Avropa Oyunlarının Azərbaycanda keçirilməsi

 ölkəmizə göstərilən böyük etimaddır

 

Bu gün dinindən, dilindən, irqindən asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya Oyunları dünyanın ən mötəbər idman tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmır, oyunlarda layiqincə təmsil olunmağa çalışır. Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, Olimpiya Oyunlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, sosial-mədəni həyatının göstəricisidir. Burada əldə edilən nailiyyətlər beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını nümayiş etdirir.

1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsi ilə ölkədə olimpiya hərəkatının, bütövlükdə idmanın inkişafında yeni mərhələ başladı. İlk növbədə, olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarıldı, işə əngəl törədən amillər müəyyənləşdirildi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görüldü.

Azərbaycanın Olimpiya Oyunlarında layiqincə təmsil olunmasını təmin etmək, beynəlxalq idman əlaqələrinin qurulması və MOK-u beynəlxalq olimpiya ailəsinin nüfuzlu üzvünə çevirmək, idmanın bütün növlərini inkişaf etdirmək, idmançılar üçün təlim-məşq toplanışlarını təşkil etmək, onların sosial vəziyyətini yaxşılaşdırmaq, idmançı uğurunu və əməyini qiymətləndirmək, ölkədə idmanın maddi-texniki bazasını müasirləşdirmək, beynəlxalq turnirlərin Azərbaycana salınmasına nail olmaq, belə yarışları tələb olunan səviyyədə təşkil etmək, beynəlxalq və qitə olimpiya komitələrinin, digər beynəlxalq idman qurumlarının tədbirlərinə fəal qoşulmaq, idmanın kütləviliyini artırmaq, uşaq və yeniyetmələri idmana cəlb etmək kimi məsələlər MOK-un fəaliyyətinin başlıca istiqamətləri oldu.

Beləliklə, cənab İlham Əliyev MOK-un prezidenti seçiləndən sonra ölkədə bədən tərbiyəsi və idmanın inkişafı geniş vüsət aldı, bu sahədə sistemli işlər görüldü. Onun sayəsində Azərbaycan başda Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatlar olmaqla dünyanın bütün idman qurumları ilə sıx əlaqələr yaratdı. Son illər bu əlaqələr daha da genişlənmişdir. Bunu beynəlxalq idman təşkilatları rəhbərlərinin Bakıya müntəzəm səfərləri və ölkəmizdə keçirilən mötəbər idman yarışları da təsdiq edir.

İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti sayəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Hazırda Azərbaycan təkcə müəyyən kateqoriyalı beynəlxalq turnirlərin deyil, eyni zamanda qitə və dünya çempionatlarının keçirildiyi ölkədir.

BOK, eləcə də digər qitə və regional idman təşkilatları ilə ikitərəfli əlaqələrin möhkəmlənməsi, ilk növbədə, mübadilə, qarşılıqlı əməkdaşlıq və beynəlxalq aləmə çıxış üçün vacibdir. Dövlət başçısının beynəlxalq və regional idman təşkilatlarının rəhbərləri ilə keçirdiyi görüşlərin hər birində onun ölkəmizi maksimum təbliğ etmək, ona diqqəti artırmaq istəyi və bacarığı özünü əyani göstərir. Zaman keçdikcə bu görüşlərin əhəmiyyəti, ölkə idmanının yüksələn tempindən savayı, yarış və digər çeşidli tədbirlərin təşkilatçısı kimi Azərbaycanın uğurları özünü qabarıq şəkildə göstərməyə başladı. Hər bir məsələdə olduğu kimi, belə görüşlərdə də faktlar, dəlillər, təminat və imkanlar, məqsəd və məram həlledici olur.

Məhz bunun nəticəsi olaraq ötən il dekabr ayının 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qitədə ilk dəfə təşkil olunacaq bu mötəbər idman tədbirinin məhz Azərbaycana həvalə edilməsi beynəlxalq və Avropa olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir.

Bununla bağlı Avropa Oyunlarını keçirmək üçün təşkilat komitəsi yaradılmış, Prezident İlham Əliyevin sədrliyi ilə təşkilat komitəsinin ilk iclası keçirilmişdir. İclasda çıxış edən dövlət başçısı bildirmişdir ki, bu gün Azərbaycanın mötəbər beynəlxalq tədbirlərini təşkil etməkdə gözəl təcrübəsi var. Azərbaycanda mütəmadi olaraq dünyaAvropa miqyaslı turnirlər keçirilir: "Keçən il ilk dəfə olaraq futbol üzrə qızlar arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və şəhərimizin qonaqları Azərbaycan xalqının qonaqpərvərliyini hiss etmiş və ölkəmizdə gedən sürətli inkişaf prosesini izləmişlər. FİFA və UEFA rəhbərliyi tərəfindən bu çempionatın keçirilməsinə və bizim təşkilatçılıq qabiliyyətimizə çox yüksək qiymət verilmişdir. Yəni biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar tətbiq edirik. Bu artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə keçirilirhesab edirəm ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcəkdir".

Avropa Oyunlarının Bakıda təşkili haqqında qərar 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla təsdiqlənmişdir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, beynəlxalq aləmdə mövqeyininnüfuzunun get-gedə möhkəmlənməsi onun bu mötəbər tədbirə uğurla ev sahibliyi edəcəyini göstərir.

Bu gün dövlət başçısının rəhbərliyi altında həyata keçirilən düşünülmüş siyasət, ardıcıl və məqsədyönlü fəaliyyət Azərbaycanda idmanın kütləviliyini təmin etmiş, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırmışdır. Son on il ərzində Azərbaycan 300-ə yaxın beynəlxalq səviyyəli idman turnirini yüksək səviyyədə təşkil etmişdir. Bu turnirlərin, o cümlədən  bir çox idman növləri üzrə dünyaAvropa çempionatlarının Bakı şəhərində təşkilinin ənənəvi hal alması, eyni zamanda, AOK-un ölkəmizə etibarını artırmışdır.

Cənab İlham Əliyevinin qeyd etdiyi kimi, müstəqillik dövründə idmançılarımızın Olimpiya Oyunlarında qazandığı uğurlar da belə nüfuzlu tədbirlərin Azərbaycanda keçirilməsinə imkan yaradır: "Azərbaycan bu gün dünyadaAvropada idman dövləti kimi tanınır. İdmançılarımızın uğurları həm Avropa, həm dünya çempionatlarında, həm də Olimpiya Oyunlarında özünü göstərir. London Yay Olimpiya Oyunlarında Azərbaycan tarixi qələbə - 10 medal qazanmışdır və Avropa ölkələri arasında 15-ci yerə layiq görülmüşdür. Əlbəttə ki, idmançıların uğurlu çıxışları bu oyunların Bakıda keçirilməsinə müsbət təsir göstərmişdir. Əlbəttə ki, digər amillər də öz rolunu oynamışdır. Ancaq əsas amillər bunlardan ibarətdir".

Fərəhli haldır ki, bu gün MOK-un qazandığı nüfuz, göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür.  2016-cı ildə XXXI və 2020-ci ildə XXXII Yay Olimpiya Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi, FİDE-nin qərarına əsasən, ölkəmizin 2015-ci ildə Dünya Kubokunun və 2016-cı ildə Şahmat Olimpiadasının Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idmanolimpiya aləminin Azərbaycana marağını daha da artırmışdır. Ona görə də ilk Avropa Oyunlarının paytaxtımızda keçirilməsi barədə qərarın qəbul edilməsi təsadüfi deyil.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2013.- 19 fevral.- S.4.