Sənət işığının sönməzliyi

 

Ötən əsrin 70-ci illərində Cahangir Qarayevin adı dillər əzbərinə çevrilmişdi. O, dayanmadan, saatlarla caz, rok, klassik musiqiləri özünəməxsus bir şövqlə ifa edərdi. Nə özündən əvvəlki, nə də müasirlərinə bənzəyən bu pianoçu heç kimi təkrarlamazdı. O dövrdə Bakıda mürəkkəb əsərlərin ilk ifaçısı kimi məşhurlaşan bu istedadlı şəxsiyyət həmkarlarının və tələbə dostlarının söylədiyi kimi, hərtərəfli bir sənətkar idi. Onun ifalarını heç zaman səhv salmaq olmazdı. Dinləyən kimi bilirdin ki, şirmayı dillərdə möcüzə qoparan məhz Cahangir Qarayevdir. Bu da onun güclü musiqi duyumundan, improvizasiya bacarığından, dərin təfəkküründən və özünəməxsus ifaçılıq xüsusiyyətlərindən doğurdu. Onun qisməti həmişə sürəkli alqışlar və gül dəstələri olardı. Bəzən bu alqışlar o qədər uzun çəkərdi ki, Cahangir dəfələrlə səhnəyə qayıdar, öz tamaşaçılarının arzularını yerinə yetirərdi. Mütəxəssislərin fikrincə, klassik Avropa musiqisini muğamlarla improvizə olunmuş orijinal bir şəkildə ifa etməkdə Cahangir Qarayevin əvəzi yox idi. Hər kəs onun gələcəyinə, böyük zirvələr fəth edəcəyinə inanırdı.

İstedadlı insanların qəribə taleyi olur. Həyat heç də həmişə onların üzünə gülmür. Sevilirlər, tanınırlar, bununla bərabər, təəssüf ki, istedad onlara sonadək yar olmur. Özünü təsdiqləyir, sevilir, amma həyatın öz amansız qanunları da var. Bəzən düz yolda elə döngələr, kəsişmələr yaranır ki, bir addımlıq zirvəyə əlin uzalı qalır...

Elə də uzun ömür sürmədi Cahangir Qarayev. Əgər ömür vəfa etsəydi, bu ay onun 63 yaşı tamam olacaqdı. Bütün varlığı ilə musiqiyə, onun qeyri-adi səslənməsinə bağlı olan bu istedadlı ifaçının, pedaqoqun ürəyi ona etibarsızlıq etdi. Heç kəsin ağlına gəlməzdi ki, bu sənətkarın ömür çırağı belə qəfil sönəcək. Amma bir təsəlli var ki, sənət işığı əbədilikdir. Onun musiqisi heç zaman gözlərini əbədi yummayacaq. Kompakt disklərində aranjeman etdiyi əsərləri var. Televiziyaradiomuzun Qızıl Fondunda Cahangir Qarayevin səsləndirdiyi musiqilər saxlanılır. Yəqin ki, gələcəkdə bu unudulmaz musiqiçi ilə bağlı maraqlı verilişlər də hazırlanar. Ömrü boyu qeyri-adi ifası ilə insanlara mənəvi zövq bəxş edən, qəlbləri heyrətləndirən, ehtizaza gətirən insanı kim unudar ki?!

