Tədqiqatçı alim

 

Tanınmış tədqiqatçı alim, almanşünas, klassik şairimiz Mirzə Şəfini xalqımıza daha çox tanıtmaqda misilsiz xidmətləri olan filologiya elmləri doktoru, professor Akif Bayramovun 75 yaşı tamam oldu.

Ötən əsrin altmışıncı illərində Azərbaycanda o vaxtlar çox az ədəbiyyat mütəxəssisinə bəlli olan Mirzə Şəfi Vazeh haqqında dövri mətbuatda olduqca maraqlı, tarixi sənədlərə söykənən yazılar dərc olunmağa başladı. Bu yazıların müəllifi xarici ölkədən - Almaniya arxiv və mətbuatından Mirzə Şəfinin şeir incilərini böyük zəhmət hesabına üzə çıxaran gənc tədqiqatçı Akif Bayramov idi.

Sonralar tale elə gətirdi ki, onunla eyni ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda işə başladıq. Xoş simalı, üzügülər, mehriban va sadə insan olan Akif müəllimlə ilk tanışlıqdan aramızda səmimi ünsiyyət yarandı.

Akif Əmirxan oğlu Bayramov 1938-ci il fevralın 20-də Borçalı mahalının Arıxlı kəndində dünyaya göz açıb. O, ailənin ən kiçiyi idi. Bu ailədə hamı, valideynlər də, uşaqlar da zəhmətsevər idilər. Akif əməksevərliyi ilə daha çox fərqlənirdi. Yaxşı oxuyur, məktəbin ictimai həyatında fəal iştirak edirdi. Orta məktəbi qurtarandan sonra Bakıya gəlib Xarici Dillər İnstitutunun alman dili şöbəsinə daxil oldu. Tələbəlik illərində alman dilinə mükəmməl yiyələnməklə yanaşı, almanların Azərbaycan xalqı ilə mədəni əlaqələri haqqında xeyli məlumat əldə etdi.

İnstitutu bitirib Borçalıya dönür. O vaxtlar xarici dil müəlliminə yerlərdə çox böyük ehtiyac vardı. Bir müddət kəndlərində müəllim işlədi. Eyni zamanda, axşam fəhlə-gənclər məktəbində direktor oldu. Az vaxtda biliyi, işgüzarlıgı, təşkilatçılığı ilə rayonda tanındı. Bu cəhətlərinə görə 1964-cü ildə onu Bolnisi rayon komsomol komitəsinin birinci katibi vəzifəsinə irəli çəkdilər. O, az müddətdə burada da özünün işgüzarlığı ilə tanındı. Xarici ölkələrdə dəfələrlə gənclərin yığıncağında iştirak etdi. Ancaq arzusu təhsilini davam etdirmək, tələbəlik illərində başladığı elmi araşdırmaları başa çatdırmaq idi.

Bu məqsədlə yenidən Bakıya gəldi. Bir müddət "Azərbaycan müəllimi" qəzetində xüsusi müxbir işlədi. Burada onu yenidən komsomol işinə irəli çəkdilər. Azərbaycan Respublika Komsomolu Mərkəzi Komitəsində, sonra bir neçə il respublika Daxili İşlər Nazirliyində işlədi. Daxili İşlər orqanlarında işləyərkən Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda professor Kamran Məmmədovun rəhbərliyi altında "Mirzə Şəfi Vazehin ədəbi irsi sovetalman məxəzlərində" adlı elmi götürdü. Bu müqayisəli tədqiqat idi. 1978-ci ildə namizədlik dissertasiyasını müdafiə etdi. Bununla kifayətlənməyib, tədqiqat işini davam etdirdi. 1989-cu ildə Azərbaycan Dövlət Universitetində "Klassik Azərbaycan ədəbiyyatı alman dilində" mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi.

