Küləklərin qoruduğu şəhər

 

Paytaxtın havasının təmiz saxlanması hamımızın ümdə vəzifəsi olmalıdır

 

Dünyanın böyük şəhərlərinin ən ciddi problemi havanın hədsiz dərəcədə çirklənməsidir. Meqapolislərdə havaya atılan tullantıların 60-90 faizi avtomobillərin payına düşür. Müqayisə üçün qeyd edək ki, ABŞ-da havanın 75 faizi avtomobillərin hesabına çirklənir. Böyük şəhərlərdə tüstü, toz, duman və avtomobillərdən ayrılan zəhərli qazlar ən ağır xəstəliklərə və minlərlə insanın ölümünə səbəb olur. 20 milyon əhalisi olan Pekində 4 milyon avtomobildən çıxan zəhərli qazlar duman kimi ətrafı bürüyür və ildə 150 günə qədər Günəş göydə görünmür. Xəstəxanalara ürək-damar, ciyər, sinir xəstəliklərindən müraciət edənlərin sayı-hesabı olmur. Bu baxımdan Bakı planetin bəxti gətirən şəhərlərindəndir. Külək gecə-gündüz, aramsız olaraq çalışır, 700 min avtomobilin zəhərli qazlarını onların törədə biləcəyi xəstəliklərin təhlükəsi ilə birlikdə bu şəhərdən ya dənizə qovur, ya da ki əks istiqamətə uzaqlaşdırır. 

Müasir dünyada böyük şəhərlər əsl ekoloji fəlakətlərlə üzləşir. Çünki planetin 7 milyard sakininin 50 faizə yaxını şəhərlərdə yaşayır. Avtomobillərin sayı da kəskin bir sürətlə artmaqda davam edir. XX əsrin əvvəllərində Bakının əhalisi 200 min, ölkə üzrə avtomobillərin sayı cəmi 36 ədəd idisə, 90-cı illərdə əhalinin sayı milyonu, avtomobillərin sayı isə 100 mini keçdi. Son 20 ildə paytaxtda əhalinin sayı 3, avtomobillərin sayı isə 7 dəfə artıb. İqtisadi yüksəlişin zəminində maddi imkanı yaxşılaşan yüz minlərlə insanın avtomobil alması şəhərin ekologiyasına şübhəsiz ki,  mənfi təsir edir. 20-30 il əvvəl Bakıda çoxmərtəbəli binaların həyətində cəmi bir-iki maşın dayanırdısa, indi iki-üç avtomobil saxlayan ailələrin sayı-hesabı yoxdur. 1995-ci ilə qədər Azərbaycanda təxminən hər 22 nəfərə bir, 2011-ci ildə isə artıq hər 10 nəfərə bir avtomobil düşürdü.

Bizə komfort, rahatlıq və sürət bəxş edən maşınlar şəhəri qədərsiz səs-küy və  zəhərli tullantılarla çirkləndirərək bir sıra xəstəliklərin artmasına səbəb olur. Əlbəttə, Bakı Pekin deyil, tez-tez istiqamətini dəyişən küləklər paytaxtın əvəzsiz ekoloji sanitarı rolunu oynasa da, qabaqlayıcı tədbirlərə həmişə ehtiyac var.

Dövlət tərəfindən havanın təmiz saxlanması, çirklənməməsi üçün ciddi addımlar atılır. Ətraf mühitə daha çox ziyan vurduğuna görə keçmiş SSRİ ölkələrində istehsal olunan avtomobillərin, digər dövlətlərin köhnəlmiş minik vasitələrinin ölkəyə gətirilməsi qadağan edilmişdir. Ekoloji parametrləri  Avropa standartlarına uyğun müasir texnologiyaların, minik vasitələrinin ölkəyə gətirilməsinə üstünlük verilir. Nəqliyyat vasitələrinin texniki tələblərə uyğunluğunu müəyyən etmək məqsədilə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 2003-cü il 15 sentyabr tarixli sərəncamı ilə texniki müayinə mərkəzi yaradılmışdır.

Bir avtomobil  100 kilometr məsafəni qət edərkən bir adamın bir il ərzində işlətdiyi oksigeni yandırır. İndi Bakı şəhərində 700 minə yaxın avtomobil var. Bir mühərrikin yandırdığı hər litr benzindən havaya 450 qram dəm qazı ayrılır. Təxminən hər avtomobilin ən azından 2 kiloqram dəm qazı buraxdığını nəzərə alsaq, 700 min avtomobilin hər gün 1400 ton zəhərli tullantı atdığını hesablaya bilərik. Əlbəttə, real rəqəmlər azya çox ola bilər. Lakin bizim təxmini hesablamalarımız onu deməyə əsas verir ki, 1400 ton zəhərli qazı şəhərin üstündən kənara qovmaq güvəndiyimiz küləklər üçünasan deyil. Ona görə də Bakı şəhərində həyata keçirilən ekoloji tədbirlərin daha da mükəmməlləşdirilməsi  taleyüklü məsələdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova ümumilikdə insan və avtomobil sıxlığı ilə fərqlənən 6 böyük şəhərdə və Bakıda havanın mühafizəsi və ekoloji sağlamlığı qorumaq məqsədi ilə sutkada 3 dəfə atmosfer tərkibinin ölçüldüyünü bildirir. 2010-cu ildən "Avro-2", "Avro-3" standartlarının tətbiq edilməsi ekoloji mühitin atmosfer tullantılarından qorunmasında atılan ciddi addımlardan biridir.  Bu sırada nəqliyyatın intellektual idarə edilməsi sisteminin yaradılmasını da xüsusi vurğulamaq lazımdır.

