Dövlət başçısı xalqla birgə olduğunu sübut etdi

 

İdarəçilikdə xalqa bağlılıq xalqın özünü dövlətə

 daha yaxın hiss etməsinə şərait yaradır

 

 Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı iti bir uzaqgörənlik nümunəsidir. Ölkə ictimaiyyəti arasında Prezidentin çıxışı ilə bağlı aparılan müzakirələrdən görünür ki, xalq birmənalı olaraq İlham Əliyevi dəstəkləyir. Hələ prezident seçilərkən "Mən hər bir vətəndaşın Prezidenti olacağam" - deyən dövlət başçısı bir daha xalqla birgə olduğunu sübut etdi. Eyni zamanda, bəzi məmurlara insanlara arxa durmamaqda xəbərdarlıq etdi: "Hər birinə demişəm ki, gedin insanlara arxa durun, gedin köməklik göstərin, gedin insanlara hörmət edin. Amma bəzi hallarda mən bunu görmürəm. Görməyəndə də tədbirlər görürəm".

Prezidentin konfransdakı çıxışını ölkə ictimaiyyəti yüksək qiymətləndirir. Politoloqlar, siyasətçilər də dövlət başçısının haqlı tənqidlərindən çoxlarının nəticə çıxaracağına inanırlar.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov: "2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda bütün sahələrə toxunulmuşdur. Konfransda aqrar sahənin inkişafı və bu sahədə vəziyyətlə bağlı məsələlər müzakirə olundu. Prezident İlham Əliyev aqrar sahənin inkişaf etdirilməsi üçün  tövsiyə və tapşırıqlarını verdi. Məlumdur ki, aqrar sahənin inkişafı üçün 10 milyon manat vəsaitin ayrılması çox böyük qayğının təzahürüdür. Çünki bu sahə inkişaf etməlidir ki, ölkəmiz gələcəkdə özünü bütün ərzaq məhsulları ilə təmin etsin. Bu baxımdan, bu sahəyə hər zaman diqqət və qayğı göstərilib. Qeyd edim ki, bu konfransda  bir sıra ictimai-sosial məsələlərə də toxunuldu. Belə ki, vəzifədə işləyən məmurların və onların ailə üzvlərinin özbaşınalığı, harınladığı haqda fikir səsləndirildi. Qeyd olundu ki, heç kəsin özünü belə aparmağa ixtiyarı yoxdur. Müşavirədə ölkə başçısı İlham Əliyevin toxunduğu bu kimi digər məsələləri də yüksək qiymətləndirirəm".

Milli Məclisin deputatı Musa Quliyev: "Sonuncu konfransda ölkə başçısı İlham Əliyevin söylədiyi proqram xarakterli tövsiyələrini, tapşırıqlarını və xəbərdarlıqlarını yüksək dəyərləndirirəm. Bu, həm Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsinin başlanmasına, həm də Azərbaycanda ictimai-siyasi, sosial münasibətlərin, xüsusilə də vətəndaşla məmur arasındakı münasibətlərin və mənəvi dəyərlərin qorunub saxlanılması, yüksəldilməsi sahəsində işlərin yeni bir proqramı deməkdir. Ölkə başçısının nitqində və verilən hesabatlarda aydın şəkildə göstərildi ki, bu proqram uğurlu şəkildə həyata keçirilib. Bu proqram bütövlükdə Azərbaycanın son on illikdəki inkişafının ümumi mənzərəsini əks etdirən sənəd kimi əhəmiyyətlidir. Regionlarının sosial-iqtisadi inkişafı artıq Azərbaycan vətəndaşının sosial həyatına və şəxsi həyatına təsir etməkdədir. Bu proqram təkcə yeniləşmək, abadlaşmaq, yolların çəkilməsi proqramı deyil, həm də bütövlükdə Azərbaycan həyatının yeni günün tələbləri səviyyəsində qurulmasıdır. Artıq regionlarda yerlərinin olması məsələsi problem deyil, hətta başqa ölkələrdən Azərbaycana işçi miqrantlar gəlirlər. "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın iki dövrü arxada qalır. Artıq yeni proqram həyata keçiriləcəkdir. Bu yeni proqram Azərbaycan insanının daha yüksək səviyyədə təmininə, yeni sosial dəyərlərin artırılmasına xidmət edəcəkdir. Azərbaycan 2023-cü ilə qədər dünyanın ən inkişaf etmiş dövlətinə çevriləcəkdir".