Bu əsərdə Akif müəllim Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Xəqaninin, Mirzə Şəfi Vazehin əsərlərinin alman dilində nəşr olunmasından, onların tərcümə səviyyəsindən bəhs edir, alman ədəbiyyatşünasları ilə elmi mübahisələr aparırdı. Onun alman mütəxəssisləri ilə Mirzə Şəfi Vazeh - Bodenştedt münasibətləri barədə elmi diskussiyaları, cəsarətli sübutları o vaxtlar ədəbi ictimaiyyət arasında böyük maraq doğururdu. Həmin illərdə Akif müəllim dövri mətbuatda Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı haqqında silsilə məqalələr dərc etdirdi. Bir cəhəti də qeyd etmək lazımdır ki, Mirzə Şəfi Vazehalman şairi, tərcüməçisi Bodenştedt arasındakı münasibətlərə o, çox real yanaşmış, bu məsələdə Bodenştedtin plagiatlığını sübut etməklə yanaşı, əməyini də qeyd edib, əsl həqiqəti meydana çıxarıb. Bəlkə də Bodenştedt olmasaydı, Mirzə Şəfi Vazeh kimi şair bu qədər tanınmayacaqdı. Bodenştedt öz müəlliminin - M.Ş.Vazehin şeirlərini toplayıb nəşr etdirib. Həmin şeirlər sırasında bizim başqa klassiklərin əsərlərinin olduğunu da ilk dəfə Akif müəllim müəyyənləşdirmişdir.

1984-cü ildə Akif müəllim pedaqoji işə keçib. 1993-cu ilə kimi Gəncə Kənd Təsərrüfatı İnstitutunda əvvəlcə dosent, sonra isə professor kimi fəaliyyət göstərmişdir. 1993-cü ildə keçmiş Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda professor, kafedra müdiri, 1999-cu ildən isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dillər kafedrasının müdiri kimi fəaliyyət göstərir. Akif müəllimin xarici dil dərslərinin tədrisində özünəməxsus dəst-xətti var. O, 1986-cı ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun tələbələri üçün alman dilində "Metodik göstəriş" dərs vəsaitini, 2002-ci ildə isə Humanitar ali məktəblərin tələbələri üçün "Alman dilindən minimum lüğət" vəsaitini hazırlayıb çap etdirmişdir.

Onun elmi-publisistik əsərləri bununla bitmir. O, "Klassik irsimizdən" (1975), "Mirzə Şəfi Vazehin ədəbi irsi" (1980), "Nizaminin Almaniyada böyük şöhrəti" (1987. rus dilində), "Klassik Azərbaycan ədəbiyyatı alman dilində" (1992) əsərləri işıq üzü görmüşdür.

A.Bayramov Fridrix Bodenştedtin "Mirzə Şəfi haqqında xatirələr" kitabını alman dilindən Azərbaycan dilinə çevirmiş, "Qərb ədəbiyyatı Azərbaycan filoloji fikrində" (2007-ci il) adlı kitabını nəşr etdirmişdir.

Onun yazdığı pyes şeirləri oxucu rəğbətini qazanmışdır. "Qaytarılmış məhəbbət" pyesi Gəncə Dövlət Dram Teatrında səhnəyə qoyulmuş, "Dost məhəbbəti", "Sevinc", "Mirzə Şəfi Vazeh", "Səni axtarıram" pyesləri müxtəlif illərdə respublika televiziyası ilə göstərilmişdir.

Akif müəllim 2008-ci ildə amerikalı yazıçı Barbara Şolin Franses Manuşkinin rəhbərliyi ilə MDB üzrə Moskvada keçirilən uşaq ədəbiyyatına dair "Ən yaxşı yazarlar" sorğu müsabiqəsinə yazdığı hekayəyə görə mükafata layiq görülmüşdür.

Professor A.Bayramov təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da yaxşı tanınır. O, Rusiya Pedaqoji Sosial Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, respublikanın əməkdar müəllimidir.

Akif müəllim yaradıcılığını indi davam etdirir. Axı o həm şirin şeirlər müəllifidir. Dövlət İdarəçilik Akademiyasında keçirilən elmi konfrans toplantılarda məruzə çıxışları da daim böyük maraqla qarşılanır.

Onlarca elmlər doktoru, elmlər namizədi yetişdirən alim bir neçə ali məktəbdə Müdafiə Şurasının üzvü kimi fəaliyyət göstərir.

 

 

Musa QULUZADƏ,

Azərbaycan Respublikasının Prezidenti

 yanında Dövlət İdarəçilik Akademiyasının

şöbə müdiri, tarix elmləri doktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Azərbaycan.-2013.- 20 fevral.- S.8.