Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar

VI qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının

Prezidenti cənab İlham Əliyevə müraciəti

 

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikası bu gün sürətli inkişaf dövrünü yaşayır. Sizin gərgin əməyiniz, məqsədyönlü və uzaqgörən siyasətiniz nəticəsində son illər iqtisadiyyat, elm, təhsil, texnika, idman və digər sahələrdə böyük uğurlar qazanılmış, ölkəmiz beynəlxalq birliyin layiqli üzvünə çevrilmişdir. Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, mədəniyyətimizin inkişafı və dünyada təbliğinə göstərdiyiniz qayğı da ictimaiyyət tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Bütün bunlara görə hər birimiz öz Vətənini sevən və milli maraqların keşiyində qətiyyətlə dayanan dövlətimizin başçısı ilə fəxr edirik.

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Sizin rəhbərliyinizlə aparılan nəhəng quruculuq işlərində daim yaxından iştirak edir, zəngin həyat təcrübələrindən, bilik və bacarıqlarından istifadə etməklə ictimai həyatın müxtəlif sahələrinin inkişafına öz töhfələrini verirlər. Onlar ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və bu gün uğurla davam etdirilən daxilixarici siyasət kursunun vətəndaşlar arasında təbliğ edilməsi, əhalinin bütün təbəqələrinin Azərbaycan Prezidenti ətrafında sıx birləşməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Sizin də dəfələrlə vurğuladığınız kimi, dövlətimiz və xalqımız qarşısında duran əsas maneədir. Biz ağsaqqallar problemin ədalətli həlli yolunda atdığınız hər bir addımı dəstəklədiyimizi bildirir, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndiririk.

Hörmətli cənab Prezident!

Azərbaycan əlverişli coğrafi vəziyyətinə, təbii sərvətlərinə və iqtisadi potensialına görə bölgənin lider dövlətidir. Avrasiya məkanında reallaşdırılan transmilli enerji və nəqliyyat layihələrində, habelə regional sülhün və təhlükəsizliyin təmin edilməsində ölkəmiz həlledici rol oynayır.  Belə bir şəraitdə Azərbaycana Sizin kimi zəngin idarəçilik təcrübəsi olan, geosiyasi vəziyyəti düzgün qiymətləndirməyi və strateji qərarlar qəbul etməyi bacaran, xalqın inandığı, prinsipial və qətiyyətli siyasətçinin rəhbərlik etməsi çox vacibdir.  Ona görə də biz ağsaqqallar ölkəmizin gələcək inkişafı və xalqımızın rifahı naminə apardığınız siyasətin davam etdirilməsini zəruri hesab edir, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında yenidən ölkə prezidentliyinə namizədliyinizin irəli sürülməsini alqışlayırıq. Ağsaqqallar Şurasının üzvləri də bu təşəbbüsə qoşulur və qarşıdan gələn prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyirlər. Əmin ola bilərsiniz ki, biz seçki kampaniyasında fəal iştirak edərək apardığınız siyasətin əhali arasında təbliğ  olunması işinə maksimum töhfə verməyə çalışacağıq.

İnanırıq ki, respublika ağsaqqallarının bu istəyini nəzərə alacaq, dövlət başçısı kimi Vətənimizin hərtərəfli inkişafı və tərəqqisi yönündə göstərdiyiniz fəaliyyəti bundan sonra da  davam etdirəcəksiniz.  Bu yolda Sizə  yeni-yeni uğurlar, şəxsi həyatınızda xoşbəxtlik və cansağlığı arzulayırıq.

Hörmətlə,

 

Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayının nümayəndələri

 

Bakı şəhəri, 16 fevral 2013-cü il

 

Azərbaycan.- 2013.- 17 fevral.- S.1.