Dahinin dostu, generalın müəllimi

 

Xatirəsi yaddaşlara həkk olunan ziyalılarımızdan biri də Mirzə Ağaəli Əliyevdir.

Lənkərandakı ilk xalq muzeyinin açılması və fəaliyyəti onun adı ilə bağlıdır. O, muzeyi zənginləşdirmək üçün daim axtarışlar aparmış, Moskva, Sankt-Peterburq və Bakının müxtəlif muzeyləri ilə əlaqə saxlayaraq onlardan yardım istəmişdir. Bu işdə onun ən yaxın dostu, şərqşünas alim B.Müllerin böyük köməyi  olub.

Ümumiyyətlə, maarifçilik fəaliyyəti ilə məşğul olan Mirzə Ağaəli Əliyev dövrünün istedadlı şairijurnalisti kimi də tanınıb. O, Cəlil Məmmədquluzadənin dostu, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun müəllimi olub.

M.A.Əliyev 1878-ci ildə Lənkəran şəhərində müəllim Mirzə Əzizin ailəsində dünyaya göz açıb. Məşhur Mirzə İsmayıl Qasiddən dərs alıb, fars dilini mükəmməl öyrənib. O, Lənkəranda ilk məktəblərin təşkil olunmasında yaxından iştirak edib, 1931-ci ildə müəllimlərin II qurultayına nümayəndə seçilib.

Nəvəsi Fərhad Əliyev babası haqqında atası Əzizağa müəllimdən eşitdiyi kiçik bir xatirəni bizimlə bölüşür: "Bir gün Ağaəli müəllim dərs deyərkən qapı döyülür. Şəhərin qubernatoru müəllimdən içəri girmək üçün icazə istəyir. Qubernator ona deyir ki, oğlum axşam məndən soruşdu ki, "ata, sən böyüksən, yoxsa səndən böyükvar? Mən ona cavab verdim ki, məndən böyük varsabah sənə göstərərəm. Oğluma özümdən böyüyü göstərmək üçün qapını döyüb sizdən icazə istədim. Əgər siz icazə verməsəydiniz, mən sinfə girməzdim, çünki siz hamımızın böyüyü, müəllimisiniz".

Ağaəli Əliyev bədii yaradıcılıqla da məşğul olub.

Yazıları və satirik şeirləri "İctihad", "Şərqi-rus", Baxçasarayda çıxan "Tərcüman", habelə Hindistanda nəşr olunan "Həblümətin" qəzetlərində dərc edilib.

Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutu tərəfindən 1970-ci ildə buraxılan "Məruzələr" məcmuəsində Mirzə Ağaəli Əliyevin Əfqanıstanda çıxan "Siracül-Əxbari Əfqaniyyə" qəzetində dərc olunmuş məktubu və bu məktubu şərh edən məqalə böyük maraq doğurur. O dövrdə Lənkəranda "Nicat" qiraətxanasının müdiri işləyən Mirzə Ağaəli Əliyev Əfqanıstana göndərdiyi həmin məktubda yazırdı ki, Kabilyeni qəzetin çıxmasına çox sevinir, "Buna görə də mən, "Nicat" qiraətxanasının işçisi iftixarqürurla sizin mübarək idarənizi rəsmən təbrik edirəm. Məhz insaniyyət və ülviyyət naminə pulsuz olaraq hər il Lənkəranın "Nicat" qiraətxanasına qəzet göndərirsiniz. Ona görə də qiraətxana işçiləri adından bu insanpərvərlik və mehribanlığın qarşısında sizə səmim-qəlbdən təşəkkür edirəm (Siracül-Əxbari, Əfqaniyyə, Kabil, 1912-ci il)".

Məqalə Mirzə Ağaəli Əliyevin maarifçilik xidmətində mühüm yer tutur. Məhz buna görə tədqiqatçılar bəzən öz məqalələrində Mirzə Ağaəli Əliyevin adını mollanəsrəddinçilər sırasında çəkir, onu bir maarifçi, şairjurnalist kimi xatırlayırlar. Onu da qeyd edək ki, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov Mirzə Ağaəli müəllimin ən sevimli şagirdlərindən olub.

Mirzə Ağaəli Əliyevin şəxsi arxivi çox zəngindir. Arxivdəki bəzi materiallar, fotoşəkillər, əlyazmalar hazırda Lənkəran Diyarşünaslıq Muzeyində saxlanılır. Digər əşyaları, məqalə, şeir kitabları və ayrı-ayrı illərdə keçirilən tədbirlər zamanı çəkilmiş fotoşəkillər  nəvəsi Fərhad müəllim tərəfindən qorunub saxlanılır.

Mirzə Ağaəli Əziz oğlu Əliyev 1941-ci ilin yanvarında 63 yaşında Lənkəranda vəfat etmişdir.

Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1978-ci ildə Lənkəran Şəhər Diyarşünaslıq Muzeyinə Mirzə Ağaəli Əliyevin adı verilmişdir.

Onu da qeyd edək ki, bu il Mirzə Ağaəli Əliyevin anadan olmasının 135, onun adını daşıyan Lənkəran Diyarşünaslıq Muzeyinin isə 35 illiyi tamam olur.

 

Azad ZÜLALOĞLU

 

Lənkəran rayonu

 

Azərbaycan.- 2013.- 17 fevral.- S.7.