«BTC mənim kəndimdən keçir»

 

Kəmərboyu ərazilərin sakinləri bu sözləri iftixarla deyirlər

 

 Azərbaycan neftini və qazını dünya bazarlarına nəql edən kəmərlər ölkəmizin ərazisində onlarca şəhər, rayon mərkəzi və kənddən keçir. Təkcə Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri respublikamızın 13 bölgəsindən keçərək Səngəçal terminalından Ağstafada Azərbaycan-Gürcüstan sərhədinədək çatır. Məlum olduğu kimi, Cənubi Qafqaz Boru Kəməri (CQBK) də BTC ilə eyni dəhliz boyu uzanır.

Karbohidrogen ehtiyatlarını ixrac edən kəmərlərin təhlükəsizliyi mühüm əhəmiyyət daşıyır. Odur ki, onlar istismara verildiyi vaxtdan bu məqsədlə dövlət səviyyəsində ardıcıl tədbirlər görülür. Bunlardan biri də Azərbaycan hökuməti və BP şirkəti arasında 2007-ci il noyabrın 13-də imzalanmış "İkitərəfli Təhlükəsizlik Protokolu"dur. Bu, BTC, CQBK, QİBK (Qərb İxrac Boru Kəməri), ŞİBK (Şimal İxrac Boru Kəməri), AÇG ("Azəri-Çıraq-Günəşli"), "Şahdəniz" yataqları və Səngəçal terminalı qurğuları ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi zamanı təhlükəsizlik və insan hüquqları prinsiplərinin tətbiqi ilə bağlı protokoldur. Bu protokol 2008-ci il mayın 15-də ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə qüvvəyə minib. Daha sonra kəmərboyu rayonların icra hakimiyyətlərində "İxrac Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə" komissiya yaradılıb. Sözügedən rayonların hər birində belə komissiya təşkil olunub. Bu komissiyaların əsasnaməsinə kəmərlərin təhlükəsizliyinə yerli əhalinin, o cümlədən məktəblilərin cəlb edilməsi də daxildir.

Komissiyaların apardıqları nəticəsində kəmərboyu ərazilərin əhalisi yaşadığı yerdən keçən boru xətləri barədə çox şey bilir. Məsələn, BTC və CQBK-nın mühafizə zolağının 58 metr enində olduğuburaya hərəsi 8 metr enində iki boru kəməri dəhlizi arasında 20 metrlik və dəhlizlərin qurtaracağında 11 metrlik sahənin daxil edildiyi barədə sakinlərin ətraflı məlumatı var.

Əhali onu da bilir ki, kəmərlərin təhlükəsizliyinin təmin edilməsində hər kəsin üzərinə müəyyən vəzifələr düşür. Ona görə də yerli sakinlər kəmərlərin mühafizə və məsləhətləşmə zonalarında nəzərdə tutulan qadağalar barədə məlumatlıdırlar və onlara riayət edirlər. Kəmərlərin fəaliyyətinə təhlükə törədə biləcək hər hansı bir hal müşahidə edildikdə "114" qaynar xəttinə müraciət etməyin vacib olduğunu da hamı yaxşı bilir.

Bütün bunların nəticəsidir ki, kəmərlərə və onların fəaliyyətinə əsassız maraq göstərənlər, istirahət, ovçuluq, yaxud balıqçılıq niyyətilə dəhliz adlanan əraziyə gələnlər sakinlərin nəzərindən heç vaxt yayına bilməz. Onlar eləcə də kəmərboyu yaşayış məntəqələrində şübhəli şəxsləri, icazə olmadan boru xətlərinin yerüstü qurğularının şəklini çəkən, burada naməlum əşya quraşdıran adamları görəndə dərhal reaksiya verirlər. Əhali həmçinin ərazidə yanğının baş verməsi, gecə vaxtlarında kəmərlərin dəhlizində qazma işlərinin aparılması və digər bu kimi hadisələrə qarşı da son dərəcə ayıq-sayıqdır.

Kəmərboyu bölgələrin sakinlərinin sərvaxtlığı sayəsində icazə verilməyən yerlərdə otların yandırılması, işarə və nişanların sındırılması, mühafizə zonasında tikinti, suvarmaşumlama işlərinin aparılması, qadağan olunan sahələrdə, boru xətti üzərində avtomobil keçidlərinin və yolların salınması kimi hallar baş vermir.

Sevindirici haldır ki, kəmərlərin təhlükəsizliyinin qorunmasında məktəbyaşlı uşaqlar da fəal iştirak edirlər. Keçən il 136 kəndin uşaqlarının təhsil aldığı 108 məktəbdə 4500-ə qədər şagird təhlükəsizlik sahəsində prezentasiyalar keçib. Onlara kəmərlərin təhlükəsizliyi ilə bağlı bilgilər verilib.   "Heydər Əliyevin şah əsəri BTC kəndimizdən keçir" inşa müsabiqəsində rayonlar üzrə qalib gələnlər yekun tura qatılıblar. Nəticədə üç qalib müəyyən edilib. Onlardan birincisi Ucar rayonunun Bağırbəyli kəndindən olan məktəbli Təranə Bəkirovadır. İkinciüçüncü yerlər isə Kürdəmir rayonundakı 2 nömrəli orta məktəbin şagirdi Aytac Ağazadəyə və Yevlaxın Nemətabad kənd məktəbində oxuyan İlham Seyfəddinova qismət olub.

İxrac boru kəmərləri keçən rayonların icra hakimiyyətlərində "İxrac Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə" yaradılmış komissiyanın bu günlərdə 2012-ci ilin yekunlarına həsr etdiyi yığıncağında adları çəkilən məktəblilərə hədiyyələr - kompyuterlər bağışlandı. Qaliblər yığıncağın keçirildiyi Xüsusi Dövlət Mühafizə Xidməti İxrac NeftQaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Səngəçal regionlar şöbəsinin inzibati tədris binasından birbaşa Xəzər Enerji Mərkəzinə yola düşdülər. Səngəçal terminalının ərazisində yerləşən bu mərkəzdə onlar Azərbaycanın neft tarixi, eləcə də indi ölkəmizin dünyanın enerji təhlükəsizliyindəki mühüm rolu haqqında ətraflı məlumat əldə etdilər. Uşaqlar, eləcə də onlarla birlikdə olan valideynləri və müəllimləri bir daha  fəxr etdilər ki, BTC onların kəndindən keçir.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2013.- 19 fevral.- S.5.