Milli Məclisin deputatı Fərəc Quliyev: "Hesab edirəm ki, bu cür xəbərdarlıq məmurlarda ciddi məsuliyyətin yaranmasına səbəb olacaq. Mən çox sevindim ki, Prezident məhz bu məsələyə diqqət ayırdı. İstənilən cəmiyyətdə məmurlar millətin xidmətində durmağı bacarmalıdır. Yalnız bundan sonra vətəndaşların onlara etibarı arta bilər. Azərbaycan xalqı öz məmurundan qorxacaqsa, onda heç bir irəliləyişimiz də olmayacaq. Ümid edirəm ki, Prezidentin çıxışı yalnız kampaniya xarakteri daşımayacaq və məmurlar bildirilən iradlardan ciddi nəticə çıxaracaq. Belə olsa, hər şey saat mexanizmi kimi işləyəcək. Mən millətimə güvənirəm. Bilirəm ki, onunla yaxşı rəftar olunsa, dövlət kimi böyük nailiyyətlərə imza ata bilərik".

Milli Məclisin deputatı Musa Qasımlı: "Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən konfransda dövlət başçısının nitqini diqqətlə dinlədim. Bu nitq prinsipial əhəmiyyət daşıyır. Əvvəlcə ölkə həyatında görülən işlər, qazanılan uğurlar,  qarşıda duran konkret hədəflər aydın şəkildə göstərildi. Sonra isə Prezident bəzi məmurların və onların övladlarının nalayiq hərəkətləri ilə bağlı iradlarını bildirdi. Bunu tamamilə  bəyənirəm. Məmur özünü sadə, təvazökar, xalqa yaxın aparmalıdır, hakimiyyətin nüfuzuna xələl gətirməməlidir. Ümumiyyətlə, mən güclü dövlətin, güclü hakimiyyətin tərəfdarı olan bir şəxsəm. Dövlət güclü olmasa, hakimiyyət güclü olmasa, vətəndaş rahat, təhlükəsiz şəraitdə yaşaya bilməz. Yalnız güclü dövlət insanların rifahını təmin edə bilər. Bu baxımdan mən hesab edirəm ki, cənab Prezidentin nitqi ciddi xəbərdarlıq idi. Məmurlar bundan özləri üçün bir nəticə çıxarmalıdırlar".

"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev: "Azərbaycanda qəbul edilən proqramların və məqsədyönlü fəaliyyətin məqsədi birdir - müstəqil Azərbaycanı inkişaf etdirmək. Bu məqsədə çatmaq üçün Azərbaycanda güclü insan kapitalını formalaşdırmaq məsələsi qarşımızda duran əsas vəzifədir. Cənab Prezidentin gənclərə göstərdiyi diqqət və qayğı hər kəsə məlumdur. "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə" Dövlət Proqramı bir daha onu sübut edir ki, bu gün ölkəmizdə insan kapitalının inkişafı üçün gözəl şərait yaradılıb və biz gənclərin əsas vəzifəsi bizə olan etimadı doğrultmaqdır. Ümummilli liderimiz demişdir: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır". Prezidentin sədrliyi ilə keçirilən konfrans bir daha sübut etdi ki, dövlət başçısı hər zaman xalqın yanındadır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin mərkəzində insan amili durur. "Qara qızılın insan kapitalına çevrilməsi" Azərbaycan Prezidentinin ölkənin gələcək inkişafına həssas yanaşmasının, ölkə iqtisadiyyatının innovativ intellektual potensiala malik olması istiqamətində fəaliyyətinin bariz nümunəsidir. Məmurların vəzifəsi isə xalqa xidmət etməkdir və heç bir məmur xalqın və onun Prezidentinin ona bəslədiyi etimaddan sui-istifadə etməməlidir. Tarix boyu sübut olunmuşdur ki, istənilən dövlətdə məmur və hakimiyyət nümayəndələrinin sözləri ilə əməllərinin üst-üstə düşməsi dövlətçilik üçün vacib şərtdir. Prezident də məmurlara məhz bunu xatırladaraq dövlətin dayağı olan xalqın etimadını hər zaman doğrultmağa nail olmuşdur. İdarəçilikdə xalqa bağlılıq və səmimilik xalqın özünü dövlətə daha yaxın hiss etməsinə şərait yaradır ki, bu da həm dövlətçiliyin möhkəmləndirilməsində, həm də hakimiyyət və xalq arasında əlaqələrin qırılmaz və möhkəm olmasında əvəzsiz rol oynayır. Biz gənclər də cənab Prezidenti özümüzə nümunə götürməli, onun yolu ilə addımlamalıyıq, çünki yalnız hazırkı yol inkişafauğura aparır. Biz "İRƏLİ" İctimai Birliyi olaraq cənab Prezidentin siyasətini dəstəkləyir və gənclərin nümayəndəsi olaraq hər zaman bizə olan etimadı doğrultmağa çalışacağıq.

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.- 20 fevral.- S.2.