O, 1950-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Gözünü açandan dünya şöhrətli bəstəkar, doğma əmisi Qara Qarayevin musiqiləri onun ruhuna təsir etmişdi. Əslində, uşaq vaxtı onun gələcəkdə hansı sənətin arxasınca getməsi o qədər də dəqiq bəlli deyildi. Sinif yoldaşlarının da söylədiyi kimi, Cahangir uşaqlıqda gözəl futbol oynayırdı, ədəbiyyatı dərindən bilirdi, musiqi aşiqi idi, bütün fənləri əla oxuyurdu. Müəllimlər onu sevirdilər. Ünvanına həmişə bu sözlər deyilərdi: "Cahangir olduqca istedadlı bir uşaqdır". Hansı işin qulpundan yapışsa, öhdəsindən bacarıqla gələrdi. Təbii ki, ailədən gələn təsir, genlərin möcüzəsi, qarşıdakı o böyük dağın əzəmətli işığı Cahangiri musiqi aləminə bağladı. Əvvəlcə Bülbül adına orta ixtisas musiqi məktəbində oxudu, sonra Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirdi, aspiranturada təhsil aldı. Qısa vaxt ərzində onun fərqli və mükəmməl ifası gənc musiqiçiyə geniş şöhrət gətirdi. Keçmiş Sovet İttifaqının müxtəlif şəhərlərində keçirilən elə bir forum, festvial tapılmazdı ki, Cahangir Qarayev orada Azərbaycanın fortepiano musiqisi və ifaçılıq sənətini uğurla təmsil etməsin. 1973-cü ildə Almatıda keçirilən "AsiyaAfrika ölkələrinin musiqi tribunası"nda, 1975-ci ildə Tbilisidə gerçəkləşən "Zaqafqaziya baharı" festivalında Cahangir Qarayev respublikamızı müvəffəqiyyətlə təmsil etdi.

Ötən əsrin 80-ci illərində mətbuat səhifələrində də Cahangir Qarayevin qeyri-adi ifaçılığı haqqında maraqlı məlumatlar, mütəxəssis fikirləri yer alırdı. Bəstəkar Firəngiz Əlizadə 1981-ci ildə onun qeyri-adi konserti barədə qəzetdə dərc etdirdiyi məqaləsində yazırdı: "O, dayanmadan, saatlarla caz, rok, klassik musiqilər ifa edə bilər... O, hərtərəfli istedada malikdir". Həmişə də konsertlərində tamaşaçılara bir sürprizi olardı. Səsləndirdiyi simfoniyalara milli musiqimizdən nümunələr salardı. Nəticədə qeyri-adi bir musiqi yaranardı. Tamaşaçılar isə bu gözlənilən improvizələri böyük rəğbətlə qarşılayardılar.

İndi Bəstəkarlar İttifaqının sədri olan Firəngiz Əlizadə vaxtilə Cahangirlə birlikdə həm Bülbül adına musiqi məktəbində, həm də konservatoriyada təhsil alıb. O günləri xiffətlə xatırlayan Firəngiz xanım öz tələbə yoldaşı haqqında böyük ehtiramla danışır: "Məktəbdə hamının sevimlisi idi. Bu insanın üzü həmişə gülürdü. Boylu-buxunlu, yaraşıqlı oğlan idi. Hamını valeh edirdi. Allah ona böyük musiqi istedadı vermişdi. Qeyri-adi bir pianoçu idi. Klassik bəstəkarlardan Baxın, Bethovenin əsərlərini yüksək səviyyədə ifa edirdi. Bizim imtahanlarımız açıq keçirilərdi, kim istəsə zalda oturub dinləyə bilərdi. Biz həmişə onun ifalarına valeh olurduq. Çünki Cahangirin təkrarolunmaz ifası vardı. O, musiqini çox asanlıqla aranjeman edirdi. Bir melodiyanı müxtəlif versiyalarda səsləndirərdi. Onun improvizələri təkrarsız idi. O dövrdə ona çatan pianoçu yox idi. O vaxtlar bizi konservatoriyadan qrup şəklində festivallara göndərərdilər. Biz axı konservatoriyada da bir yerdə oxumuşduq. Cahangirin çox gözəl yol yoldaşlığı vardı. Səmimi, nəzakətli, son dərəcə həssas bir insan idi. Konservatoriyanı bitirdikdən sonra bir neçə dəfə Bəstəkarlar İttifaqında konsertlər verdi. Onun musiqi aləminə gətirdiyi yeniliklər barədə mətbuatda maraqlı yazılar gedirdi. Mən özüm də sənət dostumun istedadı haqqında yazmışdım. O, işıqlı və gözəl bir insan idi. Heyf ki, ömrü yarıda qırıldı. Amma bilirəm ki, onun musiqilərinin işığı əbədidir və heç zaman sönməyəcək!

