istehsalat sahələrinin və onların ətrafının təbii radionuklid tərkibli kömür, neft, neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərinin təmizlənməsi işləri aparılmışdır. Bu Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən yüksək qiymətləndirilmişdir.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia demişdir ki, bu Tvinninq layihəsi Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə başlanan ilk layihədir. Ümid edirəm ki, bu, son olmayacaqdır. Azərbaycanda nüvə reaktorları yoxdur. Regionda olan bəzi dövlətlərdə radiasiya təhlükəsi ilə bağlı olan obyektlər vardır. Ona görə də qonşu dövlətlər radiasiya təhlükəsinin aradan qaldırılması ilə bağlı tədbirlər keçirirlər. Radiasiya problemi ciddi bir problemdirbu məsələ bütün ölkələrdə təmin olunmalıdır. Radiasiya heç bir sərhəd tanımır. Bu layihədə yalnız Azərbaycanın Fövqəladə Hallar Nazirliyi deyil,  digər dövlət qurumları da maraqlıdır.

Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskas layihənin təmsil etdiyi ölkə üçünolduqca əhəmiyyətli olduğunu demişdir: "Biz hesab edirik ki, bu Tvinninq layihəsi yalnız Azərbaycan ilə Litva arasında ikitərəfli əlaqələrin deyil, həm də Avropa İttifaqı çərçivəsində digər ölkələrlə əlaqələrin yaxşılaşmasına kömək edəcəkdir. İnanırıq ki, bu layihə uğurla icra ediləcək və Azərbaycana radiasiya təhlükəsizliyi sahəsində nailiyyətlər əldə etməyə böyük kömək edəcəkdir."

Litva Radiasiya Təhlükəsizliyi Mərkəzinin direktoru Albinas Mastauskas rəhbərlik etdiyi qurum barədə məlumat vermiş və layihənin uğurla icra olunacağını bildirmişdir.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar HüseynovLitva Respublikası Layihələrin İdarəolunması üzrə Mərkəzi Agentliyin Beynəlxalq Əməkdaşlıq bölməsinin rəhbəri xanım Deimante Vaiciune təqdimatla çıxış etmişlər.

Bildirilmişdir ki, 24 ay davam edəcək layihənin ümumi məqsədi Azərbaycanda ionlaşdırılmış şüalanmanın qalıqlarına nəzarəti artırmaq və bütün növ radiaktiv mənbələrə nəzarət sahəsində uyğun enerji siyasətinin mərkəzləşməsini gücləndirməkdir.

Avropa İttifaqının maliyyələşdirdiyi layihə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə yardım edəcəkdir.

 

Azərbaycan.- 2013.- 16 fevral.- S.5.