Mallardan dövlətin xeyrinə imtina edilməsi qaydası

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 332-ci maddəsinə əsasən hazırlanmışdır və mallardan dövlətin xeyrinə imtina edilməsi qaydasını müəyyən edir.

1.2. Xarici mallardanson istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər.

1.3. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları və vergilər tutulmur, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmir.

1.4. Mallardan dövlətin xeyrinə imtina edilməsi bu Qaydaya uyğun olaraq gömrük orqanının icazəsi ilə həyata keçirilir.

1.5. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır.

 

 

2. Mallardan dövlətin xeyrinə imtina edilməsi şərtləri

2.1. İxrac gömrük proseduru, son istifadə, daxili tranzitya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, dövlətin xeyrinə imtina olunanadək gömrük nəzarəti altında olurlar.

2.2. Aşağıdakı mallardan dövlətin xeyrinə imtina edilə bilməz:

2.2.1. Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağan edilmiş mallardan;

2.2.2. bu Qaydanın əlavəsində göstərilən mallardan;

2.2.3. dövlətin xeyrinə imtina edilməsi dövlət üçün hər hansı bir xərcə səbəb ola bilən mallardan;

2.2.4. malların dəyəri gömrük orqanının onların satılması ilə bağlı xərclərini ödəyə bilməyən mallardan;

2.2.5. yararlılıq müddəti keçmişya texniki normaların və standartların tələblərinə cavab verməyən mallardan.

2.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi üçün icazə verilməsinə dair qərar gömrük orqanının rəhbəri (onu əvəz edən şəxs) tərəfindən qəbul edilir.

2.4. Gömrük orqanları daşıyıcıya, anbar sahibinə və ya başqa şəxslərə malların daşınması, saxlanılması, yüklənməsi və digər əməliyyatların aparılması ilə bağlı xərcləri ödəmir.

2.5. Qanunvericiliklə müəyyən edilmiş hallarda gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına məhdudiyyət qoyulmuş mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icazə sənədlərinin təqdim edilməsi şərtilə həyata keçirilir.

 

3. Mallardan dövlətin xeyrinə imtina edilməsi zamanı gömrük rəsmiləşdirilməsinin aparılması

3.1. Dövlətin xeyrinə imtina edilən malların gömrük rəsmiləşdirilməsi həmin malların yerləşdiyi ərazi gömrük orqanında gömrük nəzarəti zonasında həyata keçirilir.

3.2. Mallardan dövlət xeyrinə imtina edilərkən sənədlər gömrük orqanına elektron və ya kağız üzərində yazılı formada verilə bilər.

 

 4. Yekun müddəalar

4.1. Mallardan dövlətin xeyrinə imtina edən  şəxs malları öz vəsaiti hesabına gömrük orqanının təyin etdiyi yerə gətirməlidir.

4.2. Şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar dövlət mülkiyyətinə keçirilmiş mallardır və onlar barədə sərəncam verilməsi Gömrük Məcəlləsinin 57-ci fəslinə uyğun qaydada həyata keçirilir.

4.3. Bu Qaydaya uyğun olaraq, mallardan dövlətin xeyrinə imtina edildikdə, həmin mallar üzrə yaranmış gömrük borcu ləğv edilir.

 

 

Azərbaycan.-2013.- 21 fevral.- S.2.