Cahangir Qarayevi yaxından tanıyanların hansına üz tutduqsa, eyni münasibəti, eyni hörməti və ehtiramı hiss etdik. Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, uzun illər onunla eyni kafedrada çalışan, əməkdar incəsənət xadimi Oqtay Abbasquliyev və başqaları çox dərin bir kədərlə Cahangir Qarayev haqqında keçmiş zamanda danışmağın çətinliyindən söz açdılar. Bütün deyilənlərin də mayasında bir fikir əsas tutulurdu ki, Cahangir Qarayev seçdiyi klassik musiqiləri elə yüksək səviyyədə və qeyri-adi tərzdə ifa edib ki, onu eşidənlər heç zaman unuda bilməzlər. Onun ifasında səslənən hər bir musiqi əsərinin ahəngində qəribə bir işıq vardı. Cahangir Qarayevin həyat verdiyi musiqilərin az qala şəkli görünürdü.

Uzun illər Bakı Musiqi Akademiyasında çalışan, fortepiano kafedrasında müəllim işləyən Cahangir Qarayevin tələbələri vardı. Onun ustad pedaqoqluğu elə bir zirvəyə çatdı ki, az vaxt ərzində tələbələr özləri üçün kurs müəllimi seçəndə ancaq Cahangir Qarayevin adını çəkirdilər. Bu səbəbdən də onun sinfinə düşmək üçün tələbələr həmişə növbəyə dayanırdılar. Bunun bir səbəbi də Cahangir Qarayevin gənclərə göstərdiyi həssas münasibət və qayğıkeşliklə bağlı idi. İstər müəllim yoldaşlrı, istərsə də ondan dərs alanlar ehtiramla etiraf edirlər ki, Cahangir müəllim musiqini nə qədər sevirdisə, bildiklərini də tələbələrinə eyni məhəbbətlə öyrədərdi. Gələcək kadrların mükəmməl yetişməsində Cahangir Qarayev təcrübəsini və məharətini onlardan əsirgəmirdi. Bir musiqiçipedaqoq kimi onu yaşadan, unutmağa qoymayan məziyyətlərdən biri də elə budur!

...Qarayevlər ailəsində doğuldu. Nəsli, şəcərəsi Azərbaycanda məşhur idi. Bu nəsildə ulu babasından, nənəsindən üzübəri elmin, mədəniyyətin, ədəbiyyatın, səhiyyənin müxtəlif sahələrində parlayan, adlarını tarixə yazan şəxsiyyətlər olub. Ulu Tanrı sanki bu nəsli seçərək və sevərək yaratmışdı. Bilmirəm, valideynləri hansı istəklə onun adını Cahangir qoymuşdular. Xatirələrdən bəlli olur ki, heç cahangirliyi olmayan Cahangir Qarayev son dərəcə sadə, təvazökar, həssas ürəkli, qabiliyyətli bir şəxsiyyət kimi onu tanıyanların qəlbində dərin iz saldı. Zərif duyğular sahibi idi. Bəlkə də ona görə ürəyinin dərdləndiyi bu məqamda - anası Böyükxanımın vəfatından sonra çox yaşamadı. Bu müqəddəs insanın qırxı çıxmamış sənətkar oğul da dünyasını dəyişdi.

Əslində, Cahangir Qarayev şərəfli bir fəaliyyətin - əsl musiqiçi ömrünün sahibi oldu. Azərbaycan musiqisinə öz töhfələrini verdi. Adını mədəniyyət tariximizə əbədi həkk etdirdi. Onun ifa etdiyi əsərlər səsləndikcə Cahangir Qarayevyada düşəcək!

 

 

 

Flora XƏLİLZADƏ,

Azərbaycan.-2013.- 19 fevral.- S.7.