Kolumbiya Senatının üzvü Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmişdir

 

Kolumbiya Senatının xarici əlaqələr komitəsinin üzvü Aleksandra Pirakive Azərbaycan Prezidentinə və Milli Məclisin sədrinə Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar məktub göndərmişdir.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev fevralın 19-da demişdir. Bildirilmişdir ki, senator məktubunda Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqı ilə həmrəyliyini ifadə etmişdir.

Məktubda vurğulanmışdır ki, Kolumbiya Senatı Azərbaycan xalqının iztirablarını anlayır və faciənin günahkarlarını qınayır. Zorakılıq unudulmamalıdır və bu cür vəhşiliklərin qarşısının alınması üçün səylərin göstərilməsi vacibdir.

Xocalı soyqırımının dünyada tanınmasının ildən-ilə genişləndiyini qeyd edən E.Abdullayev demişdir: "İnsanlığa qarşı bu qəddar cinayətlərin günahkarları əməllərinə görə cavab verəcəklər. Bu, Azərbaycan xarici siyasətinin prioritetlərindən biridir".

 

 

Azərbaycan.-2013.- 20 fevral.- S.2.