M.Avazova onu da qeyd etdi ki, eyni problemi yaşayan böyük şəhərlərdən fərqli olaraq, bəzi istisnaları çıxmaqla Bakı hava çatışmazlığı ilə bağlı elə ciddi problemlərlə üzləşmir. Buna da əsas səbəb şəhərin həmişə küləkli olmasıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ildə bir dəfə  keçirilən "Təmiz hava aylığı" insanları maarifləndirmək və məsuliyyət hissini aşılamaqda əvəzsiz rol oynayır.

Paytaxt Bakıda ekoloji mühitin qorunması istiqamətində mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirilir. 2001-ci ilin mart ayında təsdiq olunmuş "Atmosfer havasının mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda ətraf mühitin qorunması ilə bağlı bütün müddəalar öz əksini tapmışdır. Eyni zamanda, "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilir ki, nəqliyyatın fəaliyyəti prosesində ətraf mühitin və əhalinin təhlükəsizliyinə zəmanət verən atmosfer havasının, torpaqların, suyun, bitkiheyvanlar aləminin çirklənmədən qorunmasını, təbii ehtiyatların səmərəli istifadəsini və  istehsalını təmin edən ekoloji normaqaydalara əməl olunmalıdır. Onu da qeyd edək ki, şəhər nəqliyyatında metro ekoloji baxımdan ən təmiz nəqliyyat növüdür. Maraqlıdır ki, gün ərzində metrodan istifadə edənlərin sayı paytaxtdakı avtomobillərin sayına bərabərdir.

Ümid etmək olar ki, Bakı bulvarına çıxarılan yüzlərlə velosiped insanların şüuruna müsbət təsir edəcək, bu minik vasitəsinin gələcəkdə populyarlaşması üçün ciddi rol oynayacaqdır. Məsələn,  ABŞ-da velosipeddən nəqliyyat vasitəsi kimi istifadə kütləvi hal alıb. Eyni zamanda, Avropanın nəhəng şəhərlərində hansı təbəqəyə aid olmasından asılı olmayaraq, milyonlarla insan velosipeddən minik vasitəsi kimi istifadə edir. Bu kiçik nəqliyyat üçün xüsusi hərəkət zolaqları da var. Təəssüflər olsun ki, Azərbaycanda velosipedlə işə gedib-gəlməyi kimə təklif etsən, bunu yaxşı halda kobud zarafat kimi başa düşər. Avropada yeri gələndə polis də işə velosipedlə çıxır. Bizim məmurlar bunu özlərinə heç vaxt rəva bilməzlər. Əksinə, bizdə az qala, yük maşını böyüklüyündə olan "cip"lərin sayı-hesabı yoxdur. Yolsuzluq, dağlar və səhralar  üçün düşünülən bu maşının əlindən paytaxtda tərpənmək mümkün deyil. "Cip" imkanlı adamların  sərvət rəmzinə çevrilib. Bu bizim mentalitetimizin ziyanlı tərəfidir. Avropalının velosipeddən aldığı zövqü bizimkilər paytaxtın küçələrində "Cip"i qovmaqdan alırlar.

Lakin unutmaq lazım deyil ki, belə "zövq" hamıya baha başa gəlir. Küləklərlə zəhərli havanı Bakıdan qovmaq üçün təxminən bir saata yaxın vaxt lazımdır, lakin bu bir saat ərzində paytaxtda avtomobillərin hərəkəti dayanmır və biz istəsək də, istəməsək də zəhərli tullantılarla çirklənən hava ilə nəfəs almağa məcburuq. İşıqforlarda, tıxaclarda saatlarla işlək vəziyyətdə dayanan avtomobillər yanacaq yandırır və yenə də havanı mümkün olduğundan daha çox zəhərləyirlər. Çirkli hava insan orqanizminə dağıdıcı təsir edir. Şəhər sakinlərində mənşəyi bilinməyən baş ağrıları, yorğunluq sindromu, immun zəifliyi, ciyər, ürək-damar və sinir xəstəlikləri, bəd xassəli şişlər  az qala epidemiya səviyyəsində yayılır. Ekoloji balansın pozulması ekoloji fəlakətə gətirir, şəhər mühiti onu qorumayan insanları cəzalandırır. Ən ağır zərbə uşaqlara dəyir, onların sağlamlığında, psixikasında və əqli inkişafında  ciddi problemlər yaranır. Yuxarıda dediyimiz kimi, Bakı bu baxımdan Pekindən fərqli xoşbəxt bir şəhər olsa da, şəhərin ekosisteminin  qorunmasında hamının fəal iştirak etməsi vacibdir. Bu sıradan şəhərin mərkəzində avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulması, tıxaclarda, işıqforlarda mühərriklərin söndürülməsi məsələsinin də şəhər ictimaiyyətinin müzakirəsinə çıxarılması gələcəkdə daha düzgün qərarların verilməsində əhəmiyyətli rol oynaya bilər. 

 

Elnur HADIYEV

 

Azərbaycan.- 2013.- 17 fevral.- S.6.